Azərbaycan manatı ilə bağlı xoş olmayan xəbərlər intensivləşir. Dünya Bankının analitikləri manatın üçüncü devalvasiyası ehtimalının yüksək olduğunu bildirir
Shafaqadogru.com bildirir ki, bu il üçün gözləntilərdə (Global Economic Prospects) deyilir ki, dünya bazarında neftin qiymətinin aşağı olması ehtiyat fondu və dövlət borcunun az olmasına baxmayaraq, hələ də Azərbaycan, Rusiya və Qazaxıstana mənfi təsir edir. Hər üç ölkə büdcəsinə yenidən baxıb və neftin qiymətini daha ucuz götürüblər ($41 və daha çox).
Amma hətta Azərbaycan kimi iri valyuta ehtiyatlarına malik olan ölkələr fiskal konsolidasiyaya təzyiqlə üzləşir. Azərbaycan hökuməti ortamüddətli perspektivdə fiskal vəziyyətin pisləşməsinin qarşısını almaq üçün manatı devalvasiya etməli olacaq. Neftin ucuzluğu cari əməliyyatlar hesabının saldosunu zəiflədir. Hələ bir müddət valyuta ehtiyatları azalacaq, milli valyuta təzyiq altında qalacaq. "Bu ölkələrin əsas prioritetləri fiskal məkanın azalması kontekstində dövlət gəlirlərinin azalmasını korrektə etmək, maliyyə sektorunun risklərini idarə etməkdən ibarətdir”, – deyə hesabatda bildirilir.
21 dekabrda baş verən devalvasiya həddindən artıq böyük faizlə ifadə olundu. Ümumilikdə manatın məzənnəsi son bir ildə iki dəfə aşağı düşüb. Neftin qiymətinin aşağı həddə qalması 3-cü devalvasiyanı gündəmə gətirir. Neftin qiymətinin aşağı düşməsi fonunda son bir ildə ölkəyə daxil olan valyutanın həcmi də 3 dəfə azalıb. "Üzən məzənnə” rejiminə keçməsinə baxmayaraq Mərkəzi Bank hər gün bazardadır. Mərkəzi Bankın bazarda olması və daim dollar təklif etməsi ondan xəbər verir ki, "üzən məzənnə” rejimini tam olaraq tətbiq etmək mümkün deyil. Bu isə dollara tələbin yüksəlməsilə bağlıdır.
Ekspertlərdən bəziləri deyib ki, çıxış yollarından biri kimi xarici borclanmaya gedilməsində görürlər: "Növbəti devalvasiyadan qaçmaq üçün təklif edirik ki, hökumət xarici borclanmaya getsin. Nəzərə alaq ki, hazırda Azərbaycanın xarici borcu 6,7 milyard dollardır. Bu, Ümumi Daxili Məhsulun (ÜDM) 19 faizini təşkil edir. Ölkənin əlavə olaraq 10 milyard dollara yaxın borc cəlb etmək limiti var. Paralel olaraq islahatların sürətlənməsi, qeyri-neft sektorunun ixrac potensialının artırılması vacibdir. Mərkəzi Bankın valyuta ehtiyatlarının 3 milyarda düşdüyünü nəzərə alsaq, xarici borclanmaya gedilmədiyi halda 3-cü devalvasiya baş verəcək. Devalvasiyanın hansı faizdə olacağını söyləmək isə çətindir. Çünki, devalvasiya faizini Mərkəzi Bank müəyyənləşdirir. Amma növbəti devalvasiya banklar və biznes üçün heç bir halda arzuolunan deyil. Bu, bank fəaliyyəti və biznes imkanlarını daraldacaq. Ona görə də Mərkəzi Bank və hökumət qeyd edilən variantlardan istifadə edərək, 3-cü devalvasiyanın qarşısını ala bilər”.
İqtisadçıların fikrincə Mərkəzi Bank (MB) və hökumət ikinci devalvasiyadan sonra Azərbaycan iqtisadiyyatının, banklarının ağır vəziyyətə düşdüyünü aydın şəkildə gördülər. Növbəti devalvasiya olarsa, bankların çöküşü sürətlənə bilər. Bu səbəbdən manatın ucuzlaşması prosesi gündəlik və yavaş-yavaş gedəcək. Ekspertlər bu templə yayın sonunadək dolların 2 manat civarına qədər bahalaşacağını istisna etmir: "Bu fikrimin üstündə qalıram ki, yaxın həftələrdə manatın rəsmi məzənnəsi 1.65 manat olacaq. MB-ın özünün qoyduğu qaydalara görə, banklar rəsmi məzənnədən 4 faiz yuxarı olmaq şərtilə pul mübadiləsi edə bilərlər. 4 faiz məsələsini nəzərə alsaq, rəsmi məzənnə 1.65 olsa, banklarda dolların təqbirən 1, 70 qədər alınıb satılmasının şahidi ola bilərik. Daha kəskin addımların atılması üçün gərək dünyada da bəzi proseslər üst- üstə düşsün. Son zamanlar neftin qiymətində də azalmalar müşahidə olunur. Yenidən neft 40 dollardan aşağı düşsə, dünyada dolların qiyməti bahalaşsa, MB kəskin addımlara gedə bilər”.