Şəfəqə Doğru » Manşet » 'Anamın ödünü çıxarmaq yerinə mədəsini kəsdilər' - QALMAQAL

'Anamın ödünü çıxarmaq yerinə mədəsini kəsdilər' - QALMAQAL

'Anamın ödünü çıxarmaq yerinə mədəsini kəsdilər' - QALMAQAL
Həkim içkili olduğundan əməliyyatda anamın öd kisəsi əvəzinə mədəsini kəsib götürdü. Adını da qoydu ki, anamda xərçəng varmış. Anam bundan sonra dörd-beş ay yaşadı». Samirə Mirzəyeva AzadlıqRadiosuna belə deyir. Onun sözlərinə görə, martın 31-də Bakıda «NewMed» klinikasında cərrah Boris Zeynalovun apardığı «uğursuz» əməliyyatdan bir neçə ay sonra – avqustun 11-də anası Svetlana Əliyeva vəfat edib.

«ƏMƏLİYYATDA İŞTİRAK EDƏN BİR NƏFƏR DEDİ Kİ…»

Həkimin səhvi haqqında pasiyentin yaxınları necə öyrənib?

«Həkim dedi ki, guya mədəsində şiş olub, mənə xəbərdarlıq etmədən onu kəsib. Amma nə müayinə aparılıb, nə KT (kompüter tomoqrafiyası-red.) aparılıb, nə də MRT (Maqnit Rezonans Tomoqrafiya – red.)… Əməliyyatdan sonra anamın halı gün-gündən pisləşirdi. Əməliyyatda iştirak edən bir nəfər mənə dedi ki, cərrah içkili olduğundan mədəni kəsik-kəsik edib, ona görə də həmin hissəni götürməli oldu. Özündən soruşanda dedi ki, «şiş vardı, amma sizə xəbərdarlıq etmədən kəsib götürdüm»».

Samirə Mirzəyeva bundan sonra klinikaya kənardan həkimlər dəvət edib. Onun sözlərinə görə, həmin mütəxəssislər də həkim səhvini təsdiqləyiblər.

«40 İLİN ŞOFERİ DƏ SƏHV EDİR»

«Cərrah Boris Zeynalov mənə dedi ki, «səhvdir etmişəm, bağışlayın, qırx ilin şoferi də səhv edir». Xəstəyə beş ayda 40 min dollar xərc çəkmişik. O da dedi ki, bunu ödəyəcək. Beş aydır biz gözləyirik. Həkim mənə dedi ki, «xəstənin bütün xərclərini öz öhdəmə götürəcəyəm, hər şeyi özüm həll edəcəyəm». Yalvardı-yaxardı. Dedim ki, «anam rəhmətə getsə, əlimdən qurtara bilməyəcəksən, bütün instansiyalara müraciət edəcəyəm». Anam rəhmətə gedəndən sonra ondan heç nə tələb etmirəm, bircə xahişim var, o, cəzasını alsın. 65 yaşında anamı qara torpağın altına niyə qoydu? Biz bir bacı, bir qardaşı idik. Qardaşım şəhid olub. Bircə anam qalmışdı… Şəhid anasına belə hörmət edirlər?» – Samirə Mirzəyeva sual edir.

«İÇKİLİ OLMAMIŞAM, BÖHTAN ATIRLAR»

Cərrah Boris Zeynalov AzadlıqRadiosuna əməliyyata içkili halda girməsi haqda deyilənləri rədd edib.«Svetlana Əliyeva klinikaya mexaniki sarılıqla gəlmişdi, ödün ağzı tutulmuşdu, bu da qana zəhərlənmə verir. Bu halda həmin xəstə əməliyyat olunmalıdır», - deyir cərrah. O, əməliyyat zamanı mədədə onkoloji problem gördüklərini, buna görə də həmin orqanın rezeksiyası, yəni mədənin bir hissəsinin götürülməsi haqda qərar verildiyini bildirir. Ancaq cərrah bununla bağlı xəstə yaxınlarına məlumat verildiyini, «onların yalvar-yapışından sonra» mədədə cərrahi müdaxilə aparıldığını qeyd edir.

Cərrah pasiyentin xəstəxanadan çıxarkən bütün analizlərinin norma daxilində olduğunu da deyir: «Kağız da yazdılar ki, «xəstəmizi stabil vəziyyətdə götürüb gedirik, bütün məsuliyyət də öz boynumuzdadır». Martın 31-də mən xəstəni əməliyyat etmişəm. Ayyarım, iki aydan sonra bunları kimsə qızışdırıb ortaya salıb ki, gərək bunun ödü də çıxarılaydı. Mən də buna demişəm ki, ananıza xərçəngə görə kimyəvi müalicə lazımdır. Əməliyyatdan sonra mən mədədən götürülən materialı analiz üçün Tibb Universitetinin onkoloji şöbəsinə göndərmişdim. Klinikadan cavab gəlib ki, «xərçəngdir, amma onlar cavabı gizlədirdilər». Sonra analizi başqa klinikaya aparıblar, yenə eyni cavab verilib, yenə cavab gizlədilib. Deyirlər ki, «sən bizi aldadırsan, xərçəng deyil»».

«KLİNİKAYA BİR MANAT ÖDƏMƏDİLƏR»

Həkimin dediyi kimidirsə, xəstə yaxını xəstəliyin gizlədilməsində niyə maraqlı olsun? Boris Zeynalov mərhum Svetlana Əliyevanın yaxınlarını klinikadan nəsə tələb etməkdə suçlayır: «Bizə şər atırlar. Onlar klinikaya bir manat ödəmədilər, əskinə, klinikanı nə qədər xərcə saldılar. Deyirdilər, «televiziyanı çağıracağıq, filankəsə deyəcəyik». Bizi şantaj ediblər, yardım üçün pul alıblar».

Klinikanın məsuliyyəti yoxdursa, niyə pasiyentə yardım edir? Cərrah əməliyyatdan sonra klinikanın «ayaq altında» qaldığını söyləyir.

«ƏLLƏRİ GÜRCÜSTANA ÇATMIR, MƏNƏ ŞƏR ATIRLAR»

Boris Zeynalov xəstənin onun keçirdiyi əməliyyatdan sonra normal olduğunu, amma xəstə yaxınlarının onu Gürcüstana apararaq təkrar əməliyyat etdirdiklərini, halının da bundan sonra pisləşdiyini bildirir: «Aparmağa ehtiyac yox idi. Yara bir az açıla da bilər, çirk də edə bilər, maye də gələ bilər… Bunlar xəstəni Gürcüstandan gətirəndən sonra sarılıq başlayıb. İki aydan sonra! Mən etdiyim əməliyyatdan 10 gün sonra, bir ay sonra yox. Əlləri Gürcüstana çatmır, mənim üstümə atırlar».

Ehtiyac olmasa, xəstə ağır vəziyyətdə Gürcüstana niyə aparılsın? Cərrah bu suala konkret cavab verə bilmir.

Hazırda faktla bağlı Bakı şəhəri Nərimanov rayon Prokurorluğunda araşdırma gedir. Bir neçə günə ekspertizanın rəyi açıqlanmalıdır.

İyulda 87 yaşlı Tərlan Məmmədovanın da xəstə ayağı əvəzinə salamat ayağı amputasiya edilmişdi. Bundan az sonra yaşlı qadın vəfat etdi. Son iki-üç ayda həkim səhlənkarlığı tez-tez mətbuatın gündəminə gəlir. Səhiyyə Nazirliyi az əvvəl bununla bağlı AzadlıqRadiosuna demişdi ki, onlar dövlət xəstəxanalarında baş verən halları araşdırır və uyğun addımlar atırlar. Özəl klinikada baş verənləri isə hüquq-mühafizə orqanlarının müraciətindən sonra tədqiq edə bilərlər.