Dünən Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən bildirilib ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub. Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdıran nazir bu tapşırıqların icrası ilə bağlı komandir-rəis heyətinə müvafiq əmr və göstərişlər verib.
Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib. Nazir döyüş və maddi-texniki təminat məsələlərinə diqqətin artırılmasını tələb edib.
Mühüm toplantı ilə bağlı "Şərq”ə danışan siyasi şərhçi, jurnalist Aqşin Kərimov görüşdə diqqət çəkən məqamlara toxunub:
"Müdafiə naziri Zakir Həsənov Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib. Bu o deməkdir ki, Kəlbəcərdə dövlət sərhədinin delimitasiyası başa çatmayıb və gələcəkdə proses ağrılı keçə bilər. Lakin elə məna yükləmək olmaz ki, genişmiqyaslı toqquşma ehtimalı yüksəkdir. Bununla belə ayıq-sayıqlıq şərtdir. Nazir döyüş planlarının dəqiqləşdirilməsini də tələb edib. Əslində hər hərbi hissənin özünün döyüş xəritəsi, planı olur. Görünür ki, bölmələrin dövlət sərhədinin Kəlbəcər istiqaməti ilə bağlı konkret döyüş planı yoxdur. Ancaq buna baxmayaraq, ordumuz orada da möhkəmdir və konkret döyüş planı olmadan da məqsədinə nail olur”.
A.Kərimov bəyan edib ki, döyüş planı dəqiqləşərsə, gələcəkdə baş verən təxribatlara qarşı daha optimal və konkret cavablar veriləcək və Ermənistanın əli-qolu tamamilə bağlanacaq:
"Zakir Həsənov qoşunların mühəndis təminatı tədbirlərinin sürətləndirilməsini də tapşırıb. Bu isə o deməkdir ki, maksimum şəkildə istehkam işləri tez yekunlaşmalıdır və sərhəd qışa qədər möhkəmlənməlidir”.