Azərbaycanda geniş əhali kütləsinin istehlak etdiyi əksər xidmət və məhsulların qiyməti dövlət tərəfindən tənzimlənir. Dünyanın çoxsaylı ölkələrində həyata keçirilən qiymətlərin dövlət tənzimlənməsini bizdə daha çox qiymət artırılması kimi anlayır və elə də tətbiq edirlər. Uzun illərin təcrübəsi göstərir ki, Tarif (Qiymət) Şurası hər hansı kütləvi istehlakçısı olan xidmət və ya məhsulun tarifini artırarkən əhalinin həssas təbəqələrinin sosial müdafiəsi üçün müvafiq addımların atılacağını bəyan edir. Bir çox hallarda bu vəd qismən icra olunur.
Məsələn, bu il yanvarın 5-dən Azərbaycanda "Aİ-92" benzininin və dizel yanacağının qiymətləri artırılıb. Qiymətlər müvafiq olaraq 0,9 manatdan 1 manatadək və 0,6 manatdan 0,8 manatadək çatdırılıb. Həmin vaxt Tarif Şurası yanacağın bahalaşmasının kənd təsərrüfatı və avtomobil nəqliyyatı ilə sərnişindaşıma sahələrinə mənfi təsir etməyəcəyini bildirdi. Şuranın katibi Ceyhun Nəcəfov ölkədə dizel yanacağına olan qiymət artımının kənd təsərrüfatına, həmçinin ictimai nəqliyyatda sərnişindaşıma xidmətlərinə edə biləcəyi mənfi təsirin qarşısını almaq məqsədilə müəyyən qabaqlayıcı tədbirlərin nəzərdə tutulduğunu dedi. Onun sözlərinə görə, təsirin neytrallaşdırması üçün sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə kompensasiya ödənilməsi nəzərdə tutulur: ”Kompensasiya mexanizminin hazırlanması üzrə artıq işlərə başlanılıb və yaxın zamanda İqtisadiyyat Nazirliyində bununla bağlı sahibkarlarla müzakirələr aparılacaq. Sahibkarlıq subyektlərinə kompensasiyanın ödənilməsi sosial həssas qrupların mənafeyinə xidmət edəcək. Belə olan halda ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmayacaq. Bu, dövlətin sosial sahədə apardığı çox mühüm tədbirlər dən biridir".
Tarif Şurasının rəsmisi əlavə edib ki, dizel qiymətinin artımı kənd təsərrüfatı sahəsinə mənfi təsirinin qarşısını almaq üçün aqrar istehsalçılara veriləcək subsidiyanın həcmi artırılacaq.
Şuranın bu vədlərindən birinə əməl olunub. Belə ki, qiymət bahalaşmasından 3 ay sonra - martın 11-də Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə 2021-ci ildə fermerlərə əlavə əkin subsidiyası verilməsi barədə qərar qəbul edib. Əkin əmsallarının artırılması Tarif (Qiymət) Şurasının dizel yanacağının qiymətinə etdiyi dəyişiklik nəticəsində fermerlərin bitkilərin becərilməsi ilə bağlı yaranmış əlavə xərclərini kompensasiya etmək məqsədi daşıyıb. Bu məqsədlə hökumət tərəfindən 2021-ci ilin dövlət büdcəsindən əlavə vəsait ayrılıb.
Fermerlərə yeni əkin əmsalına uyğun artırılmış subsidiya məbləğinin ödənişinin isə cari il ərzində həyata keçirilməsi nəzərdə tutulurdu.
Tarif Şurasının ikinci vədi - sərnişindaşıma ilə məşğul olan şirkətlərə dövlət tərəfindən kompensasiya ödənişi isə hələ də baş tutmayıb: heç müvafiq mexanizm belə hazırlanmayıb.
İqtisadçı-alim Elşad Məmmədovun "Yeni Müsavat”a dediyinə görə, dövlət tərəfindən tənzimlənən qiymətlərdəki artımlar, həmçinin bütövlükdə ölkədə baş verən inflyasiya hökumətin sosial siyasətində mütləq nəzərə alınmalıdır: "Bu artımların, inflyasiyanın əhalinin gəlirlərinə mənfi təsirini sosial ödənişlərini artırmaq, sosial siyasətini genişləndirmək yolu ilə əhalinin problemlərini aradan qaldırmağa nail olmalıdır. Çünki inflyasiyanın sürətlənməsi son illərdə Azərbaycanda sosial siyasətin gücləndirilməsi nəticəsində əldə olunan uğurları heçə endirməməlidir. Tənzimlənən qiymətlərin - istər elektrik enerjisi, istər təbii qaz və sair - artımının ümumi inflyasiyaya sürətləndirici təsir göstərməsi şübhəsizdir. Belə olan halda sosial ödənişlərin artırılması labüddür. Düşünürəm ki, indi də belə olacaq”.
E.Məmmədov 2019-cu ildə ölkədə həyata keçirilən pensiya, müavinət, əmək haqqı artımlarının davam etdirilməsini zəruri hesab edir: "Yaxın illərdə Azərbaycanda əmək haqqı və sosial ödəniş xərclərinin kəskin artırılması baş verməlidir. Bu mexanizm ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmağa xidmət edəcək. Əgər bu addıma gedilməsə, həm ölkə vətəndaşlarının sosial vəziyyətində ciddi mənfi dəyişiklik baş verəcək, həm də ümumu iqtisadi artım sürəti zəifləyəcək. Çünki biz faktiki olaraq istehlak bazarının daralmasının, eyni zamanda əhalinin alıcılıq qabiliyyətinin azalmasının şahidi olacağıq. Anlamaq lazımdır ki, tariflərin artırılması bir tərəfdən səthi baxış nöqteyi-nəzərindən büdcə gəlirlərini artıra, dövlət qurumlarının mənfəət normalarını yüksəldə bilər. Amma unutmayaq ki, bu, alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxaracaq. Alıcılıq qabiliyyətinin azalması isə son nəticədə iqtisadiyyatın daralmasına şərait yaradacaq. Ona görə də mütləq şəkildə sosial ödənişlər artırılmalıdır. Düşünürəm ki, biz bu istiqamətdə müvafiq addımların atılmasının şahidi olacağıq. Son illərin təcrübəsi göstərir ki, belə artımların inflyasiyaya təsirinin qarşısını almaq olur. Buna görə də hökumət qiymət artımlarının əhaliyə mənfi təsirinin qarşısını almaq üçün sosial ödənişlərin artırılmasına getməkdən çəkinməməlidir”.
"Yeni Müsavat”