"2021-2022-ci illərdə ciddi iqtisadi böhran gözlənilir”.
Bunu Teleqraf.com-a iqtisadçı Elman Sadıqov deyib.
O bildirib ki, bu illərdə baş verəcək iqtisadi böhranın yeganə səbəbi koronavirus pandemiyası deyil:
"Koronavirus yayılmasaydı da dünya 2021-2022-ci illərdə qaçılmaz bir böhrana doğru gedirdi və bu, gözlənilən idi. Böhranın əslində bir neçə səbəbi var. Dünyada hazırda ciddi formalaşan problemlərdən biri də müxtəlif sahələrdə yığılan borclardır. Burada dövlətlərin daxili və xarici borcları və öhdəlikləri, eləcə də şirkətlərin, korporasiyaların və dövlətlərin özlərinin buraxdıqları istiqrazlar üzrə borcları nəzərdə tutulur.
2020-ci ilin əvvəlində dünyada istiqraz bazarı 55 trilyon dollar ətrafında qiymətləndirilirdi. Ümumiyyətlə, dünyada bütün borcların həcmi 256 trilyon dollara qədərdir. Bu isə dünya dövlətlərinin bir il ərzində ümum daxili məhsulunun (ÜDM) 3 dəfəsindən də çoxdur.
Qeyd edim ki, dövlətlərin ÜDM-lərinin cəmi təqribən 83-85 trilyon dollar ətrafında qiymətləndirilir. Üstəgəl, təkcə istiqraz bazarında olan 55 trilyon dollar borcun 17 trilyon dolları illik gəlirliliyi mənfi olan istiqrazlardı. Bu rəqəm 15 trilyona enmişdi”.
Ekspert deyir ki, hazırda dünyada gəlirlərin bərabər bölüşdürlməməsi kimi problem var:
"BMT-nin Baş katibi Antonio Quterreş ciddi narahatlığını ifadə etdi ki, dünyanın ən zəngin 26 insanının var-dövləti qalan dünya əhalisinin sərvətinin yarısına bərabərdir. Bu, həddən artıq katostrofik bir məsələdir. Kapitalizm cəmiyyəti elə problemlər formalaşdırmağa başladı ki, bu da bazar iqtisadiyyatı üçün həllini tələb edən mürəkkəb bir situasiyaya çevrildi”.
Elman Sadıqovun qənaətincə, iqtisadiyyatlarda davamlı olaraq inkişaf gedə bilməz:
"Davamlı inkişaf nəticəsində "qızma” baş verir. Uzun müddət iqtisadiyyatlarda baş verən "qızma” "soyuma” olmadıqda əvvəl-axır partlayışla sonlanır. 2010-cu ildən indiyə qədər dünyada heç bir iqtisadi böhran yaşanamdı və davamlı artım oldu. Bu artım bəzi hallarda sürətli və yüksək həddə çatdı. Əgər vaxtında iqtisadiyyatlarda "soyuma” start götürməsəydi, bu, daha böyük iqtisadi partlayışlarla nəticələnə bilərdi.
Əslində, böhranın özü də iqtisadiyyatlarda müəyyən formasiyaların yaranmasına, sistemin dəyişməsinə səbəb olur. 2021-2022-ci illərdə ciddi iqtisadi böhranın olacağı gözlənilir. Amma bu o demək deyil ki, bu böhran bütün dünya ölkələrini əhatə edəcək. Bu böhran maliyyə cəhətdən inkişaf etmiş ölkələri də əhatə edə bilər, digər dövlətləri də”.
Analitik qeyd edib ki, böhran Azərbaycan kimi resurs ölkələrinə nisbətən daha az təsir edə bilər:
"Burada əsas faktor neftin qiyməti məsələsidir və ölkənin iqtisadiyyatını bu böhrandan istifadə edərək diversifikasiya etmək bacarığıdır. Hətta bəzi ölkələr bu böhrandan daha yaxşı və səmərəli çıxa bilər. Burada önəmli məsələ hər ölkənin bu böhranı dərk edərək hazırlıq görməsi və ondan qazancla çıxa bilməsidir. Böhranlardan heç də hamı uduzaraq çıxmır.
Böhrandan istifadə edərək iqtisadiyyatı diversifikasiya etmək bacarığı formalaşmalıdır. Bu o deməkdir ki, böhran dövründə maliyyə bazarlarında investorlar daha çox resurs ölkələrinə (neft, qaz, qızıl və digər qiymətli metallarla zəngin) meyl edir və investisiyaları həmin ölkələrə yönəldirlər. Əgər biz qarşıdakı böhrandan istifadə edə bilsək maliyyə-bank sektoru da qazana bilər. Bunun müxtəlif yolları və incəlikləri var.
Unutmayaq ki, ölkəmiz həm daxili, həm də xarici borclanma potensialı yüksəkdir. Zənnimcə, xarici borclanmanı azaldıb, xarici investisiyanı və daxili borclanmanı artırmaq daha məqbul strategiya olacaq”.
Maraqlıdır, hökumətlərin həyata keçirdiyi tədbirlər iqtisadiyyata kömək edirmi?
Elman Sadıqov hesab edir ki, görülən tədbirlər iqtisadiyyatlara kömək edir: "Məsələn, ABŞ-da mart ayından bəri işsizlik səviyyəsi 20 faizi keçmişdi. Hazırda ölkə üzrə bu göstərici 2 dəfə aşağı düşüb. Dünyada ən önəmli məsələ işsizlik və onun həllidir. Hansı dövlətlər işsizlik problemini həll edəcəksə, birmənalı olaraq bu ölkələr böhrandan daha az zərərlə çıxacaqlar. Hansı ölkələr ki, işsizlik məsələsini həll edə bilməyəcək və böhrana daha çox işsiz ordusu ilə qoşulacaq, həmin dövlətlər daha çox zərər çəkəcəklər.
Gözlənilən böhranın zərəri olacaq, bu, təbii və bəlli məsələlərdir. Bu zərərin dərəcəsi hökumətlərin görəcəyi tədbirlərdən asılı olacaq. Böhranı şansa çevirmək isə ikiqat mənfəət deməkdir”.