Sualları Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev cavablandırıb.
Müsahibəni təqdim edirik.
– Razi müəllim, istərdik söhbətimizə ictimai-siyasi münasibətlər sistemində yeni siyasi konfiqurasiyanın yaranması ilə başlayaq. Bu kontekstdə bir neçə gün öncə sizin rəhbərlik etdiyiniz siyasi partiya da dövlət qeydiyyatına alındı. Yeni siyasi konfiqurasiya Azərbaycan xalqına və dövlətinə nə verir, yaxud nə verəcək?
– Uzun müddətdir ki, cəmiyyətimizdə sosial narazılıq var idi. Siyasi konfiqurasiyanın dəyişdirilməsi ilə bağlı həm müxalifət partiyaları, həm də bəzən iqtidar və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən çağırışlar edilir, mediada bununla bağlı yazılar dərc edilirdi. Belə görünür ki, cəmiyyətdə dəyişikliyə, doğrudan da, çoxdan ehtiyac var idi. Amma bu gün biz Ramiz Mehdiyevin və vəzifədən getmiş digər insanların timsalında şahidlik etdik ki, nəyə görə yeni siyasi konfiqurasiyanın qurulması, yeni siyasi situasiyanın yaradılması bu qədər gec oldu. Çünki 2008, 2010, 2013, 2015-ci il prezident və parlament seçkilərində siyasi konfiqurasiyanın dəyişdirilməsi, yeniliklərin olması, siyasi komandanın dəyişdirilməsi ilə bağlı müəyyən fikirlər olurdu və insanlarda inam da yaranırdı. Amma bu, baş vermirdi. Bu, 2018-ci ildə keçirilən prezident seçkisindən sonra özünü daha qabarıq büruzə verməyə başladı və bu gün biz onun nəticələrini görürük. Bu gün görürük ki, nəyə görə biz bu qədər zaman gözlədik. Demək ki, iqtidarın öz içərisində də "beşinci kolon” olub. Hərçənd ki, çox vaxt "beşinci kolon”un müxalifətdə olduğunu deyirlər. Təbii ki, müxalifətdə də "beşinci kolon”a aid insanlar var və müxalifətin içərisində də başqa qüvvələrlə, ola bilsin hətta xarici qüvvələrlə belə yaxından əməkdaşlıq edən insanlar var. Amma bu, həm də iqtidarın içində imiş. Ona görə də yeni siyasi konfiqurasiyanın qurulması prosesi bu qədər çətin keçdi. Bugünkü vəziyyət göstərir ki, bu proses hələ nə qədər çətinliklə başa çatacaq.
– Yəni hesab edirsiniz ki, yeni siyasi konfiqurasiyanın yaranmasına Ramiz Mehdiyev imkan vermirdi?
– Bilirsiniz, təkcə o deyil. Azərbaycanda belədir; kimsə bir vəzifəyə təyin olunursa, düşünür ki, o kreslo ömürlük onundur. Heç kim postunu itirmək istəmir. Bizdə istefa, vəzifədən könüllü ərizə yazıb getmək mədəniyyəti və ənənəsi yoxdur. Heç kim tutduğu vəzifədən getmək istəmir. Həm də ona görə ki, vəzifədən azad olunandan sonra başının bərk ağrıyacağını bilir. Çünki vəzifədə olduğu müddətdə xeyli qanunsuzluqlara yol verir, insanları incidirlər. Xalqın, siyasi partiyaların, vətəndaş cəmiyyəti nümayəndələrinin, hətta bir çox hallarda medianın belə nifrətini qazanırlar. Səlahiyyətlərini itirdikdən sonra həmin insanlar da onları tənqid etməyə başlayır, keçmişini qurdalayır, necə deyərlər, sandığı açır, pambığı çölə tökürlər və onlar çox əzab-əziyyət içində öz "sabiqliklərini” yaşamalı olurlar. Hərçənd, mənim üçün daha məqbul olardı ki, o insanlar yarıtmaz fəaliyyətinə görə vəzifədən azad olursa, onun bütün keçmişi analiz olunsun, məhkəmələr tərəfindən məhşər ayağına çəkilsin və qanunsuz yığdıqları da xalqın xeyrinə müsadirə edilsin. Bu, mütləq şəkildə belə olmalı idi.
Bu gün mən hələ də 2015-ci ildə iki dəfə devalvasiya baş verəndən sonra Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyevin, bir çox kiçik çaplı məmurların vəzifədən getməsi və bunun müqabilində ortaya çıxan həqiqətlərdən dəhşətə gəlirəm. Yalnız dövlət səviyyəsində təsdiq olunan 8 milyard dollar pul Azərbaycandan çıxarılıb. Bu, həmin vaxt 14-15 milyard manat edirdi. Azərbaycanın dövlət büdcəsinin 2020-ci il üzrə gəlirləri 24 milyard manatdır. Həmin vaxt isə dövlət büdcəsinin gəlirləri 17-18 milyard manat idi. Demək, Azərbaycanın dövlət büdcəsinin gəlirləri qədər vəsait xaricə çıxarılıb. Bu, hələ oğurlanan pulların görünən hissəsidir. Belə olan halda bunu edən şəxs "sabiq” olmaq istəyərmi? Əlbəttə, istəməz. Bilir ki, bütün cinayətləri aşkara çıxacaq. Ona görə də vəzifədən getmək istəmirlər. Amma insanlar vəzifəyə gəldikləri kimi təbii ki, müəyyən müddət işlədikdən sonra vəzifədən getməyi də bacarmalıdır.
– Ramiz Mehdiyevdən söz düşmüşkən, onun verdiyi bəyanatları necə dəyərləndirirsiniz?
– Vallah, inanın ki, mən ona ətraflı münasibət bildirmək istəmirəm. Çünki Ramiz Mehdiyev hazırda mənim üçün maraqlı şəxs deyil. Ona görə ki, Ramiz Mehdiyev haqqında daha nə deyilmədi? Mən onun haqqında yeni nə deyəcəm? Nə lazımdırsa, deyilib. Hər gün onun haqqında çoxlu insan danışır. Artıq bu məsələlər insanların marağında deyil. Kim Ramiz Mehdiyev haqqında danışırsa, o insanın özünü də qınayırlar ki, işin-gücün yoxdur?! Çünki camaat üçün bu məsələ maraqlı deyil. Camaat üçün maraqlıdır ki, sonda mən necə yaşayacam? Ramiz Mehdiyev administrasiyanın rəhbərliyindən getdi, indi müqavimət göstərir, Milli Elmlər Akademiyasının rəhbəri olaraq qalır. Hərçənd ki, hər bir kəs artıq onu dövlətə xəyanətdə ittiham etməyə başlayıb. İttiham edildiyi təqdirdə də Təhlükəsizlik Şurasının üzvü olaraq qalır, Azərbaycan elmini yönəldir və sair. Təbii ki, bunun da bir sonu olmalıdır. Mən düşünürəm ki, sonu da olacaq. Amma bütün bunlar xalqa heç nə vermir. Bunlar sadəcə müzakirələrdir. Xalq bilmək istəyir ki, xüsusi karantin rejimi nə vaxt bitəcək, yeni iş yerləri nə vaxt açılacaq, nə vaxt daha çox gəlir əldə edə biləcək? Sosial güzəştlər olacaqmı? Metro nə vaxt açılacaq? Biz ictimai nəqliyyatda – avtobusa nə vaxtadək basabasda işə gedib-gələcəyik? Nə vaxtadək üç-dörd saat işə gələndə, üç-dörd saat evə gedəndə vaxt itirəcəyik. Elə adamlar var gününün 5-6 saatı yola gedir.
Onları bu maraqlandırır. Artıq Ramiz Mehdiyevi və onunla bağlı açıqlamaları görəndə insanlarda normal hisslər yaranmır. Onlar əsəbiləşir və onu da, onun haqqında danışanı da söyür. Ona görə tənqid edir ki, daha bəsdir, o, bizə maraqlı deyil. Bizim üçün həyatımız maraqlıdır. Mən də xalqla həmrəyəm ki, Azərbaycan xalqının bu şəkildə yaşamasında, Azərbaycanda bugünkü problemlərin olmasında, bu qədər qanunsuzluqların baş verməsində, ədalətsiz məhkəmə qərarlarının qəbul olunmasında, hüquq-mühafizə orqanlarında, icra hakimiyyətlərində, bələdiyyələrdə olan problemlər, icra strukturlarında hələ də yarıtmaz fəaliyyət, büdcə vəsaitlərinin oğurlanması və xaricə çıxarılması və sair qanunsuzluqların baş verməsində birbaşa günahkarlardan biri Ramiz Mehdiyevdir. Ona görə də artıq yeni nə deyək ki? Bu məsələlər deyilib. İndi bununla bağlı hüquqi addımların atılması lazımdır və hakimiyyət orqanları hüquqi addım atmalıdır.
Təkcə o deyil. Bu gün də vəzifədə olan şəxslər var. O vəzifəli şəxslər Azərbaycan xalqının varidatını talayıblar, yeyiblər, dağıdıblar və bizi bu günə qoyublar. Bu gün xalq əziyyət içində yaşayır. Hər kəs narazıdır. Mən bir gündə 500 məktub alıram. İnsanların xəstələri var, xəstələrini cərrahiyyə əməliyyatı etdirə, onlara yazılan dərmanları gedib aptekdən ala bilmir. İnsanlar var ki, çox pis vəziyyətdə yaşayırlar. Heç kim acından ölmür, amma elə insanlar var ki, aylarla dilinə ət dəymir. Kimsə ona yardım versə, ət yeyə bilər. İnsanlar var ki, onlara 250 manatlıq iş yeri təklif olunur, işləmək istəmir. Deyir mənə 190 manat yardım ver. Düşünür ki, mən 190 manatı alım, 250 manatı neyləyirəm. Gedib dörd-beş saat yollarda qalacam, toz-torpağın, maşınların hisindən, tüstüsündən boğulacam. Evə də hisin-pasın içində, əsəbilərim korlanmış halda gələcəm. Nəyimə lazımdır? Oturum evdə 190 manatı alım. Bu gün insanlar düşünür nə vaxt bizə 500-600 manat minimum əməkhaqqı təklif olunacaq ki, mən gedib orada işləyim, ailəmi dolandıra bilim. İnsanlar düşünür ki, bəli, bu oğurlayıb, dağıdıb, indi cəzasını verin. İnsanlar o günahkarların nə vaxt cəzalandırılacağını gözləyir. Siz mənə sual verin ki, onlar cəzalandırılmalıdırmı? Mən də deyim ki, bəli, cəzalandırılmalıdır. Heç bir gün də gecikmək olmaz. Çünki Azərbaycan dövlətçiliyinin, hətta Azərbaycan Prezidentinin qarşısında onlar tərəfindən yaradılan bu problemləri aradan qaldırmaq üçün illər, vaxt yoxdur. Çünki bu gün qonşularımızdan, xaricdən, Azərbaycanın daxilindən olan müxtəlif qüvvələr tərəfindən dövlət üçün çox böyük sabotaj var.
Həmin qüvvələr küçələrin qana boyanmasında maraqlıdır. Düşünürlər ki, Azərbaycanda sabitlik yarananadək Qarabağ da əlimizdən gedəcək, Azərbaycanın müxtəlif bölgələrində böyük etnik problemlər yaradılacaq və ölkədə vətəndaş müharibəsi başlaya bilər. Bunun üçün də bu gün biz günahkarları cəzalandırmalı və cəmiyyəti saflaşdırmalıyıq. Cəmiyyəti saflaşdırandan sonra dəyişikliklər haqqında danışa bilərik. Bu gün çoxları mənə sual verir ki, siz müxalifət partiyasının sədrisiniz, prezidentliyə namizəd olmusunuz, amma partiyanızın hakimiyyətə gəlməsindən, özünüzün prezident olmaq istəyinizdən az danışırsınız. Ona görə ki, mən bunu bu gün real görmürəm. Bu gün bunun üçün heç bir əsaslar yoxdur və mən bunu edə bilmirəm. Amma mən də buna çalışsam, A da, B də, C də, D də buna çalışsa Azərbaycan qana dönər, ölkədə böyük ixtilaflar yaranar. Azərbaycanın hazırkı siyasi situasiyası, istebleşmenti, demokratik təsisatları və vətəndaşlarımızın birliyi, həmrəyliyimiz ona dəlalət etmir ki, bütün bunlar qansız-qadasız olacaq. Xeyr! Burada sakitcə hakimiyyət ötürülməsi, dəyişikliyi baş verə bilməz. Bu baş versə, Qarabağ gedir, Azərbaycan vətəndaş müharibəsinə sürüklənir, biz çevrilib Suriya, Əfqanıstan oluruq.
Bu gün Razi Nurullayev dövlətini, dövlətçiliyini, suverenliyini və müstəqilliyini düşündüyünə görə daha çox maraqlıdır ki, ölkədə demokratik təsisatlar formalaşsın, bizim alt yapımız olsun. Demokratikləşək, insanlarımız demokratik cəmiyyətin ab-havasını görsün və düşünsün ki, biz demokratik, aydın zəkalı bir xalq olaraq dövləti, dövlətçiliyimizi düşünməliyik. Kimin gəlib iqtidar olmasını bir kənara qoyuruq, biz dövlətçiliyimizi möhkəmləndiririk. Hakimiyyət dəyişikliyi olanda da bu, demokratik ölkələrdə olduğu kimi, qanunlara uyğun, sivil bir şəkildə həyata keçirilsin. Əgər bundan kənarda nəsə baş verəcəksə, buna razı ola bilmərəm. Mən istərdim ki, biz bu gün cəmiyyətdə bu məsələləri daha çox müzakirə edək. Çünki bu məsələlərdə böyük təhlükə görürəm. Bilirəm ki, iqtidara qarşı sabiq məmurlar birləşir, müəyyən iş adamları narazıdır. Eyni zamanda xaricdə yaranan "söyüş müxalifəti" narazıdır. Onların açıq çağırışları var ki, Azərbaycanda ancaq qanlı inqilab olmalıdır. Bu isə Azərbaycan dövlətçiliyinin məhv olması deməkdir. Biz isə demokratik cəmiyyət quruculuğunda maraqlıyıq. Biz maraqlıyıq ki, Azərbaycanda siyasi partiyalar sistemi inkişaf etsin. Siyasi partiyalar ən demokratik qanunçuluq yolları ilə dəyişikliyə gətirib çıxarsın.
– Sentyabrın 5-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşünüz olub. Ədalət Vəliyev partiyanın qeydiyyatdan keçməsi münasibətilə dövlət başçısı adından sizi təbrik edib və partiyanın fəaliyyətinə uğurlar arzulayıb. Dövlət başçısının sizi təbrik etməsini necə qiymətləndirirsiniz?
– Bu məqam da əslində yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. Dövlət başçısı indiyədək müxalif siyasi partiyaları təbrik etməmişdi. Bu, yalnız 2020-ci ildə baş verib. Prezident ilk olaraq mart ayında Novruz bayramı ilə əlaqədar bir sıra müxalif siyasi partiya rəhbərlərini təbrik etmişdi. İndi isə dövlət qeydiyyatına alınan iki siyasi partiyanın təmsilçisini – həm məni, həm də digər partiya sədrini təbrik edib.
Mən bunu yüksək qiymətləndirirəm. Əgər biz əvvəlki dövrlə müqayisə etsək, düşünürəm ki, dövlət başçısı səviyyəsində təbrik ünvanlanması Azərbaycanda köklü, kardinal dəyişiklikdir. Bu dəyişklik həm də yeniliklərin, islahatların alternativinin olmadığının, bunun yarımçıq saxlanılmasının qeyri-mümkün olmasının bariz nümunəsidir. Artıq geriyə yol yoxdur. İslahatlar, yeniliklər davam edəcək. Hazırkı templə davam etsə bir-iki il ərzində yekunlaşa bilər. Amma mən bunun daha da intensivləşdirilməsinin tərəfdarıyam. Çünki hazırda Azərbaycanda vəziyyət elədir ki, birbaşa ölkə başçısına təzyiqlər var. Belə bir vəziyyətdə Azərbaycanın müstəqilliyi və suverenliyi də təhlükə altına alınır.
Bu baxımdan islahatların, yeni siyasi konfiqurasiyanın oturuşması tez bir zamanda baş verməlidir. Amma təbii ki, hazırda baş verənləri, o cümlədən dövlət başçısının təbrikini yüksək qiymətləndirirəm. Düşünürəm ki, artıq bundan sonra həm bizim həllinə çalışdığımız məsələlərin, həm də hakimiyyət tərəfindən dialoq üçün bizə təklif olunan məsələlərin yüz faiz olmasa da, xeyli hissəsi bu və ya digər şəkildə həll olunacaq. Bu, cəmiyyətdə siyasi çəkişmənin tempini azaldacaq. Siyasi partiyalarla iqtidar arasında sivil münasibətlər formalaşmağa doğru gedəcək. Mən artıq bunun təzahürlərini görürəm. Bir çox siyasi partiyaların açıqlamalarında bunu görürəm. Kim bununla razılaşmasa, kim daha çox radikallıq göstərəcəksə mənə belə gəlir ki, cəmiyyət onları qəbul etməyəcək. Çünki cəmiyyət bu gün göstərilən hər bir siyasi, sosial fəaliyyətin, dövlətçilik fəaliyyətinin konkret müsbət nəticəsinin olmasını və bu müsbət nəticədən hər bir vətəndaşın yararlana bilməsini istəyir. Çünki uzun müddətdir, artıq 30 ilə yaxındır ki, cəmiyyətimizdə siyasi radikallıq var. Amma bu siyasi radikallıqla biz heç nəyə nail ola bilmədiyimizə görə insanlar da bundan yorulub. Müəyyən məsələlər ətrafında radikallıq göstərmək olar, amma onun həllinə nail olmaq üçün vasitələr olmalıdır. O vasitələr yoxdursa, ancaq quru qəhrəmanlıqdırsa, ancaq deyilirsə, tənqid olunursa, ortada xalq üçün nəticə yoxdursa, xalq onu qəbul etmir.
– Milli Məclisdə parta yoldaşınız partiyası sizin rəhbərlik etdiyiniz siyasi partiya ilə eyni gündə dövlət qeydiyyatına alınan Erkin Qədirlidir. Erkin müəllim bu günlərdə niyə sizin yanaşı əyləşməyinizlə bağlı sosial şəbəkədəki səhifəsində post yerləşdirmişdi. Sizin də bu məsələyə münasibətinizi bilmək istərdik. Bu məsələ necə tənzimlənib? Yaxud, niyə siz və Erkin Qədirli yanaşı əyləşmisiniz?
– Mən bu məsələnin xırdalığına getmək istəyirəm. Amma gedə bilmirəm. Çünki məlumatım çox azdır. Özüm bildiyim həqiqətləri deyəcəm. Açığı, bu barədə heç vaxt düşünməmişəm. Bununla bağlı parlament rəhbərliyinə və aparatına heç bir sorğu göndərməmişəm, üz-üzə gələndə soruşmamışam ki, nəyə görə belə olub? Bu, mənim üçün maraqlı olmayıb. Bir çoxları deyir ki, niyə sizi lap arxada oturdublar. Mənə belə gəlir ki, parlamentin aşağısı-yuxarısı olmur. Bütün deputatlar eyni hüquqlara malikdirlər. Amma mənim hətta YAP-çı deputatla əyləşməyim münasib bilinsəydi də buna etiraz etməzdim. Milli Məclisin 120 deputatı var və bir daha qeyd etmək istəyirəm ki, onların hamısının hüquqları bərabərdir. Biz orada uşaq kimi parta davası edə bilmərik. Hərçənd ki, ola bilsin hansısa deputat üçün qabaqda oturmaq daha yaxşıdır, hansısa yerdə əyləşmək daha prestijlidir və sair. İnanın ki, heç onları da dəqiqləşdirə bilməmişəm. Amma mən gördüm ki, bizim oturduğumuz arxa cərgədə çox hörmətli deputatlar, partiya sədrləri otururlar. Lap öndə danışmağı o qədər də sevməyən deputatlar əyləşib. Yaxud qadın-kişi fərqi qoyulmayıb. Bu məsələlər sadəcə olaraq kimlər üçünsə maraqlı ola bilər. Mənim üçün əyləşdiyim yer yaxşıdır və yanımda kimin əyləşməsi də mənim üçün o qədər önəm daşımır. Həqiqət budur.Teleqraf