"Pensiya yaşı bir çox amillərlə bağlıdır. Belə ki, bunlara ölkədəki demoqrafik vəziyyəti, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərin sayını, ölkə üzrə orta ömür uzunluğunu, gözlənilən pensiya ödənişi aylarının sayı ilə faktiki pensiya ödənişi aylarının nisbətini və.s göstərmək olar".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri qafqazinfo-ya müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov səsləndirib.
O bildirib ki, ümumiyyətlə, hazırda beynəlxalq təcrübədə əsas prioritet işçilərin əmək bazarında qalmasının stimullaşdırılmasıdır: "Qeyd edim ki, hətta bir çox Avropa ölkələrində pensiya yaşı ya 65, bəzi hallarda 69, yaxud da mərhələli şəkildə 65 yaşa çatdırılır. Əgər biz rəsmi statistik məlumata baxmış olsaq, o zaman 2018-ci ilə münasibətdə orta ömür uzunluğunun 2,2 il, 1990-cı ilə münasibətdə isə 4,7 il artdığının şahidi olarıq. Pensiyaçılarımızın yaş strukturu üzrə də baxdıqda görmüş olarıq ki, bu gün onların təxminən 26 faizi 12-15 il arası, 35 faizi 15-20 il arası, təxminən 30 faizi 20-30 il arası pensiya alır. Digər tərəfdən, yaşa görə pensiyaçıların strukturuna baxdıqda, görmüş olarıq ki, yaşa görə pensiya alanların 97 faizdən çoxu 12-35 il arası pensiya alır. Bu göstəricinin özü o deməkdir ki, ölkəmizdə pensiya sahəsində kifayət qədər humanist yanaşma var. Həm pensiya sisteminə keçid, həm də pensiya hüququ əldə edib davamlı pensiya ödənişi almaq üçün yumşaq şərtlər nəzərdə tutulub. Bu baxımdan, hazırda pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur".