Şəfəqə Doğru » Manşet » “Artıq əsas toqquşma nöqtəsi Qarabağ deyil, Qərbi Zəngəzur ola bilər”

“Artıq əsas toqquşma nöqtəsi Qarabağ deyil, Qərbi Zəngəzur ola bilər”

“Artıq əsas toqquşma nöqtəsi Qarabağ deyil, Qərbi Zəngəzur ola bilər”

Analitik: "Minsk Qrupunun proseslərə yenidən qoşulmasının real imkanları görünmür”

Rəsmi İrəvandan tez-tez Azərbaycanla münasibətlərin nizamlanması prosesində ATƏT-in Minsk Qrupunun iştirakına yönəlik bəyanatlar səsləndirilir. İkinci Qarabağ müharibəsindən sonra fəaliyyəti de-fakto dayanmış həmsədrlik institutunun bərpasında Ermənistan tərəfi israrla maraqlı olduğunu nümayiş etdirir. Son günlər Ermənistan rəsmilərinin ritorika və görüşlərində Minsk Qrupunun aktivləşdirilməsinə yönəlik hərəkətlər müşahidə edilir.

Hər zaman Qarabağ nizamlanmasında həmsədrlərin iştirakının vacibliyini dilə gətirən Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə Rusiyanın səfiri Sergey Kopırkin ilə görüşündə də yenidən bu barədə danışıb. Paşinyan rusiyalı diplomatla söhbəti zamanı Qarabağ münaqişəsinin həllində Minsk Qrupunun həmsədr ölkələrinin səfirləri ilə vaxtaşırı görüşlərin və həmsədrlik formatının vacibliyini vurğulayıb. Paşinyan bundan əvvəl isə İrəvanda ABŞ səfiri ilə görüşmüşdü və rusiyalı diplomata dediklərini amerikalı səfirin də diqqətinə çatdırmışdı.

Ötən həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə İkinci Qarabağ müharibəsindən sonra "yoxa çıxan” ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. Görüşdə şəxsi nümayəndənin mandatından irəli gələn bir çox məsələlərə toxunulub.

"Mirzoyan Ermənistan tərəfinin Qarabağ münaqişəsinin hərtərəfli həlli ilə bağlı mövqeyini bir daha təsdiqləyib və bu kontekstdə ATƏT-in Minsk Qrupunun həmsədrliyinin vasitəçilik rolunu vurğulayıb”, – deyə Ermənistan Xarici İşlər Nazirliyinin görüşlə bağlı yaydığı məlumatda bildirilib.

Rəsmi Bakının Minks Qrupu ilə bağlı mövqeyi isə bəllidir – Qarabağ münaqişəsi həll olunub, həmsədrlik institutunun vasitəçilik edəcəyi hansısa məsələ qalmayıb. Bu, Azərbaycan tərəfindən ən yüksək səviyyədə – Prezident İlham Əliyev səviyyəsində səsləndirilib.

Maraqlıdır ki, qalib tərəfin – Azərbaycanın diktəsi ilə baş verən sülh prosesində rəsmi Bakının qəbul etmədiyi Minsk Qrupu formatının yenidən işə düşməsində rəsmi İrəvan niyə bu qədər israrlıdır? Analitiklər bu suala cavab verərkən bir sıra məqamların olduğunu bildirirlər.

Siyasi icmalçı Asif Nərimanlı AYNA-ya müsahibəsində qeyd edib ki, Minsk Qrupu de-fakto ləğv edilsə də, Ermənistan Qarabağa dair istəyinə yalnız bu formatda nail olacağının mümkünlüyünü anlayır:

– Çünki keçmiş münaqişə ilə bağlı yeganə de-yure mandat bu qrupdadır. ABŞ, Rusiya və Fransa öz həmsədrlərini xüsusi nümayəndə olaraq dəyişdirdi. Bu, tərəflərin Cənubi Qafqazda proseslərdən geri qalmamaq niyyətindən irəli gəlsə də, eyni zamanda, öz missiyalarından imtina etməsi deməkdir. İrəvan isə hələ də bu formatda nəyəsə ümid edir. Dediyim kimi, çünki başqa alternativləri yoxdur. Ermənistan "status”u məcburi şəkildə arxa plana keçirib, "etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” ilə razılaşır, lakin bunun Azərbaycanın vətəndaşlığı altında baş tutmamasına, "öz müqəddəratını təyin etmə” prinsipinə yaxın hansısa status almağa da çalışır. Brüssel görüşündən sonra Paşinyanın keçmiş həmsədr dövlətlərin Ermənistandakı səfirləri ilə ayrı-ayrılıqda görüşləri də buna hesablanmışdı.

– Yəni ki, İrəvan "status” iddiasına dəstək axtarışındadır…

– Bəli! İrəvan aşağı salınması tələb olunan "status” məsələsində dəstək axtarır. Anlayır ki, indiki halda həmsədrlik formatını diriltmək çətindir. Lakin onların marağına hansı ölkənin dəstək verə biləcəyini araşdırır, eləcə də, bu ölkələr üzərində manevrlər edir. Çünki hər üç ölkənin bölgədə maraqları var. Bölgənin gündəmi Bakının şərtləri çərçivəsində müəyyən edilib artıq. Belə demək mümkündürsə, Azərbaycan üçün hansı masanın önə çıxacağından daha çox, şərtlərinin qəbul edilməsidir. Bu baxımdan, hər üç ölkə prosesə Ermənistan üzərindən qoşulmağa çalışır. Belə vəziyyətdə İrəvanın manevr imkanları yaranıb və Paşinyan bundan yararlanmaq istəyir.

Burada Paşinyanla görüşən səfirlərin də maraqları var. Keçmiş həmsədr ölkələr də Ermənistan vasitəsilə proseslərdə iştirak payını artırmağa çalışır. Əsas diqqətçəkən məqam isə ABŞ və Rusiya səfirlərinin Paşinyanla görüşdən öncə Qərbi Zəngəzur bölgəsinə baş çəkmələri, orada yerli idarəetmə strukturlarının rəhbərləri və əhali ilə görüşmələridir. Qərbi Zəngəzur Qafqazda yeni gərginlik və geosiyasi mübarizə ocağına çevrilə bilər. Çünki müharidədən sonra bu bölgənin Avrasiyanın nəqliyyat şəbəkəsində həlledici mövqeyə sahib olması imkanı yaranıb və İran da daxil olmaqla, bütün oyunçuların bölgədə öz maraqları var. Hətta deyərdim ki, artıq əsas toqquşma coğrafiyası Qarabağ yox, Qərbi Zəngəzur ola bilər. Paşinyan geosiyasi mübarizədə yaranmış imkanlardan maraqlarının nəzərə alınması üçün faydalanmaq niyyətindədir.

– Uzun zamandır görünməyən ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik İrəvanda peyda olub, görüşlər keçirir. Onun üzə çıxması nələrdən xəbər verir?

– ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıya sonuncu səfərində Prezident Əliyev vəziyyəti və Azərbaycanın mövqeyini ona izah etdi. Lakin müharibədən sonra reallıq fərqli olsa da, təşkilat hələ də bölgədə fəaliyyətini davam etdirmək niyyətindədir. Bunu həmsədrlik formatı üzərindən edə bilmədikləri üçün xüsusi nümayəndə olan Kaspşik aktivləşib. Onu Bakıda qəbul etmədikləri üçün Azərbaycana gəlmir, əks təqdirdə, məmnuniyyətlə bunu edərdi. İrəvana səfər də ATƏT mandatının Ermənistan tərəfindən qəbul edilməsi və dirildilməsi cəhdindən qaynaqlanır. ATƏT də keçmiş həmsədr ölkələr kimi bölgədə varlığını Ermənistan üzərindən davam etdirməyi planlaşdırır. Bu da daha çox Qərb ölkələrinin (Fransa və ABŞ-ın) fəaliyyətinə dəstək xarakteri daşıyır. Çünki Qarabağda sülhməramlı qismində təmsil olunan və təsir rıçaqı daha güclü olan Rusiyadan fərqli olaraq, Qərbin əlində əsas rıçaq hələ də həmsədrlik formatıdır. İstisna deyil ki, Kaspşikin səfəri də bu rıçaqın müəyyən qədər də olsa gücləndirilməsinə hesablanıb. Qərb üçün bu rıçaq bölgədə iştirakçılıq payını artırmağa xidmət edir.

– Bakı həmsədrlik formatını birmənalı olaraq məqbul saymadığını açıq bəyan edib. Belə olan halda, Minsk Qrupunun proseslərə yenidən qoşulması nə dərəcədə mümkündür?

– Bunun mümkünlüyü ehtimalı olduqca zəifdir. Bu gün Minsk Qrupundan nəzəri olaraq bəhs olunur, lakin artıq bütün tərəflər bu formatın qayıtmayacağı reallığını qəbul edirlər. Çünki dünya artıq Rusiyanın Ukraynaya hücum etdiyi 24 fevral tarixindən öncəki kimi olmayacaq. Qərb Rusiyanı oyundan çıxararaq, Minsk Qrupunun üzvlərini dəyişdirmək gedişi ilə nəyəsə cəhd edərsə, bu, ilk növbədə bölgədə və tərəflər üzərində təsir imkanı olan Moskva tərəfindən bloklanacaq. Digər tərəfdən, Azərbaycan qəbul etməyəcək və artıq Qarabağa aid bütün məsələlərdə Bakının mövqeyi həlledici amildir. Rusiya Ukraynada bütün geosiyasi təsir imkanlarının itirilməsi ilə nəticələnən məğlubiyyətə uğrasa – hərçənd ki, reallıq bu ehtimalın uzağındadır – yenə Bakının mövqeyinə görə formatın dirilməsi çətin görünür.

Türkiyə faktoru da bu məsələyə təsir edə bilər. Minsk Qrupu dirilməyəcəyi üçün həmsədr ölkələr xüsusi nümayəndəlik institutu üzərindən fəaliyyət göstərməyə başladı. Digər tərəfdən, artıq bu formata qarşı bir neçə alternativ formalaşdırılıb. Azərbaycan-Rusiya-Ermənistan, Azərbaycan-Avropa İttifaqı-Ermənistan formatları var. Ukrayna müharibəsindən öncə Azərbaycan-Rusiya-Aİ-Ermənistan formatı müşahidə olunurdu. Müharibədən sonra bu format daxilində rəqabət görünür, hərçənd ki, Brüssel və Moskva bir-birinə istinad etməyə məcbur vəziyyətdə qalıb.

Bununla yanaşı, Brüssellə Vaşinqtonun toqquşan maraqları belə bir perspektivi mürəkkəb vəziyyətə salır. Qərbdə bu formatın dirildilməsi imkanı reallığa yaxın olarsa, o zaman məsələnin Türkiyə, Rusiya və İranın iştirak etdiyi "3+3” formatına daşınması ssenarisini görə bilərik. Bu baxımdan, Minsk Qrupunun proseslərə yenidən qoşulmasının real imkanları görünmür.