Azərbaycanda 12 yeni məhkəmə yaradılıb. Hakim ştatlarının sayı 200 vahid artırılıb, artıq hakimlərin fasiləsiz seçilməsi təcrübəsi yaradılıb. Ali Məhkəmənin qarşısında mühüm vəzifələr qoyulub. Adları qeyd olunan hakimlər birinci instansiya məhkəmələrinin hakimləri və sədrləri təyin ediliblər.
Əksər məhkəmə instansiyalarında sədr və hakim dəyişiklikləri olub, hakimlər yenilənib. Qaldı məhkəmələrdən Azərbaycan vətəndaşlarının illərdir intizarla gözlədiyi ədalətli hökmlər, qərarlar verilməsinin təmin olunması. Prezident növbəti islahatların məhkəmə hakimiyyətində olacağını demişdi. Məhkəmə hakimlərinin müstəqilliyi üçün nələr edilməlidir?
Tanınmış vəkil Əkrəm Həsənov deyir ki, prezidentin məhkəmələrlə bağlı verdiyi sərəncam keyfiyyətcə digərilərindən fərqlənir. "Bu yalnız ilk addımdır. Məhkəmə hakimiyyəti düzəlməsə, aparılan bütün islahatların əhəmiyyəti aydın məsələdir ki, olmayacaq. Azərbaycanda 3 pilləli məhkəmə sistemi var. 1-ci instansiya məhkəmələri - yəni rayon məhkəmələri, inzibati məhkəmələr və kommersiya məhkəmələri. Apelyasiya instansiyası və Ali Məhkəmə. Biz son sərəncamın icrası zamanı gördük ki, nəhayət ki, 1-ci instansiya məhkəmələrinə dürüst və bilikli insanlar gəldi. Amma eyni zamanda onu da nəzərə almaq lazımdır ki, 1-ci instansiya məhkəməsi qəbul etdiyi dürüst qərar apelyasiya instansiyasında ləğv oluna bilər. Ali Məhkəmədə, Konstitusiya Məhkəməsində də 1-ci instansiya məhkəməsinin qəbul etdiyi dürüst qərar ləğv oluna bilir. Düzdür, apelyasiya instansiyasına və Ali Məhkəməyə də yaxşı hakimlər gəlib. Amma bu instansiyaların rəhbərliyi dəyişməyib. Azərbaycan şəraitində isə bu, vəziyyəti qəlizləşdirir. Çünki Azərbaycan şəraitində məhkəmə sədrlərinin öz mülahizələrinə əsaslanan qərarlarından çox şey asılıdır” - deyə Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, bu gün dövlət idarəçiliyində gedən dəyişikliklər göz önündədir: "Çətin də olsa, proses gedir. Dövlət başçısı aşağıdan, yerli icra başçılarından dəyişimə qərar verib. Həbslərlə müşayiət olunan dəyişim yuxarıda oturanlara da çox ciddi bir mesajdır. Eynilə məhkəmə sistemində də dəyişim aşağılardan başlayıb. Əgər bu dəyişimlər yuxarılara qədər gəlib çıxmasa, effekt olmayacaq”.
Əkrəm Həsənov iqtisadi blokda olan dəyişikliklərə diqqət çəkib: "Nazirliklərin rəhbərləri dəyişdirilib, gənc kadrlar nazir vəzifəsinə təyinat alıblar. Dürüst, bilikli, geniş düşüncəli gənclər nazir təyin olunublar. Düzdür, aralarında işinin öhdəsindən gəlməyənlər də var. Hüquq-mühafizə sistemində rəhbər dyişiklikləri baş verdi. Daxili işlər naziri dəyişdi, baş prokuror dəyişdi. Ədliyyə və məhkəmə sistemində həmin dəyişikliyi görmürük. Bu isə ümumilikdə məhkəmə sistemində dəyişikliklərin istənilən səviyyəyə qalxmasına mane olan amildir. Ümid edirəm ki, ilin sonuna qədər bu sahədə də dəyişikliklərə şahidlik edəcəyik”.
Əkrəm Həsənov deyir ki, məhkəmələrə yeni təyin olunmuş hakimlər durumu müsbətə doğru dəyişmək iqtidarındadırlar: "Lakin onların verəcəkləri qərarlara rəhbərliklər tərəfindən müdaxilələr olacaqsa, bu baş tutmayanda yuxarı instansiyalar həmin qərarları ləğv edəcəklərsə, vəziyyət dəyişməyəcək. Yaxşı hakimlərə, dürüst hakimlərə bu gün məhkəmə sədrləri vacib işləri vermirlər. Sadəcə, vermirlər. Yaxşı hakim məhkəmə sədrinin tələbinə əməl etməyib qanunu üstün tutaraq ədalətli qərar verir. Bundan sonra həmin hakimə vacib, əhəmiyyətli işlər verilmir. Düzdür, soruşsaz deyəcəklər ki, işlər kompüter vasitəsilə avtomatik bölünür. Amma nəyə görə isə eyni şirkətlərin işləri eyni hakimlərin icraatına gedib düşür. Kompüter niyə belə üzgördülük edir bunu bilmirəm! 1-ci instansiya məhkəməsinin hakimi ədalətli qərar verir və apelyasiya instansiyasının, Ali Məhkəmə hakimlərinin ədalətsizliyini görür. Hətta Azərbaycanda Konstitusiya Məhkəməsinin özünə aid olmayan işlərə girişməsi halları da var. Ali Məhkəmədə 2018-ci ildə vəkillik etdiyim bir iş üzrə prinsipiallıq göstərdilər. Açıq-aşkar baş verən qanunsuzluqlara göz yummadılar, qanuni qərar verdilər. Hiss olunurdu ki, iş üzrə hakimlərə təzyiqlər var. Çünki prosesi 4 dəfə təxirə saldılar. Sonda ədalətli qərar verildi. Qərar dərc olunmamış Ali Məhkəmənin Plenumuna çıxarıldı və ləğv olundu. Bu baxımdan sıravi məhkəmə hakimlərinin durumu yaxşı deyil. Müstəqillik göstərən, qanunun tələbini üstün tutan hakimlər rəhbərlikləri tərəfindən daim təzyiqə məruz qalırlar”.
Əkrəm Həsənov deyir ki, ötən il prezidentin imzaladığı "Məhkəmə-hüquq islahatları haqqında” fərman hakimlərin müstəqilliyi istiqamətində atılan müsbət addımdır: "Təsəvvür edin ki, bu fərmana qədər təkcə dəftərxana xərcləri hakimlərin əmək haqqının əhəmiyyətli hissəsini yeyirdi. Fərmanda dəftərxana xərclərinin birbaşa hakimlərin özlərinə verilməsi göstərildi. Hakimlərin maaşları bu gün pis deyil, amma iş yükünün çoxluğuna, keyfiyyətli iş üçün tələbkarlığı da yetərli deyil. Hakimlərin iş yükü çox olmaqla yanaşı köməkçilərinin də maaşı olduqca aşağıdır. Ali hüquq təhsilli hakim köməkçiləri, katiblər 300-500 manat maaş alırlar. Hakim də məcbur olub öz cibindən onlara əlavələr verir. Bu gün çox təəssüf ki, Azərbaycanda məhkəmə sədrlərindən çox şey asılıdır. Əslində isə məhkəmə sədrinin işi inzibatçılıqdır. Amma Azərbaycanda belə deyil. Məhkəmələrdə məruzə sistemi var. Bu qeyri-rəsmi sistemdir və bu haqda açıq danışan yoxdur. Əslində hakim baxdığı işi heç kəslə müzakirə etməməlidir. Bu gün Azərbaycan məhkəmələrində isə belə qayda var. Hər həftə sədr hakimləri bir yerə yığır və hər birindən soruşur ki, hansı işlərə baxacaq. Hakim də məruzə etməlidir ki, nə işə baxır. Bundan sonra məhkəmə sədri deyir ki, get və işə belə, bu qaydada bax. Bu kobud prosessual pozuntudur və belə olmamalıdır. Bu isə məhkəmələrdəki vəziyyətin dəyişməsini tormozlayan əsas amildir”.
Əkrəm Həsənov deyir ki, prezidentin ötən ilin aprelində verdiyi fərman məhkəmə-hüquq islahatlarının genişlənməsinə, hakimlərin maddi təminatının yaxşılaşmasına yol açıb: "Hakimlərin müstəqilliyini təmin etmək üçün onların maaşına bir daha baxılmalıdır. Katiblərin, köməkçilərin maaşı da azı 2 dəfə qaldırılmalıdır. Hakim aldığı maaşdan katiblərə, köməkçilərə əlavə pul vermək məcburiyyəti ilə üz-üzə qalmamalıdır. Atılan addımlar vəziyyətin dəyişməsi istiqamətində bir ilkdir. Ardı, davamı olmalı, məhkəmələr qanunun hər hərfinə riayət etməlidirlər. Yalnız bu halda islahatlar hədəfə çatacaq”.
"Yeni Müsavat”