Qlobal pandemiya böhranı Azərbaycandan da yan keçməyib.
Karantin müddətində bir çox iş yerlərinin bağlanması və neft gəlirlərinin kəskin azalması manata təzyiqləri artırıb. Bu amil isə devalvasiya məsələsini gündəmə gətirib. Bir çox ekspertlərin devalvasiya ehtimalı fikri ilə yanaşı, "PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımovun hazırkı şəraitdə devalvasiya olacağına inanmadıqlarını söyləməsi və son günlərdə neft qiymətində artımın müşahidə olunması ümidverici görünür.
OPEK prezidenti Məhəmməd Ərkabın da 2020-ci ilin ikinci yarısından neftin qiymətinin 40 dollara qədər bahalaşacağını deməsi hazırda manata olan təzyiqlərin də azalacağını söyləməyə əsas verir.
"Cümhuriyət”ə açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli hökumətin manatın məzənnəsini sentyabradək sabit saxlamağa çalışacağını deyib:
"İndiki zamanda bütün valyutalar kimi, manatın da ucuzlaşması iqtisadi baxımdan realdır. Yəni əgər manat üzən məzənnə ilə tənzimlənsəydi, hazırda onun ucuzlaşması müşahidə olunardı. Lakin bilirik ki, manat Milli Bank tərəfindən inzibati yollarla tənzimlənir. Ona görə də manata nə qədər təzyiqlər olsa da, bu, hökumətin tənzimləmə qərarından asılıdır. Tənzimlənmə qərarı isə Azərbaycan hökumətinin valyuta ehtiyatlarına bağlıdır. Nə qədər ki, valyuta ehtiyatları var, hökumət neftin qiyməti sabitləşənə qədər manatın məzənnəsini sabit saxlamağa çalışacaq. Neftin qiymətinin sentyabrda sabitləşəcəyi gözlənilir. Əgər bu baş tutarsa, manatın devalvasiya təhlükəsi azalacaq. O vaxta qədər isə ola bilər ki, manat cüzi ucuzlaşsın. Tutaq ki, hazırda 1 dollar 1 manat 70 qəpikdirsə, ola bilər 1 manat 80 qəpik olsun. Yəni manatın yumşaq ucuzlaşmasına gedilə bilər. Dövlət devalvasiyaya o zaman gedir ki, neftdən gələn gəlirləri manatın müəyyən olunan dəyəri qədər artırsın. Yəni 1 milyon dollar 1 milyon 800 min manat olarsa, neftdən gələn gəlirlər də o həcmdə artmalıdır. Hazırda isə neftdən gələn gəlirlərin maliyyə qaynağı kimi istifadə edilməsi mümkün deyil. Çünki gələn gəlir çox azdır. Yəni devalvasiya, hökumətin qəbul edəcəyi qərardan və götürəcəyi strategiyadan asılı olan bir şeydir. Düşünürəm ki, hökumət imkan daxilində manatın kursunun sabit saxlanmasına çalışacaq. Hazırda atılan addımlar, bankların vətəndaşlara kredit verməsinin dayandırılmaması da onu göstərir ki, hökumət maksimum imkanlarından istifadə edərək manatın məzənnəsini sabit saxlayacaq. Sentyabrda neftin bareli 40-45 dollara qalxsa, manat üzərindən xəta sovuşacaq və əvvəlki qaydada tənzimlənməsi davam etdiriləcək”.
Ekspert manatın məzənnəsinin inzibati yolla tənzimlənməsini doğru hesab etməyib:
"Amma hesab edirəm ki, manatın inzibati qaydalarla tənzimlənməsi iqtisadi prinsip baxımından düzgün yol deyil. Perspektiv üçün indiki şəraitdən istifadə edib daxili istehsalı stimullaşdırıb, növbəti mərhələdə manatın üzən məzənnə prinsipinə keçirilməsi nəzərdə tutulmalıdır. Hazırda daxili istehsalın artırılması üçün münbit şərait var. Yəni pandemiya qloballaşmadan əsər-əlamət qoymadı. Bütün dövlətlər demək olar ki, ökdə daxilində natural təsərrüfat prinsipinə keçib. Azərbaycan hökuməti də məcburən buna keçəcək və keçir də. Hesab edirəm ki, müəyyən addımlar atılmalı və maliyyə amnistiyası verilməlidir ki, ölkədəki potensial kapitaldan istehsalın inkişafı üçün sərbəst istifadə olunsun. Post-pandemiya dövründə dünyada geniş investisiya portfelləri ortaya çıxacaq, iqtisadiyyatın dirçəldilməsi üçün geniş maliyyə resursları olacaq. Bu investisiyanı ölkəyə cəlb etmək üçün geniş sahibkarlıq imkanları yaradılmalıdır. Yəni həm daxili, həm də xarici kapitalın potensialından maksimum istifadə etmək üçün ölkədə geniş islahatlar aparılmalıdır. Bunlar bizim ənənəvi problemlərimizdir. Bir neçəsini sadalayıram: Müstəqil məhkəmələrin yaradılması, əmlaka zəmanət qaydalarının yaxşılaşdırılması, rəqabət mühitinin yaradılması, sahibkarlıq fəaliyyətinə əngəlləri aradan qaldırılması kimi addımlar atılıb qərarlar qəbul edilməlidir. Azərbaycan hökuməti bunları ardıcıl olaraq həyata keçirsə, bir il ərzində Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki vəziyyətə yox, ondan da bir qədər irəliyə doğru gedə bilər. Yəni Azərbaycan bu fürsətdən istifadə edə bilər. Əgər Azərbaycan hökuməti sadaladıqlarımı həyata keçirərsə, ona nə neftdən gələn gəlirlərdən istifadə çox vacib olmaz, nə də ölkədə işsizlik problemi çox olmaz. Ölkədə işsizliyin aradan qaldırılması üçün büdcədən çoxlu pullar ayrılır. Dövlət müəssisələrində iş ştatları şişirdilir və süni yollarla iş yerləri yaradılır. Əgər sadalanan layihələr həyata keçərsə, buna gərək də qalmayacaq. Bilirik ki, Azərbaycanda kifayət qədər milyonçular var. Amma onlar qeyri rəsmi olduğuna görə, öz imkanlarını ortaya qoya bilmirlər. Maliyyə amnistiyası olsa və dediyimiz işlər görülsə, həm yerli kapital ortaya çıxacaq, tam gücü ilə işləyəcək, həm də bizim ağlımıza gəlməyən sahələr yaradıla bilər. Məsələn, mən bir İrlandiya şirkəti ilə danışırdım. Ordan mənə dedilər ki, əgər Azərbaycandakı palçıq vulkanlarının istifadəsini bizə versələr, biz Azərbaycan hökumətinə neftən gələn gəlirlərin 30-40 faizi qədər mənfəət verə bilərik, yəni xalis dəyər verə bilərik. Ölkə daxilində münbit iqtisadi mühit yaransa, xarici kapitalın Azərbaycana marağı çox böyük olacaq”.