Şəfəqə Doğru » Manşet » "RESTORANLARDA BOŞ MASA YOXDUR..."

"RESTORANLARDA BOŞ MASA YOXDUR..."

"RESTORANLARDA BOŞ MASA YOXDUR..."

"Bu il deməzdim ki, mənim üçün pis oldu. Pandemiyaya görə çətinliklər olsa da, uğurlu il oldu. Arzu edirəm ki, yeni ilimiz də xalqımız üçün uğurlu gəlsin. Narazılığım, nigarançılığım yoxdur. Gedib Qarabağımızı, Şuşamızı gördük, "Xarıbülbül” festivalında da ilk dəfə iştirak etdik. Bu bir möcüzə idi”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, kamança ifaçısı Mirnazim Əsədullayev deyib. Sənətçi bundan sonra da ölkəmizə sülh və əmin-amanlıq arzu edib:
 
"Ölkəmizdə inşallah hər şey zamanla qaydasına düşəcək. Müharibədən çıxmışıq və bir az da hələ baş qarışıqdır. Düşmən elə bir yumruq yeyib ki, indi təxribata cəhd edənlər çaqqal-çuqqaldır. Özünüz də şahidisiniz ki, ordumuz gün-gündən necə inkişaf edir, güclənir. Ölkəmizə paxıllıq edənlər çoxdur. Bəzən dolanışıqlarından narazılıq edənlər var. Mən deyirəm ki, bir gecə şəhərə çıxın və baxın görün restoranlarda bir dənə boş masa var?! Hamı gəzir, firavan yaşayır. Əvvəllər də çətinliklər olub. Adam gedib işləyib pulunu alıb və ailəsini də saxlamalıdır. Mən də bu yaşımda işləyirəm. Çoxları istəyir ki, işləyib əziyyət çəkməsinlər və pulu da gətirib bunların ciblərinə qoysunlar. Şükür Allaha, torpaqlarımız da işğaldan azad olunub. O yerlərdən didərgin düşən soydaşlarımız da yerlərinə qayıdarlar və firavan yaşayarlar. Bu gün rayonlardan axışıb Bakıya gəlirlər. Sonra da deyirlər ki, iş yoxdur. Rayonlarda kifayət qədər torpaqlar var, onları əkib-becərmək, qorumaq lazımdır. 
 
Mən öz ailəmdən danışıram. Mənim də işləməyən qardaşlarım var, deyirəm ki, işləyin və cibinizdə də pulunuz olsun. Ölkəni çapıb-talamaq yox, ölkəyə xeyr vermək lazımdır. Belə olanda hər şey gözəl olar”.