Şəfəqə Doğru » Manşet » Ermənistandan Azərbaycana HIMARS hədəsi – Bakını ABŞ silahı ilə vurmaq xəyalı

Ermənistandan Azərbaycana HIMARS hədəsi – Bakını ABŞ silahı ilə vurmaq xəyalı

Ermənistandan Azərbaycana HIMARS hədəsi – Bakını ABŞ silahı ilə vurmaq xəyalı

Özünü Ukrayna ilə müqayisə edən kapitulyant ölkədə Pelosinin səfəri ən sərsəm iddialara və gözləntilərə rəvac verib; Ermənistana isə silah yox, ağıl vermək zamanıdır…
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvan səfərinə görə bir çox ermənilər hələ də toy-bayram içindədir. Az-çox ağlı olan haylar isə anlayır ki, qalmaqallı ziyarətin altını ən çox elə erməni xalqı çəkəcək. Çünki sabiq prezident Donald Trampın “ifritə” adlandırdığı 85 yaşlı “demokrat” qarı gerçəkdən də İrəvana ermənilərə canı yandığı və ya saxta soyqırımı abidəsi önündə saxta göz yaşı tökmək üçün gəlməmişdi.

Erməni lobbisinin çörək yeyənlərindən olan Pelosinin İrəvanda söylədiyi iddialı fikirlərə, o cümlədən Konqresdə Azərbaycan əleyhinə qətnamə qəbul etdirəcəyi ilə bağlı onun ermənilərə verdiyi vədə ən əvvəl bu prizmadan baxmaq lazım gəlir.

Əvvəla, vaxt baxımından bu mümkün olacaqmı? Məsələ ondadır ki, ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkilərinə iki aydan az qalıb. Qarşıdakı seçkilərdə isə rəy sorğularına görə, N.Pelosinin təmsil elədiyi Demokratlar Partiyasının Respublikaçılara labüd məğlubiyyəti və Konqresdəki üstünlükləri itirməsi gözlənilir. Demək, Pelosi sədr postundan məhrum olacaq.

İkinci yandan, 2019-cu ildə Konqresdə Türkiyə əleyhinə saxta soyqırımın tanınması ilə bağlı qətnamə ermənilərin xeyrinə nəyi dəyişə bildi ki, Azərbaycana qarşı sənəd də bölgədə qüvvələr nisbətini onların xeyrinə dəyişə? Eləcə də bədnam “Azadlığa Müdafiə Aktı”na “907-ci düzəlişi” yada salmaq olar. Hansının qüvvəsini ki, yenə ABŞ prezidentləri illərdir dondurmalı olurlar – Amerika mənafeyi naminə.

Doğrudur, ABŞ qüdrətli dövlətdir. Amma ABŞ Konqresi Haaqa Tribunalı deyil. Heç ABŞ dövlətinin özü də deyil. Bu dövlətin xarici siyasətini müəyyənləşdirən prezidentlik institutu, xarici siyasətə güclü təsir edən “beyin mərkəzləri” var. Sonuncuların işi-gücü isə heç də səhərdən axşama oturub ermənilərin, Ermənistanın maraqlarının qorumaq deyil. Nəhayət, ABŞ güclü dövlət olsa da, güclə, reallıqla hesablaşan dövlətdir. Güney Qafqazda isə açar ölkə, əsas güc Azərbaycandır. Onun başının üstündən bölgədə hansısa planlar qurmaq, işlər çevirmək – özü də çörəyi dizi üstündə olan nankor və etibarsız ermənilərin əli ilə – mümkünsüzdür. Bu, Rusiyaya, Fransaya da aiddir.

*****

“Yəni doğrudanmı indiki vəziyyətdə Ermənistan düşünür ki, ABŞ Konqresində və ya Avropa Parlamentində, yaxud BMT strukturlarında hansısa ermənipərəst qüvvələr hansısa təkliflə çıxış etsələr və ya öz kağız parçası ilə Azərbaycana qarşı hücuma keçsələr, bu, Azərbaycanın siyasətini dəyişdirə və regionumuzda qüvvələr balansını dəyişə biləcək? İllüziyadır!”

Bu sözləri  müsahibəsində Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, politoloq Eldar Namazov deyib.

“Ermənistan 2-ci Qarabağ müharibəsində Azərbaycana uduzub. O, hərbi-iqtisadi potensialına, demoqrafik potensialına görə Azərbaycandan geridədir, həm də qat-qat geridədir. Ermənistan hakimiyyəti isə ABŞ, Fransa, Rusiyada fəaliyyət göstərən erməni diasporları hesabına beynəlxalq diplomatik müstəvidə bütün bu zəifliklərini və məğlubiyyətlərini kompensasiya edə, Azərbaycana qarşı bu sahədə müəyyən nəticələr əldə edə biləcəklərini zənn edir. Xam xəyallardır”, – deyə politoloq qeyd edib.

Namazova görə, hazırda yaşadığımız qlobal böhran şəraitində Azərbaycanın dünyada rolu və nüfuzu xeyli artıb və Azərbaycan Cənubi Qafqazın böyük enerji resurslarına malik ən böyük dövləti kimi Asiya və Avropa arasında, Çin arasında körpü, Rusiya ilə İran arasında Hindistana okean magistrallarına çıxışı olan körpüdür: “Biz müxtəlif beynəlxalq müqavilələrdə Azərbaycanın rolunun güclənməsini, böyük beynəlxalq nümayəndə heyətlərinin səfərlərini, yeni layihələrin reallaşmasını müşahidə edirik. Ona görə də Ermənistanın xarici siyasət arenasında Azərbaycana hansısa formada zərər vura biləcəyini düşünmək illüziyadır. Başqa yandan, beynəlxalq hüququn özü hazırda böhran içindədir, əksər beynəlxalq təşkilatlar iflic vəziyyətindədir”.

Politoloq deyib ki, Ermənistanı qoruyub saxlamağın və inkişaf etdirməyin yeganə real yolu mehriban qonşuluq siyasəti, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasına dair razılaşma, Azərbaycan və Türkiyəyə qarşı hər hansı ərazi iddialarından imtina etməkdir: “Bu, Ermənistanı girdiyi çıxılmaz vəziyyətdən çıxaracaq yeganə yoldur. Azərbaycan və Türkiyə ilə sülh olmasa, Ermənistanın gələcəyi yoxdur, bu ölkə yox olmağa məhkum olacaq”.

*****

Təəssüf ki, özünü qlobal güclər önündə israrla “satışa” çıxaran cırtdan və yoxsul Ermənistanda hələ də bu bəsit gerçəyi gözardı edir, xam xəyallarla yaşayırlar. Bu da növbəti sübut.

Armenianreport.com-un dünənki redaksiya məqaləsində Ambartsum K. adlı müəllif görün nə yazır. Daha dəqiqi, Ermənistanı təcavüzə məruz qalan Ukrayna ilə müqayisə edərək hansı xülyalara qapılır. Sitat: “Bizə nə lazımdır? Silah, silah, yenə silah. Xeyr, rus silahı yox. Bu silahlar Ukraynada özünü gözdən salıb. Bizə ən əvvəl ABŞ HİMARS-ları lazımdır. Ondan ötrü ki, Azərbaycanın bütün guşələrində azərbaycanlılar öz qohumlarının, yaxınlarının həyatına görə daim vahimə keçirsinlər. Məhz o zaman tamamilə qanuni hədəfə çevrilmiş düşmən ölkənin istənilən nöqtəsini vura biləcəyik… “Artsax” tezliklə azad ediləcək. Yeni bufer zona yaradılacaq, düşmən tərk-silah ediləcək və təzminat ödəməyə məcbur ediləcək. Artıq proses başlayıb. Çox qalmayıb, bir azca səbirli olaq”.

Beləcə, İrəvanda hələ də Bakını vurmaq planları üzərində baş sındırır, bunu hətta ABŞ sistemləri hesabına edə biləcəklərini güman edirlər. Buradaca yada salaq ki, N.Pelosi İrəvanda erməni müdafiə naziri Suren Papikyanla da görüşüb. Hansı ki, az öncə ABŞ-da çoxgünlük səfərdə olmuşdu…

Aleksandr İskəndəryan: Ermənistan başa düşür ki, yeni müharibə üçün heç bir resursu yoxdur

Lakin erməni politoloq Aleksandr İskəndəryan Amerika silahları məsələsində nikbin deyil: “Düşünmürəm ki, biz ABŞ-dan kütləvi şəkildə silah tədarükünü gözləməliyik. Bu, ciddi səslənmir. Gülləkeçirməz jiletlərin və ya gecəgörmə cihazlarının tədarükünü təsəvvür etmək olar, lakin Ermənistanın silahlarının 95%-dən çoxunu Rusiya Federasiyasından aldığı bir zamanda ağır silahların alınması fantastik görünür. Üstəlik, Pelosinin bütün bunlara dəxli də yoxdur”, – deyə o soydaşlarını sakitləşdirməyə çalışıb.

Öz növbəsində başqa bir erməni politoloq Suren Surenyants “Pelosinin səfərini Ermənistanın xarici siyasət vektorunda mümkün dəyişiklik kontekstində qiymətləndirmək olarmı” sualına cavab olaraq ümid etdiyini bildirib ki, Ermənistanın siyasi rəhbərliyi belə avantüraya getməyəcək.

“Hesab etmirəm ki, indiki Ermənistan rəhbərliyi sağlam düşüncəni o qədər itirib ki, Ermənistan üçün belə təhlükəli bir dövrdə vektorun dəyişdirilməsi məsələsini qaldırsın. Bu elə risklərlə doludur ki, 44 günlük müharibənin və son eskalasiyanın nəticələri belə bizə xırda görünə bilər”.

Pelosinin səfəri kontekstində İrəvanın Vaşinqtondan hərbi dəstək gözlənməsinə gəlincə, Surenyants bu qənaətdədir ki, ABŞ İrəvana hərbi-siyasi yardım etməyəcək. “Lakin siyasi dəstək verə bilər. Təbii ki, rəsmi İrəvan konkret gündəm təqdim eləsə və onun bəzi bəndlərini Amerika tərəfi ilə razılaşdırsa…”

Əslində isə Ermənistana silah, siyasi dəstək yox, ağıl vermək zamanıdır. Rusiya bunu bacarmadı və ya bacarmır, ABŞ necə?..“Yeni Müsavat”