Azərbaycanda bütün qadınların əmək şəraiti zərərli və ağır olan iş yerlərində işləməsi ilə bağlı qoyulan məhdudiyyətin aradan qaldırılması, yalnız hamilə və himayəsində 3 yaşınadək uşağı olan qadınların belə iş yerlərində işləməsinə qadağa qoyulması üçün təkliflər hazırlanır.
Shafaqadogru.com xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Onun sözlərinə görə, Əmək Məcəlləsinə əsasən, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.
T.İbrahimova qeyd edib ki, Əmək Məcəlləsindən irəli gələrək Nazirlər Kabineti 1999-cu ildə "Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısı"nı təsdiqləyib. Bu siyahıda qadın əməyinin tətbiqinin qadağan olunduğu 600-ə qədər iş yerinin adı qeyd edilib. Siyahıdakı iş yerləri kənd təsərrüfatı, emal və qida sənayesi, neft-qaz hasilatı, metallurgiya sahəsi və s. sahələrə aiddir. Həmin sahələrdəki işlərin əksəriyyəti məhz ağır yükqaldırma, zərərli maddələrin istehsalı ilə əlaqəlidir.
Bu siyahının ölkədəki əmək qabiliyyətli bütün qadınlara şamil edildiyini deyən T.İbrahimova əlavə edib ki, siyahının təsdiq edildiyi vaxtdan sonrakı müddətdə bəzi peşələr üzrə istifadə edilən avadanlıq və texnika müasirləşib. Buna görə də artıq həmin işlərə ağır iş yerləri demək olmaz:
"Bu gün həmin o siyahıda göstərilən bəzi peşələr üzrə avadanlıqlar, texnikalar müasirləşdiyindən qadınlar üçün həmin iş yerlərində kişilərlə bərabər işləməsinə qadağa qoya bilmərik. Çünki, bu, özü ayrı-seçkiliyə gətirib çıxarır. Bu amilləri nəzərə alaraq, "Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeralatı işlərin siyahısı"nın yenilənməsi vacibdir. Qadın əməyinin tətbiqinin qadağa olunduğu iş yerlərinin də bütün qadınlara deyil, yalnız hamilə və himayəsində 3 yaşınadək uşağı olan qadınlara aid edilməsi düzgün olar".
T.İbrahimova bildirib ki, həm Avropa Şurası, həm digər beynəlxalq təşkilatların ekspertləri Azərbaycan qanunvericiliyininin təhlilini apardıqdan sonra ölkəmizə də bu məsələyə baxılaraq qadağanın yalnız hamilə və himayəsində körpə uşağı olan qadınlara şamil edilməsini tövsiyə edib.
O, artıq Moldova, Ukrayna qanunvericiliyində bu istiqamətdə dəyişikliklərin olduğunu, hazırda Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstanda, Qırğızıstanda bu məsələyə baxıldığını da nəzərə çatdırıb.
Komitə rəsmisi əlavə edib ki, Əmək Məcəlləsinin 241-ci maddəsinə əsasən, qadınların müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi də qadağandır. Məcəllə əsasında qadınların ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması və əl ilə qaldırılıb başqa yerə daşınması, 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınmasına icazə verilmir:
"Yəqin ki, müasir texnikologiyanın tətbiqi ilə əlaqədar olaraq, gələcəkdə Əmək Məcəlləsində bu qadağaların da aradan qaldırılmasına baxıla bilər".