Şəfəqə Doğru » Manşet » Daş Salahlı kəndi Sovet hakimiyyətinin başlanğıcında. Siyasi-ictimai fəaliyyətlər

Daş Salahlı kəndi Sovet hakimiyyətinin başlanğıcında. Siyasi-ictimai fəaliyyətlər

Daş Salahlı kəndi Sovet hakimiyyətinin başlanğıcında.  Siyasi-ictimai fəaliyyətlər

 1920-ci illərdə, Azərbaycanda Sovet hakimiyyətinin təməl daşları qoyulduğu zaman,Qazaxda və onun kəndlərində bolşevik və menşeviklərin toplaşdığı təşkilat "Hümmət” təşkilatı idi.Üzvlərinin daha çox menşevik-hümmətçilərin olduğu bildirilirdisə də, aralarında bolşeviklər də artmaqda idi. Burada Daş Salahlıdan adı çəkilən,hələlik 2 üzv vardı - Məmməd Nuru oğlu Səməd Həsən oğlu .

Həmin dövrdə Qazaxda "Müdafieyi Məzluman” adlanan sol meylli təşkilat da fəaliyyətə başlayıbmış.

1920-ci ildə Bakıdan verilən direktiv əsasında Qazax qəzasında Azərbaycan Kommunist Firqəsinin yerli təşkilatı qurulmağa başlandığında onun ilk üzvləri "Hümmət”çilərdən təşkil olunur.1 fevraı 1922-ci il tarixinə qədər Daş Salahlıdan Kommunist Firqə özəyinə üzv olanlar aşağıdakılardır (cəmi 23 üzv):

1.Hacıməmmədov Səməd Həsən oğlu (1883 təvəllüd,1 sinif bitirib)

2. Səməd Alı oğlu

3. Rüstəm Gülməmməd oğlu

4. İbrahim Hüseyn oğlu

5. Qoca Əhməd oğlu

6. Adıgözəlov Veyis Vəli oğlu

7. Qulu Mansır oğlu

8. Musa Qurban oğlu

9. Məmməd Nəsib oğlu

10. Əmiraslan Mustafa oğlu

11. Aslan Gülməmməd oğlu

12. Alı Hasan oğlu

13. Əmir Vəli oğlu

14. Əhmədov Əhməd İsa oğlu

15. Pənah İsmayıl oğlu

16. Vəli Hüseyin oğlu

17. Məmməd Qurban oğlu

18. Usubov İsmayıl İbrahim oğlu (1894 təvəllüd)

19. Məmməd Nəbi oğlu

20. Aslan Şərif oğlu

21. Alı Mustafa oğlu

22. Mahmun Süleyman oğlu

23. Haqverdi Qaybalı oğlu

İsmayıl Umudlu kitabında yazır ki,həmin dövrdə firqə üzvlərinin əksəriyyəti savadsız olublar, bəziləri ancaq adlarını yaza bilirmişlər.Aralarında kommunist firqəsinin mahiyyətini dərk etməyənlər olub. Hətta firqə üzvlüyündən sui-istifadə halları aşkarlanıb. Məsələn, Alı Mehdi oğlu adlı üzv ona aid firqə üzvlük biletini Qazaxda alver edən bir həmkəndlisinə verib ki, milis ona toxunmasın. Sonra bu "qorunma”nın üstü açılıb və Alı Mehdi oğlunun biletini əlindən alıblar.

1921-ci il iyun ayının 22-də Azərbaycan Milli İnqilab Komitəsinin sədri Muxtar Hacıyev və onun müavini Səməd Ağamalı oğlu Qazağın kəndlərində, o cümlədən Daş Salahlıda olublar,kənd camaatı ilə söhbətləşmə aparıblar.

Həmçinin Nəriman Nərimanov da 1921-ci ildə bölgəyə səfəri zamanı Daş Salahlıya gəlmiş, kənd ağsaqqalarıyla görüşüb, söhbət edib,onların problemlərini dinləyib.Həmin vaxt ona yerlərdəki bəzi inqilabçıların yaramazlıqları haqqında məlumat verildiyi yazılır.

Nəriman Nərimanovun xain qərarı: General Yefremovu niyə mükafatlandırdı? – Fotolar – Yenicag.Az

1923-cü ildə 23 mart tarixli qərarla Qazax qəzasında bəzi inzibati dəyişikliklər keçirilib. Həmin vaxt Daş Salahlı kənd şura sədri Binnət Adıgözəl oğlu idi. Dairə milis rəisi vəzifəsini Qaybalı Aliyev tuturdu.Bu şəxs həmin vaxtlarda idarələr və fərdlər arasında intriqalar yaratması ilə "məşhurlaşmışdı”.İnzibati yenilənmədən sonra Daş Salahlıda şura sədrliyinə Heydər Alı oğlu gətirildi.

1923-cü il bütün Qazaxda aclıq və qıtlıq ili kimi yadda qalıb.

1924-cü ildə Gürcüstanda Sovet Hakimiyyətinə qarşı üsyan başlamış, Qazaxdan da bu üsyana dəstək verənlər olduğu məlumatı yayılmışdı. Bununla da, həbsedilmələri üçün keçmiş çar sistemindən qalma məmurların və müəllimlərin siyahısı hazırlanmışdı.

Gürcüstan hadisələriylə bağlı həbs olunmalı şəxslər arasında Daş Salahlının məşhur starşinası (koxası), 1918-ci ildə (fevral-mart) Qazax qəzasının 2 ay qubernatoru olmuş Məmməd Məhmudovun-Məmməd Koxanınoğlu Həmid Mahmudovun da adı var idi. Beləliklə, Həmid silah götürüb dağlara çəkilir-qaçaqlıq edir.

Qaçaqlarla mübarizə üçün Bakıdan Muxtar Hacıyev Qazağa göndərilir. 1925-də qaçaqlara müxtəlif vədlərlə silahı buraxma çağırışı edilir.Bununla onları aldadıb həbs etmək taktikası güdülür.ancaq Həmid Mahmud oğlu bu çağırışa cavab vermir,qaçaqlığa davam edir.

1926-cı ildə Məmməd Koxa vəziyyətin daha da pisləşdiyini görüb,qardaşları AvdıHasanla birlikdə Türkiyəyə mühacirət edir.Sarıqamışda yerləşirlər.

Həmin vaxtda Həmid Mahmud oğlu hələ də Daş salahlıda qaçaqlıq edir.

Dövrün başqa bir problemi isə qadın azadlığı sayılırdı. 1920-ci ildən etibarən kəndlərdə qadınların ictimai həyatdakı iştirakı, onlar arasındakı savadsızlığın ləğvi istiqamətində cəhdlər göstərilməyə başladı. Yerlərdə qadınlar arasında təbliğat görüşləri təşkil edilirdi. Ancaq, bu o qədər asan deyildi- bəzən acı nəticələr də yaradırdı.Məsələn, Daş Salahlıda təşkil edilmiş belə bir görüşdə Aişə Alı qızı öz əri tərəfindən şiddətli döyülüb. Səbəb isə, Aişənin təbliğat üçün gələn qadınları- yerli alman qızı Yevgeniya Fridman və Pəri Rəsulzadəni öz evində qonaq etməsi olub.

1927-ci ildə Türkiyədən öz yurduna qayıtmış olanlara qarşı münasibət yenidən kəskinləşdi, yeni qaçaq dəstələri yarandı.1931-ədək müqavimət göstərildi. Yenidən Türkiyəyə mühacirət dalğası başladı. Daş Salahlıdan Türkiyəyə köçənlər çox oldu. Amasiyaya, Muş Vilayətinin Bulanık kəndinə və İğdırın kəndlərinə yerləşirdilər.

1928- ci ildə Qazax qəzasında kommunist firqə üzvlərinin rəsmi sayı 330 oldu. Eyni zamanda qəzada antisovet fəaliyyətlər də çoxalmışdı. Həmin vaxtlarda Qazaxda "Əzrayil Firqəsi” və "Həqiqət Ordusu” adlanan gizli təşkilatlanmalar vardı. Bu qruplara ən çox Daş Salahlı sakinlərinin qoşulduğu bildirilir.

Hökumət yerlərdə qaçaqlara qarşı yerli firqəçilərdən silahlı dəstələr yaratmağa başladı.Bunlar "kommunarlar” adlandırıldılar.Onların vəzifələri üsyankar kəndlilərə qarşı cəza funksiyasını yerinə yetirmək, partiya və idarə binalarını qorumaq idi.Bu adamlara tüfəng, naqan və mauzerlər paylanılmışdı.

1929-cu ilin yanvarında Daş Salahlı kəndində Radio Qovşağı quraşdırıldı.Kənd əhalisi buradan xəbərlər dinləyirdi.

1930-cu ildə Daş Salahlıda iki kolxoz –"Lenin və "Komintern” kolxozları təşkil edildi. Bu kollektivləşmə aksiyanın həyata keçirilməsi idi.

1930, aprel ayında Qazaxda "banditlərlə mübarizə üçün” batalyon yaradıldı.Həmin vaxt Daş salahlı qaçaqlarına "Daş Salahlı bandası” deyilirdi. Onların arasında adı çəkilənlər bunlar idi:

Həmid Mahmud oğlu

Abdulla Nəzir oğlu

Mehdi Alı oğlu

İlyas Nəsib oğlu

Alı bəy İsgəndər oğlu və başqaları

Yuxarıda adı çəkilən bu dəstə tərəfindən, 1930-cu ildə, Daş Salahlıda MİK-nin üzvü Məmməd Alı oğlunun öldürüldüyü yazılır. Ümumilikdə isə Qazaxda həmin il 16 inqilabçı-sovet idarə işçisi öldürülmüşdü.

1931-ci ildə Xalq Dairə İcraiyyə Komitəsinin cəza batalyonları Qazağın kəndlərinə yeridildi. Hazırlanmış plana əsasən,kəndlər gecəylə mühasirəyə alındı, 15 yaşdan 80 yaşadək kişilər tövlə və xalxallara doldurularaq onlardan könüllü surətdə silahlarını təhvil vermək tələb olundu.Əsgərlər ev-ev gəzərək silahları topladılar.Ancaq, bu hələ son deyildi. İşin "tərbiyəvi” tərəfi qalırdı. Əhalinin gözünü qorxutmaq üçün, əvvəldən tərtib edilmiş siyahılara əsasən, hə kənddə bir neçə nəfəri güllələmək lazim bilinmişdi. Bolşevik cəlladların həyata keçirəcəyi bu qanlı edamlar "tərbiyəvilik” səbəbiylə, kənd camaatın gözü qarşısında edilməli idi. Beləliklə, Daş Salahlıda 1931-ci il fevral ayının 11-də, "üçlük” adlanan kukla məhkəmənin qərarıyla 4 kənd sakini:

Hacırəhim ağa Miralayev

Alı ağa Alaybəyov

Avdı Mahmud oğlu

Abdulla Nəziroğlu

güllələnməklə, edama məhkum olundular. Güllələnmə aktı,yerindəcə, kəndin mərkəzində, camaatın, həmçinin məhkumların ailə üzvlərinin gözü qarşısında həyata keçirildi.

 

"Operasiya ili” kimi tanınan 1931-ci il Daş Salahlı yaddaşında öz qanlı izini bu şəkildə buraxmış oldu . Təəssüf ki,bolşevizmin tərəfindən həyata keçirilən bu edam aktı Daş Salahlı üçün sonuncu olmayacaqdı...

Tədqiqatçı-jurnalist İsmayıl Umudlunun yazdığı "Salahlı Eli” kitabından götürülən bu məlumatlarla (öz razılığı ilə) Azərbaycanda Sovet hakimiyyətinin qurulma dövründə, Daş Salahlı kəndindəki siyasi-ictimai hərəkətlənmələrə işıq salmağa çalışdıq.

 
Nicat Novruzov