Ədalət o zaman bərqərar olur ki, hamı qanun qarşısında bərabər olur. Hamı qanun qarşısında bərabər olanda, şah qanun olmur, qanun şah olur. Qanun şah olanda isə cəmiyyətdə haqq-ədalət olur.
Koronavirus yenicə yayılmağa başlayanda, çox az adam vəziyyətin ciddiliyini dərk edirdi. Yadımdadı, Türkiyə rəsmiləri vətəndaşları sosial məsafə saxlamağa çağıranda, hamı gülüb keçmişdi. Arxivimdə bir şəkil var, ilıq aprel günlərinin birində İstanbulda çəkilib. Dəniz kənarında adam o qədər çoxdur ki, iynə atsan, yerə düşməz. Aradan iki-üç gün keçəndən sonra Türkiyənin Səhiyyə Nazirliyi virusa yoluxanların sayında rekord artım qeydə alındığını açıqladı. Bu həmin vaxt idi ki, koronavirus Azərbaycana yenicə "ayaq açmışdı". Tez-tələsik bu adda bir köşə yazdım: "Dünən balıq tuturdular, bu gün koronavirusa tutulublar".
Həmin gündən etibarən koronavirusla bağll maarifləndirici aksiyaların fəal iştirakçısına çevrilmişəm. İnsanları qorumaq, bir-birimizin qeydinə qalmaq ən ümdə vəzifəmuz olmalıdır. Bizim başqa kimimiz var ki?!
Bəlli olduğu kimi, Operativ Qərargah ölkədə kütləvi tədbirlərin, o cümlədən, toy və yas mərasimlərinin keçirilməsini qadağan edib. Məncə, düz edib. Çünki virus ən çox bu cür məclislərdə yayılır. Mən bu qərarın doğruluğuna inandığım üçün hər yerdə təbliğat aparır, dost-tanışın təşkil etdiyi analoji məclislərə qatılmıram. Axırıncı dəfə ötən həftə AzTV-nin canlı efirində çənəm yorulana kimi bu mövzuda danışıb, insanları Operativ Qərargahın tövsiyyələrinı əməl etməyə çağırmışam. Dövlət "evdə qal" deyəndə, ailəmi başına yığıb evdə qalmışam, zərurət olmadıqca ayağımı ikiotaqlı, darısqal mənzilimdən kənara qoymamışam. Əgər dünən Azərbaycanda koronavirusdan bir nəfər belə ölməyibsə, bu, mənim kimi sadə insanların tövsiyyələrə əməl etməsi sayəsində mümkün olub.
Mətləbə keçmək istəyirəm. Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinə toy etməsiylə bağlı xəbər ölkənin informasia məkanında bomba kimi partladı. Mən Ramiz Mehdiyevin və yaxud ailə üzvlərindın birinin bu xəbəri təkzib etməsini gözlədiyim vaxt gəlinin atası, sabiq deputat İlham Əliyev cəmiyyətə meydan oxudu: "Heç kim bizim işimizə qarışa bilməz!"
Uca Allahdan bəylə gəlinə xoşbəxtlik arzulayıram. Qoşa qarısınlar, yarıyanlardan olsunlar. Amma bunu demədən keçə bilməyəcəm: toy və yas mərasimlərinin keçirilməsiylə bağlı qadağa qüvvədə olduğu bir vaxtda uzun illər dövlət idarəçiliyində məsul post tutmuş qocaman akademikin öz nəvəsinə toy etməsi, yumşaq dildə desək, saymamazlıqdır. Mən sabahdan axşama kimi xəbərlərin içində vurnuxuram. Necə olur ki, Ramiz Mehdiyev Azərbaycanın paytaxtında, polisin, prokurorun gözünün qabağında nəvəsinə toy edə bilir, amma Cəlilabadın dağlar qoynunda yerləşən Əsədli kəndində yaşayan naxırçı Əsgər oğluna sünnət edə bilmir? Necə olur ki, Şəkidə, Ucarda, Saatlıda toya qatılanları polis şöbəsinə aparıb cərimələyir, çiçəyi burnunda olan bəyi kamera qarşısına çıxarıb rüsvay edirlər, amma mehdiyevlərin təzə kürəkəninə "gözün üstə qaşın var" deyən olmur? Mənim kimi jurnalistlər, ziyalılar bundan sonra hansı üzlə xalqın qarşısına çıxıb, "toy etməyin" deyəcək? Bu xalq, bu camaat bizim üzümüzə tüpürməzmi?
Deyəsən, yuxarıda belə demişdik: ədalət o zaman bərqərar olur ki, hamı qanun qarşısında bərabər olur...
Təəssüf ki, ədaləti bərqarar etmək planımız bu dəfə baş tutmadı. Çünki Ramiz Mehdiyev özünü qanundan üstün tutdu...
Seymur VERDİZADƏ