Şəfəqə Doğru » Manşet » 2023-cü ilə də zorakılıqla getdik: - "İndi şagirdlərin də çantasında bıçaq var"

2023-cü ilə də zorakılıqla getdik: - "İndi şagirdlərin də çantasında bıçaq var"

2023-cü ilə də zorakılıqla getdik: - "İndi şagirdlərin də çantasında bıçaq var"

Yola saldığımız köhnə il insanların bir-birinə qarşı neqativ davranışları ilə yadda qaldı.

Məktəblilərin sinifdə etdikləri davranış pozuntusundan tutmuş adi bir sözü "çəp" gəldiyinə deyə bir-birini bıçaqlayanlar, öldürənlər, "söhbətə çağıranlar" oldu.

Ailədaxili münaqişələr isə siyahıda ön cərgədədir. Vəziyyət elə həddə çatıb ki, insanlar bir-birinə amansız davranmasına, qətl, cinayət xarakterli əməllər törətməsinə haqq qazandırlar. Bu da növbəti belə davranışlar üçün zəmin yaradır. Yəni ildə hər kəsi düşündürən bir sual var. Yaranmış gərginliyi aradan necə qaldırmaq olar? DİA.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, bu artıq cəmiyyətdə alışqanlıq həddinə keçib: "İnsanlar rahatlıqla o qədər birini öldürə, zərər yetirə bilirlər ki, bunu elə belə olmalıymış kimi qəbul edirlər. Yəni sıraradan, adi, bəsit davranış növü kimi qəbul edirlər. Kimin sözü, davranışı kimin xoşuna gəlmir, kim kimi həzm etmir, həmin dəqiqə silaha əl atır. Əvvəllər daha çox mətbuata odlu silahdan atəş açaraq digərinə zərər yetirmə xəbərləri çıxırdı. İndi bunlar yoxdur, yerini "soyuq” silahlar alıb. Mətbəx bıçağı, professional bıçaq və s. fərq eləmir. İndi məktəbli uşaqların belə çantasında bıçaq var. Çox üzülərək, təəssüflənərək etiraf edim ki, cəmiyyət bundan da betər yola doğru gedir. Getmir əslində, qaçır. "Bilinməzə", çuxura doğru o qədər sürətlə qaçır ki… Biz qarşısını ala bilmirik, önünə keçə bilmirik. Barmaqla sayılacaq az insan bundan narahat olur. İki gənc bir-birini bıçaqlayırsa, insanlar sadəcə başını yelləyərək, təəssüf etdiklərini bildirərək buna münasibət göstərirlər”.

Sosioloq bildirib ki, kimsə səbəblər axtarmır, bunun altında yatan gizlinlər barədə maraqlanmır:

“Kimsə həll yolları barədə maraqlanmır. Gərək cəmiyyətə göndərilən hər uşağın valideyni onun məsuliyyətini, davranışını əslində özünün davranışı olduğunun fərqinə vara. Valideyn nə cür tərbiyə verirsə, bu, onda özünü göstərir. Bəzən valideynlər məktəbi günahlandırırlar".

Sosioloqun fikrincə, müəllimlərin haqqı o qədər əllərindən alınıb ki, onlar artıq tərbiyə məsələsinə qarışa bilmirlər:

"Yalnız təhsillə kifayətlənməli olurlar. Bəzən təhsil prosesi çərçivəsində uşağa irad bildirən müəllimin özünə belə valideyn hücum edir. Əvvəllər belə halda valideyn müəllimin sözünün üstünə söz demirdi. Bu da haqlı olaraq müəllimə qarşı böyük simpatiya yaradırdı. Amma indi valideyn öz övladına o qədər ixtiyar verib ki, uşaqlar özündə istənilən şəxsi alçalda, istənilən şəxsə qarşı zorakılıq etmək iqtidarı görür. Uşaqlarin tərbiyəsində valideynlər bu qədər boşluq buraxır, bu elə də davam edəcək".

Lalə Mehralı hesab edir ki, bundan ağır vəziyyət gözlənilir:

“Belə davam etsə, uşaqlarımızın əksəriyyəti islah-əmək kaloniyalarına göndəriləcək. Bəziləri torpaq altına gedəcək. Yeniyetmələr o qədər bir-birinə qarşı amansız olublar ki, bu amansızlıq onlarda hardan yaranıb, niyə bu qədər qəddarlıq edirlər, bunun köku araşdırılmır. Əslində çox çeşid səbəb var. Bunu araşdırmaq üçün böyük qrup yaratmaq lazım gələcək. Bunun üçün institutların ixtiyarları artırılmalı olacaq. Dövlət sosioloq, psixoloq və digər aidiyyətlilərə imkanlar yaratmalıdır ki, cəmiyyəti bu çuxura gömülməkdən xilas etsinlər. Əgər belə davam etsə, barmaqla sayılacaq nümunəvi gənc qalacaq. Sözlərimi ona görə daha çox gənc nəsilə samil edirəm ki, yaşlı nəsil davranış pozuqluğu, səhv davranış nümayiş etdirdiklərini zamanla qəbul ediblər. Yaşlı nəslin nümayəndələri "əslində necə olmalı idi, necə oldu"nu dərk edirlər. Düşünürəm ki, daha çox gənclər təhlükədədir".