Rusiya Federasiyası 2023-cü ilin əvvəlində Moldovanı işğal etməyi planlaşdırır.
Shafaqadogru.com İsrail mediasına istinadla xəbər verir ki, bu barədə "TVR" Moldova kanalı məlumat yayıb.
Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin (İTX )rəhbəri Aleksandr Mustyatsenin sözlərinə görə, Kreml hazırda Moldovaya müdaxilə ilə bağlı bir neçə ssenari hazırlayır.
“Məsələ Rusiyanın hücumunun Moldova ərazisindən başlayıb-başlamaması deyil, bunun nə vaxt baş verəcəyidir: ya ilin əvvəlində - yanvar-fevralda, ya da daha sonra, mart-apreldə. Bizdə olan məlumata görə, Rusiya dayanmaq niyyətində deyil. Məqsədi Moldovanın bir hissəsi olan Dnestryanı ilə birləşməkdir və o zaman biz qəti şəkildə deyə bilərik ki, bəli, onlar bura gəlmək niyyətindədirlər. Bundan sonra nə olacaq və onların Kişinyovla bağlı niyyətləri nədən ibarətdir - biz mühakimə edə bilmərik, lakin bu, real və çox yüksək təhlükədir”, - Mustyatse bildirib.
İTX rəhbəri əlavə edib ki, Kolbasna kəndi qondarma "Dnestryanı Moldova respublikası"nın Rıbnitsa rayonunda yerləşir. Avropanın ən böyük sursat anbarı oradadır və Rusiya ordusu tərəfindən qorunur. Bir fərziyyəyə görə, həmin sursatlar hərbi qarşıdurmada istifadə ediləcək.
Xatırladaq ki, bir müddət öncə Moldova tarixində ilk dəfə olaraq Rusiya qazından imtina edib.