Son günlər Azərbaycanla-Rusiya arasında münasibətlərdə yeniliklər müşahidə olunur. 9 gün ərzində Azərbaycan və Rusiya Prezidentləri arasında 3 telefon söhbəti baş tutub. Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov rusiyalı vəzifədaşı Sergey Lavrovla Moskvada görüşüb. Dekabrın 5-də isə Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisi İqor Levitini qəbul edib.
Maraqlıdır, əlaqələrin bu qədər intensiv xarakter almasının səbəbi nədir? Rusiya nədən narahatdır?
Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib:
“Hazırda Rusiyanın vəziyyəti fənadır, çox mürəkkəbdir və dünya ilə münasibətləri korlanıb. O, Azərbaycanla yaxşı münasibət qurmaq istəyir. Buna görə də xarici siyasəti üçün münasibətləri intevsiləşdirir və məsələləri həll etməyə çalışır.
Təbii ki, ruslar Azərbaycanın mənafeyini nəzərə almalıdır. Azərbaycana da bu lazımdır ki, Rusiyanın belə ağır vəziyyətində olarkən müşküllərini daha uğurla həll etsin. Buna görə Azərbaycan məmuniyyətlə bu intensiv təmaslara gedir. Burada heç bir qəribəlik yoxdur. Vəziyyət özü tələb edir ki, tərəflər münasibətləri daha sıx şəkildə həyata keçirsinlər”.
“Buna səbəb Rusiya tərəfinin Qərbin Qarabağdakı təşəbbüslərindən ehtiyat etməsidir” sualına isə siyasi analitik belə cavab verib:
“Həmçinin, Rusiya burada Vaşinqton variantından ehtiyat etdiyindən Azərbaycanla təmaslarda maraqlıdır. Təbii ki, Azərbaycan Rusiya ilə münasibətlərə böyük önəm verir, eyni zamanda, ABŞ-la da. Bu, Kremldə müəyyən bir qıcıq yaradır, o cümlədən onlar çalışır ki, örüşünü çəpərləsin və Azərbaycanla münasibətlərdə elə bir şərait yaratsın ki, bölgəyə başqa dövlətlər təsir edə bilməsin. Bu, onların təbii istəyidir, böyük dövlətlərin hamısında belə bir istək var”.
Sülh müqaviləsinin variantlarına toxunan siyasi şərhçi əlavə edib ki, Moskva variantında Azərbaycan üçün faydalı heç nə yoxdur:
“Bizim üçün bircə Azərbaycan variantı var. Biz dövlət olaraq çalışırıq ki, milli və dövlət maraqlarımızı qoruyaq. Həm də digər dövlətlərin maraqlarını şəraitin imkan verdiyi qədər nəzərə alarıq. Rusiya çalışır ki, sülh müqaviləsində və digər bütün razılaşmalarda özünün aparıcı olması, ağalığı və iqtisadi-siyasi göstərişi nəzərə alınsın. Bizə bu, lazım deyil.
Əlbəttə, bu zaman bərabərlikdən, beynəlxalq hüququn aliliyindən – bu kimi sözlərdən danışılır, amma əslində, hər bir dövlət eqoistdir və çalışır ki, yalnız öz maraqları təmin edilsin. Bu məsələyə də tamamilə təbii yanaşılmalıdır, nəinki qısqanclıq və əsəblə. Çünki bu, diplomatiyanın qanunudur, hər kəs öz mənafeyini qoruyur”.
Rafi MÜSLÜMOV