İcra hakimiyyətlərinin ləğv edilməsi zaman-zaman ölkə gündəminin əsas müzakirə mövzularından biri olub. Bu idarəetmə strukturunun səmərəsiz olduğu, korrupsiya və rüşvətxorluğa şərait yaratdığı bildirilib.
Shafaqadogru.com Dia.az-a isdinadən bildirir ki, bu günlərdə Prezident İlham Əliyevin Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə edilən dəyişikliklə yerli icra hakimiyyəti başçılarının səlahiyyətlərinin azaldılması, bu mövzuya yenidən aktuallıq qazandırıb.
Qeyd edək ki, sözügedən Fərmana əsasən, Gənclər və İdman Nazirliyinin yerli bölmələrinin rəhbərlərini həmin mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdıraraq vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti yerli icra hakimiyyətinin başçısından alınıb.
Yerli mətbuatda gedən bir sıra xəbərlərə görə, ölkə üzrə fəaliyyət göstərən bütün icra hakimiyyətlərinə bu ilin sonuna qədər onlara tapşırılan bütün layihələri yekunlaşdıraraq hesabat vermələri tapşırılıb. Eyni zamanda növbəti ildən icra hakimiyyətlərinə yeni layihələrin verilməyəcəyi və büdcə ayrılmayacağı da bildirilir. Həmçinin qeyd olunur ki, bu proses icra hakimiyyətlərinin yaxın zamanlarda ləğv olunmasına hesablanıb.
Əslində hələ ötən ilin iyul ayında 14 iqtisadi rayonun yaradılması, həmin rayonlara yeni nümayəndələrin təyin olunması, həmçinin Qarabağda yeni idarəetmə mexanizminin sınaqdan keçirilməsi icra hakimiyyətlərinin ləğvi istiqamətində hazırlıqların getdiyindən xəbər verirdi.
Bu barədə ölkə başçısı da əvvəlki çıxışlarının birində mövcud regional idarəçilik modelinin çatışmayan tərəflərinə diqqət çəkmişdi: “Bu, idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb. Hesab edirəm ki, bu, o qədər də hərtərəfli düşünülməyib. İnidiyə qədər 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunublar. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib. Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq”.
Məlumat üçün qeyd edək ki, icra başçılarının rəsmi maaşları təmsil etdikləri bölgənin əhalisinin sayına görə müəyyənləşdirilir. Hazırda Bakı şəhər icra başçısı 1 925 manat, Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları 1 280 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan rayon icra başçıları 1 045 manat, əhalisinin sayı 50-100 min nəfər olan icra başçıları 990 manat, əhalisinin sayı 50 min nəfərədək olan rayon icra başçıları isə 880 manat məvacib alır. Yerli icra hakimiyyəti başçılarına maaşlarının 25 faizi məbləğində əlavə aylıq pul verilir. Məsələn, Bakı şəhər icra başçısı 1925 manat məvacib alırsa, üzərinə 481 manat əlavə aylıq pul təminatı olunur. Bu da toplam 2406 manat edir.
Lakin təbii ki, icra başçılarının aylıq gəlirləri rəsmi maaşlarını dəfələrlə üstələyir. Bu gün elə icra başçısı yoxdur ki, Bakının mərkəzində bir neçə mənzili, obyekti, şəxsi avtomobili olmasın. Təbii ki, onlar bu qədər mal-mülkü dövlətin təyin etdiyi rəsmi maaşla əldə edə bilməzlər.
Son illər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində apardığı əməliyyatlar da bunun bariz sübutudur. DTX-nin əməliyyatları fonunda, bir neçə icra başçısının korrupsiya, rüşvət və digər qanunsuz əməllərə görə həbs edilməsi sözügedən idarəçilik sisteminin effektiv olmadığını göstərir.
DİA.AZ “AzPolitika.info”ya istinadla son illər yol verdikləri qanun pozuntilarına görə, həbs edilən icra başçılarının adlarını təqdim edir:
Rafiq Alışov- 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı işləyən R. Alışova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320-ci (saxta sənəd) maddələri üzrə ittiham verilib. O, 2016-cı ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Ətraflı
Süleyman Rəşidov - 1997-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan S. Rəşidov 1998-ci ildə vəzifəsindən azad edildikdən dərhal sonra barəsində axtarış elan edilib. 2009-cu ilin sentyabrında həbs olunan S.Rəşidov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. 2010-cu ilin fevralın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət əmlakını talamaqda təqsirli bilinən sabiq icra başçısına hökm oxunub. Hökmə əsasən, S.Rəşidov dörd il şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.
Nizaməddin Quliyev – Ağstafanın sabi icra başçısı olan N. Quliyev 2019-cu ilin dekabrında DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb. Səbail rayon Məhkəməsinin qərarı ilə N.Quliyev barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçilib. DTX-nin yaydığı məlumatda bildirilirdi ki, N.Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. 2021-ci ilin avqustunda Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə zamanı 9 il müddətinə azadlıqdan məhrum edilən N. Quliyev sentyabr ayının 8-də müalicə aldığı xəstəxanada vəfat edib.
Qoca Səmədov - Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov 2019-cu ildə DTX tərəfindən həbs edilib. 2021-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsində Q. Səmədova hökm oxunub. Məhkəmənin hökmü ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə əməlləri üzrə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İsmayıl Vəliyev - 2011-2020-ci illərdə Neftçalanın icra başçısı olan İ. Vəliyev 2020-ci ilin fevralında DTX tərəfindən saxlanılıb. Ötən ilin oktyabr ayında Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Mahir Quliyev - 2011-2020-ci illərdə Biləsuvar rayununun icra başçısı olmuş M. Quliyev 2020-ci ilin aprelində DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən M. Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Vilyam Hacıyev- 2012-2020-ci illər ərzində İmişli Rayon İcra Hakimiyyətinin başçısı olan V. Hacıyev 2020-ci ilin mayında DTX tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), (külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilən V. Hacıyev 2022-ci ilin iyul ayında 12 il müddətinə azadlıqdan məhrum edilib.
Dia.az-ın məlumatına görə, bu mövzuyla bağlı iqtisadçı Natiq Cəfərli “AzPolitika.info”-ya şərhində bildirib ki, sözügedən idarəçilik metodu artıq köhnəlib və aktuallığını itirib: “Bu məsələ zaman-zaman müzakirəyə çıxarılır. Hətta Prezidentin özü də bir neçə dəfə icra hakimiyyətlərinin işinin yarıtmaz olduğu ilə bağlı fikirlər səsləndirib. Vaxti ilə bir neçə icra başçısı həbs edilib, iş yerləri dəyişdirilənlər, vəzifəsindən uzaqlaşdırılankar olub. Lakin buna baxmayaraq, sözügedən sahədə hələ də bir sıra problemlər mövcuddur. Bu, onu göstərir ki, probem yalnız kadrlardan və ya mövcud idarəetmənin özündən qaynaqlanmır. Bu sistemin özü artıq köhnəlib və müasir reallığa cavab vermir”.
Ekspert qeyd edir ki, icra başçıları institutu ləğv edilməli, əvəzində seçilmiş şəxslərə regionlarda idarəetmə səlahiyyətləri verilməlidir: “Qardaş Türkiyə modelinə baxsaq, aşağı-yuxarı eyni modeli burada da tətbiq etmək mümkündür. Hazırkı gedişat onu göstərir ki, yaxın tarixdə belə bir dəyişiklik baş verə bilər. Amma bunun üçün konstitusonal dəyişikliklərə ehtiyac var. İlk növbədə Naxçıvan Muxtar Respublikasının statusu konstitusiya referendumu ilə həll edilməli, daha sonra isə ölkənin inzibati ərazi quruluşu dəyişdirilməlidir.
Hesab edirəm ki, kiçik bir ərazisi olan ölkədə 80-ə yaxın rayonun olmas düzgün deyil. Ehtimal etmək olar ki, yaxın aylarda artıq konstitusional dəyişiklikləri özündə ehtiva edən yeni bir konstitusiya referendumu keçirilə bilər. Hesab edirəm ki, bu yolla idarəetmədəki problemlərin optimallaşdırılması mümkündür”.