Son günlər Ermənistan Azərbaycanla dövlət sərhəddində atəşkəsi müntəzəm pozmaqda davam edir. Erməni tərəfi nə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədə əhəmiyyət vermir, nə də Azərbaycan tərəfinin sülhə çağırışlarına. Artıq demək olar, hər gün Ermənistan silahlı qüvvələri dövlət sərhəddində müxtəlif təxribatlar törədirlər.
Siyasi ekspert Elman Vəliyev Ermənistanın hərbi cinayətlərini Reyting.az-a şərh edərkən deyib ki, Kreml bunun fərqindədir və bu konfliktdən özünə sərf edən şəkildə istifadə etməyə çalışır: "Sərhədə rus əsgərlərinin yerləşdirilməsi məsələsi yenindən aktuallaşıb. Rusiya əvvəl deyirdi ki, belə bir fikrimiz yoxdur. Ancaq indi deyir ki, bu barədə hər iki tərəflə danışıqlar gedir. Ermənistan anlaşma əldə edilməsinə məcbur olacaq, ya sülh, ya da güc ilə. Razılıq əldə edildikdən sonra sərhədlərin delimitasiyası sürətlənəcək”.
E. Vəliyevin sözlərinə görə, Ermənistan tərəfi çalışacaq ki, delimitasiya prosesi Sovetin yaranması dövrü ilə deyil, SSRİ-nin süqutu ərəfəsindəki (1990) xəritələrə əsasən aparılsın: "Çünki ilk vaxtlar Ermənistan İrəvən və ətrafındakı bəzi ərazilərdən ibarət idi. Sonradan işğalçılıq meyillərinə, torpaq iddiasına düşdü".
Siyasi ekspert bildirib ki, Ermənistan digər qüvvələrə də müraciət ünvanlayır:
"Paşinyan sərhədə KTMT missiyasının yerləşdirilməsini də təklif edir. Amma bölgədə əlavə qüvvələrin yer alacağını zənn etmirəm. Bu, konfliktin daha da dərinləşməsinə səbəb ola bilər”.
E. Vəliyev sonda əlavə edib ki, Ermənistanın hərbi təxribatlarına baxmayaraq proseslər Azərbaycanın lehinə işləyəcək.