Türkiyə terrorla mübarizədə hər cür addımla böyük uğurlara imza atır. Sığındıqları mağaralardan başlarını çölə çıxara bilməyən terrorçular Türkiyə əleyhinə dəstək axtarmağa başlayıblar.
Shafaqadogru.com xəbər verir ki, hava əməliyyatları ilə Suriya və İraqın şimalında PKK/YPG terror təşkilatına ağır zərbə vuran Türkiyə Silahlı Qüvvələri bu dəfə quru əməliyyatına hazırlaşır.
Türkiyə bu çərçivədə önə çıxa biləcək əngəlləri aşmaq üçün bölgə dövlətlərinə qarşı təsir və təzyiq rıçaqlarını da işə salıb.
“Sabah”ın məlumatına görə, Türkiyə başda İraq olmaqla bölgə ölkələri ilə təmaslarını sıxlaşdıraraq, paytaxtlara öz nümayəndə heyətlərini göndərib.
Suriya ilə təmaslar kəşfiyyat orqanları səviyyəsində davam etdirilir. Dəməşqdə keçirilən görüşdə Türkiyənin əməliyyatlarda məqsədi və nə üçün bu prosesin sərhəddən kənara çıxdığı ətraflı izah edilib.
“Yeganə məqsədimiz və hədəfimiz PKK terror təşkilatı ilə mübarizə aparmaq, sərhəd təhlükəsizliyimizi təmin etməkdir. Ölkələrin ərazi bütövlüyü ilə bağlı tezisimiz qüvvədədir. Bu mübarizə bitdikdən sonra əsgərlərimiz ölkəmizə qayıdacaq. Bizim regionla bağlı başqa heç bir tələbimiz və hədəfimiz yoxdur”, - məlumatda deyilir.
Səfərlərin məqsədlərindən biri də İranın bölgəyə əngəl yaratmasının qarşısını almaqdır. İran Türkiyənin təşəbbüsü ilə İraqda yeni hökumətin qurulacağı ehtimalından narahatdır.