Azərbaycanda 2021-ci ildə 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi göstəricilərə görə, ötən il 20 yaşadək analar tərəfindən doğulan uşaqların ümumi sayı 9476 nəfər olub. Onlardan 84 nəfəri 16 yaşa qədər olan analar, 341 nəfəri 16 yaşlı analar (ümumilikdə 425 nəfər), 1225 nəfəri 17 yaşlı olan analar, 2972 nəfəri 18 yaşlı analar, 4854 nəfəri 19 yaşlı analar tərfindən doğulanlardır. Beləliklə, ötən il Azərbaycanda 425 məktəbli ana olub.
Qeyd edək ki, yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olması erkən nikah hesab edilir. Erkən nikahlar qızların həyat və sağlamlığını təhlükəyə atır, təhsildən yayınmasına şərait yaradır, gələcəkdə iş imkanlarından məhrum edir, erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Onu da qeyd edək ki, həm erkən nikah halları, həm də erkən yaşda uşaq dünyaya gətirən qadınların çoxu kənd yerlərində yaşayanlardır. Buraya Bakı kəndləri də daxildir. Bu istiqamətdə tədbirlər həyata keçirilməsinə baxmayaraq, erkən nikah aktual problemlərdən biri olaraq qalır.
Bu gün orta təhsilə yiyələnmədən, yetkinlik yaşına çatmadan qızların ana olmasına şərait yaradan səbəblər nədir? DİA.AZ-ın məlumatına görə, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Cebhe.info-ya bildirib ki, əvvəlki illərdə yetkilik yaşına çatmayan qızların dünyaya gətirdiyi uşaqlarla bağlı rəqəm daha böyük idi:
“Bu, pandemiyadan sonrakı fəsadlardır. Həmin dövrdə nəzarət, toylar olmadı və nəzarət mexanizmi zəiflədi. Əslində yaxşı mexanizm qurulmuşdu ki, bu zəiflədi. Demək olar ki, iflic vəziyyətinə düşdü. Ancaq pandemiya olmadığı dövrdə daha çox idi. 2020-ci ildə rəsmi statistik məlumatlara görə, 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 1917, 2019-cu ildə isə 2320 nəəfər olub. Həmin rəqəmlərə baxanda hazırkı rəqəmlər bir qədər aşağıdır. Bu, daha çox erkən nikahla bağlı doğulanlardır. Qeyri-rəsmi münasibətlərdə olanların uşaqları orada yazılmamış ola bilər. Pandemiyadan sonra erkən nikahlar da çoxaldı. Ola bilər ki, ondan çox olsun. Uşaq dünyaya gətirənlərlə fakt müəyyən olunur. Qeyri-rəsmi münasibətlərdə, zorlanmadan olan uşaqlar da ola bilər. Xatırladım ki, 13 yaşlı qız zorlanma nəticəsində uşaq dünyaya gətirmişdi. Onların faizi ayrı göstərilməlidir. Yəni bəziləri ola bilər ki,erkən nikahdan olmasın. Statistikada konkret kateqoriyalara bölünməlidir ki, zorlanma qurbanları nə qədər uşaq dünyaya gətirib, yaxud erkən nikahdan, nikahdankənar doğulanlar nə qədərdir. Gənclər arasında qeyri-rəsmi nikahdən doğulanlar az olacaq. Əsasən ya erkən nikah, ya da zorlanmadan olacaq. Çox az faiz də ola bilər ki, nikahdankənar doğulsunlar. Erkən nikahda təbii ki, valideyn iştirakçıdır. Bu da mühitlə bağlıdır. Əgər mühit normal olsa, təhsilə meyil, təhsilə çağırışlar, qızların hər hansı təhlükədən qorunması ilə bağlı tədbirlər güclənsə, bu problemləri kökündən dayandırmaq mümkün olar”.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə bildirib ki, məktəblər Elm və Təhsil Nazirliyi üçün şəkil çəkdirib, paylaşmaqdan ibarət olan bir məkandır:
“Yaxud da öz qohum və dost-tanışlarını direktor vəzifəsinə təyin etmək üçün bir vasitədir. Bu gün təhsilə, məktəblərə, müəllimlərə nəzarət sıfır səviyyəsindədir. Təhsil ciddi bir prosesdir və qeyri-ciddi insanlar bununla məşğul ola bilməzlər. Bu gün məktəbyaşlı, məktəbdə parta arxasında oturmalı olan uşaqlar ər evində otururlarsa, məktəbə getməli olanlar ər evinə gedirlərsə, bunun bir günahkarı var ki, o da Elm və Təhsil Nazirliyidir. Azərbaycan Respublikasının Konstitusiyasına və “Təhsil haqqında” Qanuna görə, təhsil icbaridir. Bu, o deməkdir ki, məktəbyaşlı şəxslər mütləq 9-cu sinifədək məktəbə getməlidirlər. Ümumi təhsildə oxuyurlarsa, davamlı məktəbə getməlidirlər. Ancaq böyük əksəriyyət məktəblərdə nə baş verir? Bizim valideynlər gedib direktorlarla aylıq, illik müəyyən pul müqabilində danışırlar. Uşaqların adı məktəbdə gedir, özləri məktəbə getmir. Bu, iki formada olur ki, ya repetitor yanına, ya da ailə həyatı qurub gedirlər. Adı qalır məktəbdə ki, sonda heç olmasa attestat alsınlar. Təhsilə nəzarət mexanizmi olmalıdır. Təhsilin idarəedilməsində iştirak edən şəxslər məktəblərə getsinlər, görsünlər ki, 10-11 siniflərdə davamiyyət varmı? Bu biabırçılıqdır və həmin yaş xüsusiyyətinə malik uşaqlar dünyaya uşaq gətirilərsə, bu artıq genofondumuz üçün təhlükədir”.
Ekspertin sözlərinə görə, əslində 2013-cü ilə qədər BMT-nin, YUNİSEF-in hesabatlarında Azərbaycanda erkən nikaha cəlb edilən uşaqların sayı 5 min nəfər ətrafında göstərilirdi: “İndi bu rəqəm 800-600-a qədər düşüb. Ancaq yenə də məktəblərdə nəzarət mexanizmi olmalıdır. Zaman-zaman ictimailəşdiririk ki, hansısa uşaq erkən yaşlarında nikah və digər münasibətlərə cəlb edilir. Bu, ciddi şəkildə psixologiyanın pozulmasına səbəb olmaqla yanaşı, tədrisə də mane olur. İstər-istəməz bu informasiyanı alan digər şagirdlər üçün də narahatlıq yaradır. Onlar sinifdə uyğun olmayan söhbətlər edir, yaxud digər şagirdlərin psixologiyasına mənfi təsir göstərirər. Bu, ciddi bir faktordur və məktəblərə nəzarət artırılmalıdır. Bəzi məktəb direktorları uşaqların maddi maraq müqabilində məktəbə gəlməməsinə razı olurlar və nazirlik buna göz yumur. Bu gün nazirlik məktəblərə nəzarət etmir və yekunda bu dəhşətli rəqəmlər meydana çıxır. Hələ bu, rəsmi statistik rəqəmlərdir, kənarda nə qədər rəqəmlər var ki, daha təhlükəlidir. Məktəblərin girişlərinə “turniket” quraşdırılmalıdır ki, hər kəs məktəbə barmaq izi ilə daxil olsunlar. Çünki kartdan istifadə edilsə, direktorlar öz kartlarını vuracaqlar. Ancaq məktəbə buraxılış əl izi ilə yoxlanıla bilər ki, həmin şagird məktəbə gəlir, yoxsa yox. Nəzarət mexanizmi güclənsə, həm tədrisin keyfiyyəti artar, həm də bu tipli hallar aradan qalxar”.