Müharibənin bir ayının tamam olmasına 4 gün qalıb. Bu müddətdə vətəndaşlara dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, çox məsuliyyətsiz davranmağa davam edirlər. Düşünmürəm ki, bu davranış bilərəkdən edilir, lakin nəticəsi çox acı ola bilər və olur da. Əvvəlki hərbi əməliyyatlarda biz bunun şahidi olduq.
Bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərli deyib:
"Silahlı qüvvələrimiz döyüş meydanında şücaət göstərir, erməni ordusunu məhv edir. Ərazilərimizi işğalçı qüvvələrdən azad edir. Gözləməliyik ki, ordumuz işlərini bitirsin, ondan sonra kim nə istəyir paylaşsın. Ən xırda detallar və görüntülər əsgər və hərbiçilərimizə kifayət qədər ciddi problemlər yarada bilər. Sosial şəbəkələrdə böyük məsuliyyətsizlik hiss edirəm. Əvvəla bizim əsgər və zabitlərimiz də son dərəcədə diqqətli və ehtiyatlı olmalıdır. Onların bu videoları başqalarına göndərməsinin qəti əleyhinəyəm.
Belə videolar paylaşıb özümüzün məlumatlı və "bomba oğlan” olduğumuzu göstərməyə çalışırıq. Sonra da düşmən bu kadrlardan istifadə edir. Müharibənin aktiv fazasının artıq keçmişik, inşallah müharibənin bitməsinə az qalıb, həlledici mərhələdir. Heç olmasa bu mərhələdə hər kəs öz məsuliyyətini dərk etsin. Orda döyüşənlər də öz uşaqlarımızdır, hamısı bizim üçün əzizdir. Döyüşə mane ola biləcək hər hansı qeyri-rəsmi informasiya və videogörüntülər paylaşmağı dayandırmalıyıq. Bu, orduya böyük bir zərbədir. Bu əməliyyatlarda yüksək rütbəli zabitlərimiz və komandirlərimiz iştirak edir. Bircə şəkil böyük bir hərbi hissəni və istiqaməti başsız qoya bilər. Müharibə bitəndən sonra Şuşaya, Zəngilana, Mincivana və Kəlbəcərə gedib istədiyiniz qədər şəkil çəkdirərsiniz. Çox xahiş edirəm ki, indiki mərhələdə son dərəcə ehtiyatlı olaq, sosial şəbəkələrdə "Bizimkilər Şuşaya girdi”, "Əsgərlərimiz Laçın koridoruna daxil oldular” və s. bu kimi artıq-əskik ifadələr yazmaq olmaz.
Dağlıq ərazilərdə döyüşmək olduqca çətindir, bəzən əsgərlərimiz günlərlə yuxusuz qalır. Keçi can hayındadır, qəssab da piy hayında. Hamımız çalışmalıyıq ki, daha məsuliyyətli olaq, daha az danışaq. Az danışaq ki, ordumuzun işinə xələl gəlməsin”.
Üzeyir Cəfərli qeyd edib ki, döyüş yerlərindən çəkilən videoları paylaşanlara qarşı ciddi cəza tədbirləri həyata keçiriləcək:
"O videoları yayanlar cəzalandırılacaq, buna heç kimin şübhəsi olmasın. Qanun və qayda var. Bunu yayan əsgər də, zabitlər də cəzalandırılacaq. Oyuncaq deyil, Azərbaycan dövləti işğalçı Ermənistana qarşı müharibə aparır. Ərazilərimizi işğaldan təmizləyirik. Həlledici məqamda bu foto və videoların paylaşılmasının yeridirmi? İnsanlar başa düşməlidir ki, zabit və əsgərlərin həyatını təhlükə altına ata bilərlər. Yeməyi, çayı qabağında olan hansısa məsuliyyətsiz adam evində, isti yerində oturub döyüş meydanından videolar paylaşmaqla ordunun çəkdiyi min bir əziyyəti heç edir. Xırda bir özbaşnalıq böyük bir faciəyə gətirib çıxara bilər. Odur ki, minqat diqqətli olmaq lazımdır”.
Aytən Məftun