Şəfəqə Doğru » Manşet » EVLƏNƏNLƏR PSİXOLOJİ TESTDƏN KEÇİRİLMƏDİRLƏRMİ - Boşanmalar PİK HƏDDƏ ÇATIB

EVLƏNƏNLƏR PSİXOLOJİ TESTDƏN KEÇİRİLMƏDİRLƏRMİ - Boşanmalar PİK HƏDDƏ ÇATIB

EVLƏNƏNLƏR PSİXOLOJİ TESTDƏN KEÇİRİLMƏDİRLƏRMİ - Boşanmalar PİK HƏDDƏ ÇATIB

Rəsmi məlumata görə, 2021-ci ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 46100 nikah və 14316 boşanma halı qeydə alınıb.

 

Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb. Rəqəmlərdən də göründüyü kimi, ölkədə boşanmaların sayı yüksələn xətt üzrə davam edir.

 

Dünyanın bir çox ölkələrində ailə quran cütlüklərdən psixoloji test tələb olunur. Bununla gələcəkdə boşanmaların, intiharların, ailədaxili şiddətin qarşısı qismən alınır.

 

Azərbaycanda ailə quracaq şəxslər tibbi arayış təqim etsələr də, onlardan psixoloji test tələb olunmur. Ölkədə hər il boşanmaların sayında kəskin artım müşahidə edildiyi üçün psixoloji testin tələb olunması arzuolunandır.

 

 

"Yalnız bir testlə hansısa məsələni həll etmək olmaz

 

 

Milli Məclisin deputatı Fazil Mustafa Modern.az saytına  açıqlamasında bildirib ki, belə bir arayışın olması, əslində normal qəbul edilməlidir.

Onun sözlərinə görə, bu arayışların hansı formada veriləcəyini əvvəlcədən proqnozlaşdırmaq olar:

 

"Hər kəs gedib yoxlamadan keçmədən, qeyri-qanuni şəkildə əlavə vəsait ödəyərək, qeyd olunan arayışı alacaq. Ona görə də bu o qədər də effektli olmayacaq. Amma intiharların və boşanmaların müəyyən qədər qarşısını ala bilər. Bunu hansısa formada tənzimləməyin konkret yolunu söyləmək çətindir”.

 

Deputat qeyd edib ki, bu həm də cəmiyyətdə yaşam şərtlərinin yaxşılaşması ilə bağlı olan məsələdir:

 

"Bir çox insanların bu kimi sıxıntılarda psixoloji hazırlığı olmadığına görə onlar ailə münasibətlərinin gərginliyinə tab gətirə bilmirlər. Yəni, əvvəlki dövrlərdə bəlkə cəmiyyətdə el adəti, müəyyən törələr və başqa məsələlər öz təsirini göstərirdi və nəticədə bu qədər boşanma olmurdu. Amma indi bir az daha sərbəstlik olduğuna görə, insanlardan bunu gözləmək də çətindir. Bütün hallarda hesab edirəm ki, problemləri başqa formada həll etmək lazımdır. Bunun üçün birinci növbədə insanların məşğulluq məsələsini həll etmək önəmlidir. Evlərinə normal gəlir aparmaları, qazanc əldə etmələrini təmin edən bir mexanizim qurulmalıdır. Bunlar çox önəmlidir. Sosial, iqtisadi faktrlar həm kişinin, həm də qadının həyatına çox ciddi təsir edir. Ona görə də yalnız bir testlə hansısa məsələni həll etmək olmur. Xəstəliyi olmayan adam belə, sonradan gərginliyin içində dolaşıqlığa düşüb, daha kəskin addımlar atmağa məcbur olur. Məsələnin arayış üzərində qurulması, məsələnin tənzimləməsində məncə o qədər effekt verməyəcək”.

 

 

"Psixoloji test məhkəmələr üçün də vacibdir

 

 

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə ailə qurmadan öncə cütlüklərdən psixoloji testin tələb olunmasının müsbət tərəflərinə diqqət çəkib:

"Əvvəllər bizdə evlənən şəxslərdən tibbi arayışlar tələb olunmurdu, amma sonradan bu arayışlar nəticəsində kimdə hansı xəstəliyin olması üzə çıxdı. Bundan sonra ailələrdə ən azından düşünmə formalaşdı. Düşünürəm ki, psixoloji test arayışının olması önəmlidir”.

 

K.Ağazadə ilkin olaraq, qeyri-rəsmi nikahlar haqqında düşünməyin vacib olduğunu vurğulayıb:

 

"O zaman bu necə olacaq? Məhkəmələrdə ən çox asılılığı, "psixoloji problemi var”, kimi ittihamlarla rastlaşırıq. Ona görə də psixoloji testin olması ilə həm psixoloji xəstəliklərin ortaya çıxması, davranış pozuntuları ilə bağlı insanlarda baş verən hadisələrin qarşısını ala bilərik”. 

 

 

"Ailə quran insanların psixoloji portreti hazırlanmalıdır"

 

 

Ailə psixoloqu Taryel Faziloğlu bu testin dünyanın ciddi və inkişaf etmiş ölkələrində artıq uzun müddətdir tələb olunduğunu bildirib:

"Ailə quran insanların psixoloji vəziyyəti ilə bağlı arayış tərtib olunmalıdır. İkisinin də psixoloji portreti hazırlanmalı və o portret əsasında psixoloq rəy verməlidir ki, bu adamlar ailə qura bilər, ya yox. Çünki xarakter fərqliliyi, birində və ya ikisində də psixoloji pozuntular ola bilər, onların uyumluluq dərəcəsi nəzərə alınmalıdır”.

 

T.Faziloğlu qeyd edib ki bu arayış boşanmaların, ailədaxili şiddətin də qarşısını tam almasa da, 50-60 faiz azalmasına təsir göstərəcək:

 

"Təbii ki, əgər psixoloqun rəyi ciddi şəkildə təsir gücünə sahib olarsa. Psixoloq rəy verib, amma adamlar "biz bir-birimizi sevirik, evlənəcəyik”, deyərlərsə, o zaman tələb qoyulmalıdır ki, hər ikisi psixoloji terapiyadan keçirilsin. Bu zaman tərəflərdə olan travmalar söndürülməli, ortaq məxrəc formalaşdırılmalıdır ki, evliliyin təməli möhkəm olsun, ailədaxili şiddət və boşanmalar minimuma ensin. Bu baxımdan ailə qurmadan öncə psixoloqun rəyi mütləqdir”.