Son günlər Yevlaxda koronavirusa yoluxma halları artıb. Rayon ərazisində virusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü "Qaraçılar məhəlləsi" adlanan küçənin sakinləridir.
Bu məqsədlə həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanır.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
Onun sözlərinə görə, məhəlləyə giriş-çıxışa məhdudiyyət qoyulub. "Məhəllədə yaşayan insanların bəziləri karantin rejiminin tətbiqini pozmağa çalışaraq məhəllədən çıxmağa cəhd ediblər. Onların da qarşısı alınıb. Bu səbəbdən onlar etiraz əlaməti olaraq toplaşıblar. Polis və Daxili Qoşunların hərbi qulluqçuları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb. Bundan sonra həmin şəxslər öz evlərinə qayıdıblar",- deyə nazirliyin sözçüsü bildirib.
Yevlax rayon polis şöbəsinin bölmə rəisi Famil Qasımov isə son vəziyyət ilə bağlı məlumat verib. O deyib ki, görülən tədbirlərdə məqsəd yoluxma halının qarşısını almaqdan ibarətdir.
Qeyd edək ki, TƏBİB həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb. Testin cavabları gələnə qədər məhəlləyə giriş-çıxışa qoyulmuş məhdudiyyət davam edəcək.
Rayon ərazisində aidiyyatı qurumlar tərəfindən də yoluxmanın qarşısını almaq üçün dezinfeksiya işləri davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: