Şəfəqə Doğru » Manşet » “Yol qəzalarının əsas baiskarlarından biri də "Hell", "Yaguar", "Red Bull"dur...” - İLGİNC İDDİA

“Yol qəzalarının əsas baiskarlarından biri də "Hell", "Yaguar", "Red Bull"dur...” - İLGİNC İDDİA

“Yol qəzalarının əsas baiskarlarından biri də "Hell", "Yaguar", "Red Bull"dur...” - İLGİNC İDDİA
Tərkibində spirt olan 3 energetik içkinin gücü yarım litr spirtli içki qədər təsirediciliyə qadirdir. Azərbaycanda bu içkidən istifadə edənlər gündən-günə artır və çox təəssüf ki, artan siyahıda avtobus və taksi sürücüləri də var. Mən deyərdim ki, yol qəzalarının əsas baiskarı spirt tərkibli energetik içkilərdir. Gənclər və azyaşlılar arasında da bu içkinin alüdəçiləri gündən-günə çoxalır. Ən narahatedici məqam odur ki, adı enerji içkisi olsa da, orqanizmin gücünü alan bu qidalar gənclər arasında narkomaniyaya da yol açır. Ona görə də aidiyyatı qurumlar bu içkilərin ölkəyə kütləvi idxalını durduran, kütləvi qəbulunun qarşısını alan qərarlar verməlidir”.
Bu fikri Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov Hurriyyet.org-a açıqlamasında bildirib.

Bəzi Avropa ölkələrində qadağan olunub

Birlik sədrinin sözlərinə görə, bir çox Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da energetik içkilərin gətirilməsinə və satışına qadağa qoyulması daha məqsədəuyğundur: "Bu içkilərin əksər Avropa dövlətlərində qəbulu qadağandır. İsveçdə, Fransada, Almaniyada demək olar ki, yalnız apteklərdə satılır. Norveçdə, Danimarkada tamam qadağan olunub. Onu ilk dəfə amerikalılar Vyetnam müharibəsində öz əsgərlərinə veriblər ki, ruhlandırıcı, yuxuqaçırma təsirinə malikdir, amma bu təsirin əks təsiri də orqanizmdə özünü heç də çox yubatmır. Bizim ölkəmizə əsasən Polşadan idxal edilir. Bu içkilər Avstriyada da çox istehsal olunur”.

Rusiyada tələbələri öldürdü

Birlik sədri onu da vurğuladı ki, bu içkilərlə bağlı Rusiya mətbuatında mübahisəli müzakirələr açılır: "Rusiyada da bu içkilərin ölkəyə idxalının qadağan olunması zaman-zaman dartışılır, orqanizmi zərrə-zərrə öldürdüyü yazılır. Rusiyada imtahana hazırlaşan gənclər yuxularını qaçırmaq üçün energetik içkilərdən istifadə etdiklərinə görə, tələbələr arasında ölüm halları baş vermişdi. Bizdə isə reklamı gündən-günə genişlənir”.

"Hell” cəhənnəmə göndərir, bəs yol polisi hara baxır?

Dövlət Məmmədovun sözlərinə görə, əsasən heyvan adları qoyulan enerji içkiləri elə reklam edilir ki, sanki o içkini qəbul edənlər həmin heyvanlara bənzəyir, güclənir, cəsarətlənir: "Bu içkilər kifayət qədər də reklam olunur. Məsələn, mağazaların vitrinlərinə yapışdırılır. "Hell” ingilscədən tərcümədə "cəhənnəm” deməkdir. Bankanın üz tərəfində də şeytanın simvolu var. Yəni belə anlaşılır ki, bu içkini qəbul edən cəhənnəmlik olur, şeytan da ona baxıb gülür. Bunu içənlər başa düşmür ki, qəbul etdiklərinin tərkibi nədən ibarətdir. Hətta mən son vaxtlar diqqət etmişəm, avtobus sürücüləri arasında energetik içki qəbul edənlər artıb, özü də əksəriyyəti tərkibində spirt olanları qəbul edirlər. Minlərlə insan həyatını bu sürücülərə etibar edir, onlarsa belə məsuliyyətsizliyə yol verirlər. Bir sürücüyə irad bildirdim ki, bilirsən əlində içdiyin nədir, deyir, hamı içir, mən də içirəm. İzahat verəndən sonra ki, bunun nə ziyanı var, deyir xəbəri yoxdur. Taksi sürücüləri, avtomobil idarə edənlər tərkibi spirtli olan energetik içkilər qəbul edib, sükan arxasında otururlar. Yol polisi hara baxır? Yol qəzalarının baş verməsində başlıca səbəblərdən biri də bu içkilərdir”.

Səhiyyə orqanları, millət vəkilləri susdurulub?

Birlik sədri hesab edir ki, bu içkini mütəmadi qəbul edənlərin zehni işləmir, beyinlərində kütlük, heysizlik, hərəkətsizlik, yaddaşsızlıq yaradır. Ona görə də səhiyyə orqanları bu barədə geniş məlumat verməli, bu məsələ millət vəkilləri tərəfindən parlamentdə müzakirəyə çıxarılmalı, müvafiq qanunlar qəbil edilməlidir: "Təzyiqli xəstələrin, ürəyi xəstə olanların bu içkini qəbul etməsi onların ölümü ilə nəticələnə bilər. Niyə səhiyyə orqanları bu barədə məlumat vermirlər? Bəlkə bu içkinin biznesini təşkil edənlər onları susdurular?! Bu haqda respublikanın baş pediatrı öz sözünü deməlidir. Uşaqların sağlamlığını energetik işkilərə qurban vermək olmaz. Əgər biz uşaqlarımızı sağlam görmək istəyiriksə, bilməliyik ki, bu araqdan və siqaretdən çox dəhşətlidir. 18 yaşınadək uşaqlara, yaşlılara, qan təzyiqi yüksək olan, ürəyi zəif olan insanlara, hamilə qadınlara energetik içki içmək olmaz. Bu həm də kişi və qadınlarda sonsuzluq yaradır, hətta bəzən narkomaniyaya yol bu içkilərdən keçir”.

Həkim rəyi: "Tonuslaşdırıcı təsiri olduğu üçün orqanizmin enerjisini alır”

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bizə Sanitariya və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevlə əlaqə saxlamaq tövsiyə edildi. Qurumun qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev Hurriyyet.org-a bildirdi ki, energetik içkilərlə bağlı onlara da müraciət edənlər az olmur və bu içkinin enerji dəyəri, xeyri, ziyanı barədə soruşulur: "Öncə onu deyim ki, energetik içkinin tərkibində şəkər yoxdursa, heç bir enerji dəyəri yoxdur. Ona görə o energetik içki adlanır ki, bu içkinin tonuslaşdırıcı təsiri var. Məsələn, tərkibində kofein var, kofein də yuxusuzluq yaradır. Yəni bu içkilər orqanizmin öz enerji ehtiyatını yığır, tənzimləyir, tonuslaşdırır, amma kənardan heç bir enerji gətirmir. Belə içkilərə bu xüsusiyyəti tərkibində olan kofein, taurin və sair bu kimi tonuslaşdırıcılar verir”.

Əvvəl oyanıqlıq yaradır, sonra əzginləşdirir...

Şöbə müdiri dedi ki, energetik içkilər alkoqollu və alkoqolsuz olur və hər iki tip içkini azyaşlıların, məktəbyaşlı uşaqların qəbul etməsi zərərlidir: "Bunu pediatorlar daha yaxşı izah edə bilər. Xüsusən hiperaktiv, enerjili uşaqlarda bu içkilər oyanıqlıq yaradır, sonradan isə əzginləşdirir. Əlbəttə, bunu normal içki hesab etmək olmaz. Daha çox dərman kimi təsiri var. Dünyada içki məhsulu kimi insanların qidasına daxil olub, amma sərinləşdirici kimi yox, tonuslaşdırıcıdır”.

"Satışına qadağa üçün qanunverici akt olmalıdır”

İ.Abdullayev dedi ki, bu içkinin Azərbaycanda satışına qadağa ilə bağlı qanunverici akt olmadığı üçün, səhiyyə qurumları yalnız tövsiyə xarakterli göstəriş verə bilər: "Hər ölkənin daxili qanunvericiliyinə uyğun satışı var. Rusiya Federasiyasının Dövlət Dumasında da bu cür içkilərə qadağa qoyulması və sair məsələlər qaldırılır, amma qanunverici akt halına salınması hələ yoxdur. Millət vəkili və ya adi vətəndaş öz fikirlərini izah edirsə, bu qanun deyil. Biz də dövlət orqanı olaraq qanunu tənzimləyirik. Bu içkilərlə bağlı Azərbaycanda Rusiyanın "QOST”u dövlət standartı kimi alkoqollu və qeyri-alkoqollu içki kimi qeydiyyata götürülüb və hər ikisi tonuslaşdırıcıdır. Standarlaşdırma Komitəsi tərəfindən razılaşdırılıb və ondan sonra Ədliyyə Naziriyində qeydiyyatdan keçirilib”.
Səhiyyə sözçüsü dedi ki, spirt tərkibli energetik içkilərdə 7,8 faizə qədər spirt varsa, bu alkoqollu içkilər siyahısına daxildir: "Mənfi təsirlərdən biri də uzun müdət qalması üçün tərkibinə vurulan qoruyuculardır. Bu qoruyucuların da orqanizmə zərərli təsirləri var, qara ciyər toxumasına, böyrəyə va sair. Xüsusən gənclərə, uşaqlara təsir edə bilər. Bu içkilərə gənclərin çox üz tutması ola bilsin, tərkibindəki spirtə asılılıqdan irəli gəlir. Asılılıq beyində kütləşmə yaradır və kənardan informasiya qəbulunu çətinləşdirir. Ona görə də belə içklərə alüdəçilik qətiyyən yolverilməzdir”.

Deputatdan əndrabadi təklif: "Qiyməti qaldırılsın”

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev isə bu içkilərin qəbulunun, satışının qadağasını yox, qiymətinin qaldırılmasını təklif edir: "Qadağa, inzibati müdaxilə heç nəyi dəyişməyəcək. Əksinə, satış şəbəkəsini azaltmaq və qiymətləri qaldırmaqla zərərli içkidən istifadə edənlərin sayını azaltmaq olar”