Şəfəqə Doğru » Manşet » Türkiyə üçün yeni çevriliş təhlükəsi

Türkiyə üçün yeni çevriliş təhlükəsi

Türkiyə üçün yeni çevriliş təhlükəsi


Ərdoğan müxalifət liderləri ilə görüşdü

 


Şahin Cəfərli: "Bundan sonra hər şey ölkə rəhbərliyinin atacağı addımlardan asılıdır...” 

Dövlət çevrilişinə cəhddən sonra Türkiyədə işdən çıxarılan dövlət qulluqçularının sayı 45 min 954 nəfərə çatıb. Bu barədə Anadolu Agentliyi məlumat verib. Türkiyənin və dünyanın ən iri aviaşirkətlərindən olan "Turkish Airlines” iyulun 15-də ölkədə baş verən uğursuz dövlət çevrilişi cəhdindən sonra yüzdən çox əməkdaşını işdən çıxarıb. 

Türkiyənin Diyarbəkir vilayətində isə 37 jandarm zabiti həbs edilib. "Report”un məlumatına görə, jandarm zabitləri 16 iyulda baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı aparılmış istintaq prosesi çərçivəsində həbs olunublar. Həbs edilənlər arasında Diyarbəkir vilayətinin jandarm komandiri, polkovnik Hasan Ceyhun da var.

Bu arada Türkiyədə "Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) media ayağına qarşı əməliyyat başlayıb. "Hürriyet”in yaydığı məlumata görə, İstanbul Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun baş prokuror əvəzi İrfan Fidan aparılan istintaq çərçivəsində 42 media mənsubunun yaxalanması haqqında təlimat verib. Onların arasında Türkiyənin məşhur jurnalistlərindən olan Nazlı Ilıcakın da adı var. 

Həbs edilmiş 1200 türk əsgərinin azad olunması, Atatürkçü generalların yenidən xidmətə başlaması də mühüm hadisə kimi dəyərləndirilir. Belə ki, "Balyoz” əməliyyatı zamanı həbs olunan, vətən xainliyində ittiham edilən yüksək rütbəli hərbçilər yenidən orduya geri çağırılıb. Ankara dövlət prokuroru Harun Kodalak qərarı əsgərlərin çevriliş cəhdindən xəbərsiz olmaları ilə əlaqələndirib.

15 iyul çevrilişə cəhd olayından sonra əsas dartışılan mövzulardan biri də Türkiyə təhlükəsizlik xidmətinin, yəni MİT-in çevriliş haqqında dövlət rəhbərlərini nə səbəbə zamanında məlumatlandırmaması ilə bağlıdır. Prezident Ərdoğan da çevriliş haqda ilk olaraq yeznəsindən, baş nazir dostlarından eşitdiklərini deyib və təhlükəsizlik xidmətinin zəif olduğunu etiraf edib. 2010-cu ildən Türkiyə təhlükəsizlik təşkilatının başında dayanan 48 yaşlı Hakan Fidan isə kifayət qədər ciddi fiqur hesab edilir və onun rəhbərlik etdiyi qurumun hazırlanan çevriliş ssenarisindən son günə qədər xəbərsiz qaldığına inananların sayı çox azdır. Vaxtilə Türkiyə Silahlı Qüvvətlərinin quru qoşunları komandanlığında çalışan H.Fidan orduda xidmət edərkən də həmişə kəşfiyyat xətti ilə xaricdə müəyyən vəzifələrdə çalışıb və kifayət qədər təcrübəli kadr kimi xarakterizə olunur.
Milli təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Ərəstun Oruclu bu barədə danışarkən qeyd etdi ki, Türkiyədə baş verənlərlə bağlı bir sıra müəmmalar var. Ekspert baş nazir B.Yıldırımın çevriliş cəhdi ilə əlaqədar əvvəlcədən məlumat aldıqlarını dediyini, lakin daha sonra prezident Ərdoğanın çevriliş xəbərindən sonra H.Fidanı iki saat ərzində tapa bilmədiklərini açıqladığını xatırlatdı. Qeyd etdi ki, bu məlumatlar H.Fidanın da ssenaridə yer alması ehtimalını ortaya çıxarır: "Bundan əlavə, vaxtilə vəzifələrindən azad edilən generalların böyük əksəriyyəti ordudakı əvvəlki vəzifələrinə qaytarılıb. Həmçinin, Ərdoğan prezident qvardiyasının buraxılması barədə qərar verib. Bunlar onu göstərir ki, ordu proseslərə ciddi şəkildə qarışıb və Silahlı Qüvvələrin imicinə ciddi şəkildə ziyan vurmuş çevriliş olayı ilə əlaqəli sərt tədbirlərin görülməsi üçün hökumətə təsir göstərir. Bu, mənim şəxsi qənaətimdir, səhv də edə bilərəm”. 

Anadolu Agentliyi bildirir ki, əsası Mustafa Kamal Atatürk tərəfindən qoyulmuş Türkiyənin müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) çağırışı ilə milyonlarla insan İstanbuldakı Taksim meydanına axışıb. Mitinq iştirakçıları "Türkiyə dünyəvi dövlətdir və dünyəvi dövlət olaraq qalacaq” şüarlarını səsləndiriblər. Milli himnin səsləndirilməsi ilə başlayan aksiyada iştirakçılar "Biz Atatürkün əsgərləriyik” deyə hayqırıblar. 

Bu arada Avropa Komissiyasının sədri Jan-Klod Yunker Türkiyədəki ölüm cəzasının bərpası ilə bağlı müzakirələrə reaksiya verib. "Türkiyə ölüm hökmünü bərpa etsə, Avropa İttifaqı ölkənin birliyə qoşulması prosesini dərhal dayandıracaq” - o bildirib. 
Türkiyədə baş verən olayların tətikçisi rolunda çıxış edənlər haqqında isə ən müxtəlif versiyalar var. 

Deputat Fazil Mustafa "Yeni Müsavat”a bildirdi ki, Türkiyədə həqiqətən də son 35 ilin ən təhlükəli hadisəsi baş verdi və bəlkə də çoxlarının ehtimal vermədiyi hərbi çevriliş kabusu yenidən ölkənin başı üzərindən keçdi: "Şükürlər olsun ki, Türkiyədə Ərdoğan hökumətinin və türk millətinin qətiyyətli davranışı Türkiyəni, Türk demokratiyasını bu burulğandan az itkilərlə qurtara bildi. Bu cür çevrilişlər uşağa da bəllidir ki, beynəlxalq güclərin planı, dəstəyi və təminatı olmadan baş vermir. Burada ayrı-ayrı camaat, siyasət, əsgər, casus aktyorlarıdan istifadə olunur, ancaq ciddi şəkildə hazırlanmış bir Türkiyə ssenarisini gerçəkləşdirənlər heç şübhəsiz, Liviyanı, Suriyanı xaosa çevirənlərdən başqası deyil. Qarşısı alınmasaydı 2016-cı ilin hərbi çevrilişi 1980-ci ilin hərbi çevrilişindən daha dəhşətli nəticələr doğuracaqdı. 

1980-ci ildə türk ordusunu hakimiyyətə gətirən qüvvə anlaşılır ki, 2016-da bir xunta hakimiyyəti ilə prosesi yekunlaşdırmağı düşünmürdü. Sadəcə, qısa müddətə xunta hakimiyyəti ələ alırdı və mövcud iqtidarın tərəfdarları və strukturları, xüsusilə də polis təşkilatı barışmaz mövqe sərgiləyərək ordu ilə qanlı münaqişəyə girirdi və PKK, İŞİD kimi terrorçu qruplaşmaların qatılımı ilə ölkədə qarşısıalınmaz xaos başlayırdı. Bu darbənin qarşısının alınmasının dəyərini məhz bu kontekstdə görmək lazımdır. 

Təfərrüata gəldikdə isə, burada Gülən camaatının fəal rol alması da acınacaqlı bir durum yaratmış oldu. Əvvəllər Talibandan, İŞİD-dən, Üsamə bin Ladendən bəhs edərkən alternativ mədəni İslam olaraq təhsili, modernliyi önə çəkən insanları göstərmək olurdu. İndi isə bu proseslərdə bu və ya digər dərəcədə iştirakı əsas götürərək, bütün məktəblərin bağlanması, kollektiv günah siyasətinin tətbiq edilməsi, İslamın bayrağından təhsilsiz kütlələrin daha sıx yapışmalarına imkan yaratdı”. 

Olayların ardınca Azərbaycanda atılan addımlar, bəzi media qurumlarının qapadılması, Qafqaz Universitetinin Ali Neft Məktəbinə birləşdirilməsi kimi addımlar barədə fikirlərini bölüşən F.Mustafa bunları bildirdi: "Bir vaxt bolşevik Rusiyasında Trotskinin belə bir tezisi vardı ki, qolçomaq problemini birdəfəlik həll etmək üçün kəndlilərin yox edilməsi ən optimal yoldur. Beləcə, bir çox bölgələrdə kəndliləri aclığın əli ilə yox etdilər və nəticədə qolçomaqların da əksəriyyəti sıradan çıxmış oldu. İndi Türkiyədəki iç siyasətdə baş verənlərin dərinləməsinə təhlili bizə düşməz, ancaq Azərbaycanla əlaqəsi ola biləcək məsələlərə münasibət bildirməmiz daha məqsədəuyğun olardı. Fikrimcə, Qafqaz Universiteti Azərbaycanda ən səviyyəli ali məktəbdir və orada univeristetə oxşayan bir çox atributlar var. Ən yüksək bal toplayan tələbələrin də bu universiteti seçməsi təsadüfi deyil. Bu cür tələbələrin böyük əksəriyyətinin, ümumiyyətlə, dinlə, gülənçiliklə əlaqəsi yoxdur və sadəcə, elmlə əlaqələri olduğuna görə yaxşı təhsil verən universitet seçirdilər. Ümumiyyətlə, mənim dəyişməz fikrim budur ki, keyfiyyətli universiteti, kolleci, uşaq bağçasını bağlamanın çox böyük fəsadları yarana bilir və biz Azərbaycan cəmiyyəti olaraq yaxşı alternativlərimiz az olduğuna görə mövcud keyfiyyətli təhsil qurumlarına qarşı bu addımı atarkən ehtiyatlı olmalıyıq. Kimsəyə sirr deyil ki, Türkiyədən gələn xahiş və tələblər üzərinə bu addım atılıb və Azərbaycan tərəfinin də, ümumiyyətlə, məlum camaata dəxli olmayan minlərlə savadlı  tələbənin və müəllimin taleyinə görə narahatçılığını sezmək olur. Burada ən ağıllı yol, universitet idarəçiliyinin indiki Türkiyə hökumətinə yaxın elm adamları ilə əvəz olunması, universitetin mövcud strukturunun və təhsil siyasətinin davam etməsi idi. Yenə də düşünürəm ki, ən optimal yollardan biri tapıldı, universitet ölkənin ən yaxşı alı məktəblərindən olan Ali Neft Məktəbinin tabeliyinə verildi. Bu məsələ təcili yekunlaşmalıdır ki, ali məktəbə qəbul olan abituriyentlər seçimlərini edə bilsinlər. Əks halda, həm onlar, həm də universitet ciddi sıxıntılar yaşamış olacaq”.

Türkiyədə növbəti çevrilişin ola biləcəyi də müzakirə mövzusudur. Hətta prezident Ərdoğan xalqa müraciətində onları meydanları boşaltmamağa çağırıb. 

Politoloq Şahin Cəfərli bu barədə danışarkən bildirdi ki, Türkiyədə baş verən son hadisələr heç şübhəsiz, təlatümlü cümhuriyyət tarixinin ən böyük zəlzələsidir: "Ölkədə daha əvvəl hərbi çevrilişlər, edamlar, repressiyalar, ideoloji zəmində qanlı toqquşmalar yaşanıb. 

Lakin Böyük Millət Məclisinin bombalanması, digər inzibati binaların hədəf alınması, əsgərin mülki əhaliyə, əsgərin əsgərə, əsgərin polisə və ya əksinə, polisin əsgərə atəş açması kimi iç savaş elementləri daşıyan, ən azı bu miqyasda, faciəvi olaylar yaşanmayıb. Bunlar bir dövlət üçün çox sarsıdıcı hadisələrdir. Türkiyədə çevriliş cəhdindən sonra atılan addımlar - çoxlu sayda general-admiral da daxil olmaqla, on minlərlə insanın kütləvi şəkildə ordudan, dövlət aparatından qovulması, barələrində cinayət işinin açılması onu göstərir ki, Türkiyənin bu zəlzələdən sonra özünə gəlməsi, yarılarını sarıması heç də asan olmayacaq”. 

Yeni çevriliş təhlükəsinə gəldikdə, Ş.Cəfərli bu fikirdədir ki, bundan sonra hər şey ölkə rəhbərliyinin atacağı addımlardan asılıdır: "Mən bu böhrandan fürsət kimi istifadə edərək, Türkiyə siyasi tarixində bəyaz bir səhifə açmaq üçün gözəl imkan yarandığını düşünürəm. Türkiyədə Atatürkə qayıdış baş verməlidir. Ədalət və İnkişaf Partiyasının üst qatı və hazırda bu partiyanın əsas elektoral bazasını təşkil edən dindar-mühafizəkar kəsim laik rejimlə, ”Atatürk ilkə və inqilabları" ilə barışmalıdır. Türkiyədə ideoloji cəbhələşmələrə son qoyulmalı, laik və dindarlar arasındakı ayırıcı xətlər aradan qaldırılmalı, ələvilərin bütün hüquqları özlərinə qaytarılmalı, iç barışa nail olunmalıdır. Bunun üçün şəxsən prezident Ərdoğanın üzərinə tarixi məsuliyyət düşür. Ümumiyyətlə, başda AKP olmaqla, Türkiyə siyasi spektrinin sağında dayanan siyasi partiyalar dini siyasətə alət etmək vərdişindən vaz keçməyə özlərində güc və iradə tapmalıdırlar".

*** 

Yazı hazırlanarkən məlum oldu ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim AKP sədri Binəli Yıldırımı, müxalifətçi Cümhuriyyət Xalq (CHP) və Milliyyətçi Hərəkat (MHP) partiyalarının rəhbərləri Kamal Kılıçdaroğlu və Dövlət Baxçalını Prezident İqamətgahına dəvət edib. Dəvətdə məqsəd həmin şəxslərə hərbi qiyam cəhdi zamanı tutduqları mövqeyə görə təşəkkür etmək və yaranmış vəziyyətlə bağlı təkliflərini almaqdır. Bundan əvvəl müxalifət liderlərini baş nazir Yıldırım qəbul etmişdi.