Təhlükəsizlik üzrə ekspertdən sensasion açıqlamalar
Təhlükəsizlik üzrə ekspert Ilham Ismayıl keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs olunmama səbəbləri barədə danışarkən maraqlı açıqlamalar verib. O, moderator.az saytına müsahibəsində bildirib ki, Eldar Mahmudov və dəstəsi bu günə hazır gəliblər: "Eldar Mahmudov 11 il 3 ay MTN şefi olub. Bu çox böyük bir zamandır. Yemelyanovdan sonra Eldar Mahmudov Azərbaycan xüsusi xidmət orqanlarında ikinci ən uzun müddətli rəhbər idi.
Yemelyanov 14 il rəhbər olub, Eldar Mahmudov 11 il 3 ay. Namiq Abbasov 9, Yusifzadə isə 8 il xüsusi xidmət orqanlarında rəhbər olub. Bu müddət ərzində Eldar Mahmudov hazırlaşıb. Eldar Mahmudov tək hazırlaşmayıb, dəstəsi də bu günlərə hazırlaşıb”.
Ekspert hazırlığın nədən ibarət olduğu barədə də fikirlərini bölüşüb: "Kim harada rüşvət verib, kim harada rüşvət alıb. Rüşvət və korrupsiya məsələləri isə aşağı ranqlı məmurlar arasında getmir, nazir, komitə sədrləri, daha yuxarı ranqlı məmurlar səviyyəsində gedir. O məmurlar arasında elə adamlar ola bilər ki, hakimiyyət üçün o adamın adının açıqlanması heç arzuolunan deyil. Ölkədə bu qədər nazir var, hakimiyyət onlardan cəmi 3-4-nün adının hallanmasını istəməz, yerdə qalanını isə bada verə bilər. 2800 ədəd video kasetdən 10-u maraqlıdır, bəlkə də 1-i maraqlıdır. Istər rüşvət məsələsi olsun, istər intim məsələ olsun. Yerdə qalan videogörüntülər nazirlər, komitə sədrləri, jurnalistlər, biznesmenlər, deputatlar haqqındadır, hakimiyyət onları bada verməyə bu dəqiqə də hazırdır. 2800 videonun hamısı hakimiyyət üçün nəzərdə tutulmayıb, amma elə şeylər var ki, sırf hakimiyyət üçün nəzərdə tutulub.
"Eldar Mahmudov niyə tutulmur?” sualına veriləcək ən sadə cavab, bu adamdan çəkinirlər. Hüququn bütün tələbləri imkan verir ki, bu adam həbs olunsun. Hətta səhlənkarlığa görə Eldar Mahmudovu tutmaq olar. Məlumatlar var ki, kənara kifayət qədər materiallar ötürülüb. Müəyyən adamlar var ki, xaricdədir. Yeri gələndə, sıxma-boğma olanda bir informasiya efirə çıxacaq, yayılacaq. Təxminən ona bənzər şeylər də oldu. Xüsusi ilə Beynəlxalq Bank ətrafında olan məsələlərlə bağlı olaraq onu sıxan şəxs haqqında informasiya getdi. Informasiya verən şəxs də dedi ki, bunu almışam. Belə informasiyalar adətən alınır ki, zamanında istifadə etsinlər. Xüsusi xidmət orqanlarında çox maraqlı işlər var. Kəşfiyyat, əks kəşfiyyat, onlar ən görünməyən tərəfləri görürlər. Onlar bu günki günə tam hazır gəliblər. Ona görə də, bir sıra adamlar işdən çıxarılır, ancaq heç adı belə çəkilmir. Bu təkcə həm də şantaj məsələsi deyil.
Burada zamanında siyasi tapşırıqlar və sifarişlər olub və o, dövlət naminə deyil, şəxsi maraqlar naminədir. Dövlətçilik naminə olmayıb. Dövlətin işi dövlətçilik naminə tapşırıq vermək, yönləndirmək və informasiya almaqdır. Ola bilsin hansısa tapşırıqlar olub, o tapşırıqları həyata keçirəndə cinayət baş verib. Bütün bunları keçərək heç inanmıram ki, bu vaxta hazırlıqsız gələlər. Əllərində hər şeyləri var. Hətta məlumata görə, Eldar Mahmudovun dəstəsinin əlində audio, video, foto sübutlar var. Bəzi adamlara heç təsir edə bilmirlər. Görünür o adamlar vaxtında elə tapşırıqlar yerinə yetirib ki, indi çəkinirlər”.\azadlıq\