Bir gün axşam ekzekutor (xırda məmur) İvan Dmitriç Çervyakov ikinci sıradakı kresloda oturub durbin ilə "Komevil zəngləri” operasına baxır və özünü son dərəcə xoşbəxt hiss edirdi. Lakin birdən... Hekayələrdə "lakin birdən” sözünə tez-tez təsadüf olunur. Müəlliflər haqlıdırlar: həyat gözlənilmədən baş verən hadisələrlə doludur! Bəli, birdən onun üz-gözü qırışdı, gözləri qıyıldı, nəfəsi kəsildi... O, durbini gözündən uzaqlaşdırıb əyildi və... asqırdı. Asqırmaq heç kimə heç yerdə qüsur tutulmur. Kəndlilər də, polis rəisləri də, bəzən hətta məxfi müşavirlər də asqırırlar. Hamı asqırır. Çervyakov heç pərt olmadı, yaylıqla ağızbumunu sildi və asqırması ilə bir kimsəni narahat edib-etmədiyini bilmək üçün nəzakətli bir adam kimi ətrafına baxdı. Lakin bu zaman o utanmalı oldu; qabaqda, birinci sırada oturan bir qoca öz əlcəyi ilə daz başını və boynunu bərk-bərk silir və yavaşcadan deyinirdi. Çervyakov qocanı tanıdı, o, yollar idarəsində işləyən statski general Bnzjalov idi. Çervyakov düşünərək öz-özünə dedi: "Asqıranda tüpürcəyim üstünə sıçrayıb! Mənim rəisim olmasa da, hər halda, yaxşı olmadı, üzr istəmək lazımdır”. Çervyakov öskürdü və özünü qabağa verib, generalın qulağına pıçıldadı: - Bağışlayın, zati-aliləri, asqıranda üstünüzə sıçrayıb... qəfildən oldu... - Eybi yoxdur, eybi yoxdur... -Allah eşqinə bağışlayın. Mən bunu... bilə-bilə eləmədim! - Eh, oturun yerinizdə, xahiş edirəm! Qoyun qulaq asaq! Çervyakov pərt olub, mənasız bir halda gülümsədi və səhnəyə tamaşa etməyə başladı. O tamaşa edirdi, ancaq əvvəlki ləzzəti duymurdu. Çox narahat idi. Tənəffüsdə Bnzjalova yaxınlaşdı və onun yanı ilə gedə-gedə özünə ürək-dirək verərək astadan dedi: - Zati-aliləri, mən asqıranda sizin üstünüzə sıçradı... Bağışlayın... Axı mən...
General:
- Ah, bəsdir də... Mən bunu unutmuşam, sizsə yenə də ondan
danışırsınız, - dedi. Bunu söyləyərkən o, alt dodağını əsəbi halda
tərpətdi.
Çervyakov şübhəli-şübhəli generala baxaraq düşünürdü: "Unudubdur, ancaq gözlərindən zəhər yağır, heç danışmaq da istəmir. Onu
başa salmalıyam ki, mən bunu bilə-bilə eləməmişəm. Bu təbiətin
qanunudur, yoxsa elə güman edər ki, mən onun üstünə tüpürmək
istəmişəm. İndi belə düşünməsə də, sonra bu cür düşünə bilər!”
Çervyakov evə gəldikdən sonra öz nəzakətsizliyini arvadına
danışdı. Onun fikrincə, arvadı bu hadisəyə çox ağılsızcasına yanaşdı;
o, əvvəl qorxdu, lakin Brızjalovun "başqa” rəis olduğunu bildikdən
sonra sakitləşdi.
Arvadı dedi:
- Hər halda, sən get üzr istə. Yoxsa, elə güman edər ki, sən
camaatın arasında özünü apara bilmirsən!
- Elə də eləmişəm! Üzr istədim, ancaq o, qəribə adamdır... Heç
əməlli-başlı bir söz demədi. Danışmağa da vaxt yox idi.
Ertəsi gün Çervyakov təzə vismundirini geydi, üzünü qırxdırdı və
izahat vermək üçün Brızjalovun yanına getdi... Generalın qəbul otağına girəndə orada öz işindən ötrü gələn çoxlu adam gördü; general
özü də onların arasında idi. O, gələnləri yenicə qəbul etməyə
başlamışdı. Bir neçə nəfərdən nə üçün gəldiyini soruşduqdan sonra
Çervyakova da baxdı.
- Zati-aliləri, dünən, əgər yadınızdadırsa, "Arkadi”də, - deyə
ekzekutor izahat verməyə başladı, - mən asqırdım və... sizin üstünüzə
sıçradı... Bağış...
- Xataya düşmədik?! Heç dəxli var?! - General o biri adama
müraciət etdi. - Sizə nə lazımdır?
Çervyakov rəngi ağarmış halda fikirləşdi: "Heç danışmaq istəmir! Deməli, acığı tutub... Yox, bu məsələni belə qoymaq olmaz...
Mən ona izah etməliyəm...”
General axınncı adamla söhbəti qurtardıqdan sonra içəriyə girmək istəyirdi ki, Çervyakov onun ardınca gedərək mırıldadi:
- Zati-aliləri! Cənabınızın rahatlığını pozmağa cəsarət edirəmsə,
bunu məhz peşmançılığımı bildirmək üzündən edirəm!.. Özünüz
bilirsiniz ki, mən bunu bilə-bilə etməmişəm!
General ağlamsınmış kimi üz-gözünü qınşdıraraq əlini yellədi:
- Cənab, siz məni ələ salmısınız! - deyərək içəri girdi.
Çervyakov düşünərək öz-özünə dedi: "Ələ salmaq nədi? Burada
heç bir ələ salmaq-filan yoxdur! Özü generaldır, ancaq başa düşmür!
İş ki belə oldu, mən daha bu yalançı pəhləvandan üzr istəməyəcəyəm!
Qoy cəhənnəm olsun! Ona məktub yazacağam, amma yanına
getməyəcəyəm! Vallah getməyəcəyəm!”
Çervyakov evə gedərkən belə düşünürdü. O, generala məktub
yazmadı. Fikirləşdi, fikirləşdi, məktubu necə yazmaq haqqında heç
bir qərara gələ bilmədi. Ertəsi gün yenə də özü getməli oldu.
General başını qaldırıb sualedici bir nəzərlə ona baxarkən o, belə
dedi:
- Zati-aliləri, mən dünən sizi narahat edərkən heç də, siz buyurduğunuz kimi, sizi ələ salmaq fikrində deyildim. Mən asqırarkən sizin
üstünüzü buladığım üçün üzr istəməyə gəlmişdim, sizi ələ salmaq
mənim heç ağlıma da gəlməzdi. Mən sizi ələ salmağa heç cəsarət
edərəmmi? Biz başqalarını ələ salırıqsa, belə çıxır ki, böyüklərə heç
hörmətimiz yoxdur...
General qəzəbindən göyərərək titrəyirdi. O, birdən:
- Rədd ol buradan! - deyə çığırdı.
Dəhşətdən yerində donub qalmış Çervyakov pıçıltı ilə soruşdu:
-Nə?
General ayağını yerə vuraraq təkrar etdi:
- Rədd ol buradan!
Çervyakovun, elə bil, ürəyi qopdu. O heç bir şey görmədi, heç bir
şey eşitmədi, yavaş-yavaş qapıya tərəf getdi və küçəyə çıxıb
səndələyə-səndələyə yeridi... Evə necə gəldiyini özü də hiss etmədi.
Vısmundirini çıxarmadan divanda uzandı və... öldü.
1883