Koronavirus dünyada can almaqda davam edir. Amma bu virus təkcə tibbi bəlaya çevrilməyib, bir sıra başqa sahələrə də öz mənfi təsirini göstərir. Məsələn, bir sıra dünya ölkələrinin iqtisadiyyatlarına ciddi zərbə vurub.
Bəs koronavirus Azərbaycan iqtisadiyyatına necə təsir edir? AYNA-ya şərhində iqtisadçı-ekspert Samir Əliyev deyib ki, virusun yayılması ölkəmizin iqtisadiyyatına təsirsiz ötüşməyib.
"Artıq mənfi təsirlərini görürük. Bazarda bəzi məhsulların qiymətində ciddi artım müşahidə olunur. Çünki Azərbaycan Rusiya və Türkiyədən sonra ən çox məhsulu Çindən idxal edir. Çində baş verən hadisələr və oradan mal gətirilməsinə qoyulan məhdudiyətlər bazarda mal qıtlığına səbəb olur. Çinin alternativi olan Türkiyədə isə həm məhsul bahadır, həm də tam çatdıra bilmir. Belə davam etsə, bazarda qiymətlər daha da artacaq. Nəzərə alaq ki, İran ilə də sərhədləri bağlamışıq. Deməli, cənub qonşumuzdan aldığımız məhsullar da bahalaşacaq”, - Əliyev bildirib.
Ekspert əlavə edib ki, koronavirus neftin qiymətinə də ciddi təsir göstərir: "Koronavirusun qısa müddətdə çarəsini tapacaqlarsa, o zaman problem dərinləşməyəcək. Amma 4-5 aydan çox bu vəziyyət davam etsə, problem daha da dərinləşəcək”.
S.Əliyev koronavirusun turizm sektoruna təsirlərindən də danışıb: "Danılmaz faktdır ki, Azərbaycan turizmdə yenidir və son illər daha çox turisti cəlb edə bilmişdi. Virusun Azərbaycanda da tapılması turistləri Azərbaycana gəlmək fikrindən daşındırır. Mehmanxana xidmətinə də ciddi təsir göstərir. İctimai iaşə obyektlərinin, restoranların biznesinə ciddi təsir edir. Virus, eyni zamanda əhalinin bir hissəsinin gəlirlərinə də təsir edir. Məsələn, İrandan məhsul alaraq Azərbaycanda satanlar problemlə üz-üzədirlər”.
"Ümumiyyətlə, koronavirus iqtisadiyyat üçün çox böyük bir problemdir. Bu, nə 2008-2009-cu illərdə dünyada baş verən qlobal böhrandır, nə də 2015-ci ildə neftin qiymətinin düşməsi ilə bağlı baş verən devalvasiyadır. Koronavirus bunların ikisindən daha ciddi problemdir”, - müsahibimiz vurğulayıb.
"O ki qaldı yerli şirkətlərin inkişafına, bizdə yerli istehsal məhsulların da kökü xaricə bağlıdır. Xaricdən gələn xammalın hesabına şirkətlər qurulur. Ona görə də bizdə yerli şirkətlərin bu vəziyyətdən istifadə edib daha da inkişaf etməsindən söhbət gedə bilməz. Ona görə də yerli istehsal ucuzlaşmır, əksinə bahalaşır”, - deyə iqtisadçı diqqətə çatdırıb.