Bir müddət əvvəl Gəncə şəhərində fəaliyyət göstərən “Nur” marketdə keçirilmiş planlı yoxlama zamanı kərə yağı adı altında bitki tərkibli yağların, istifadə müddəti bitmiş qida məhsullarının, mənşəyi məlum olmayan müxtəlif çeşidli turşuların satışının həyata keçirildiyi aşkar edildi. Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edildi.Amma...bax bu amma hələ də var, yəni bu təkcə Gəncədə deyil, ölkənin hər yerində rast gəlinən və artıq ənənəvi hadisədir. Bəlkə də indi hadisə deyil, bəli, ancaq qida kimi hər-hansı biriniz qəbul edib zəhərləndikdən, ya da həyatınızı itirdikdən sonra mütləq hadisə olacaq!
Keyfiyyətsiz, mənşəyi məlum olmayan məhsullar satışa necə çıxarılır!? Sahibkarlar isə ancaq iş başında tutulduqları, ya da tutulması lazım gəldikdə cüzi cərimə olunurlar. Bəli, lazım gəldikdə...!
Maraqlısı budur ki, bu məhsullaırn satışdan yığışdırılmasına xüsusi olaraq nəzarət edən bir qurum, təşkilat, idarə və yoxdur? Var, adı da böyük hərflərlə AQTA-dır!
Shafaqadogru.com məlumatına görə, “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul olunub. Həmin dövdrən sonra edilən dəyişiklərin hamısı istehlakçıların zərərinə edilib.
“Ümumiyyətlə dövlətin istehlakçı siyasəti bərbad vəziyyətdədir. İstehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət qurumu Antiinhisar və Bazara nəzarət Dövlət Xidməti” heç bir iş görmür!”-deyən E. Hüseynov bildirir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məhsulların təhlükəsizliyini müəyyən qədər təmin edir. Məhsulların keyfiyyət məsələsi isə havadan asılı qalıb.
AQTA təhlükəli məhsullarla bağlı müəyyən hüquqi addımlar atsa da, qurumun əsasnaməsində keyfiyyət barədə danışılmır.
“Mal eyni zamanda həm keyfiyyətsiz, həm də təhlükəsiz olar bilər. Keyfiyyətsiz məhsullar zamanla insanların həyatında, sağlamlığında öz mənfi izlərini qoyur".
Ekspert deyir ki, təhlükəsizliyi təmin olunan malların siyahısının yer aldığı Nazirlər Kabinetini 343 saylı qərarı 2021-ci ilin mayın 19-da ləğv edilib.
Yəni məhsulların keyfiyyət məsələsi artıq çoxdan arxa planda qalıb.
Bu səbəbdən də keyfiyyətsiz məhsulların satılması ilə bağlı məhdudiyyət və ya həbs məsələsi yoxdur.
“Yalnız müəyyən cərimələr, ictimailəşdirmə ola bilər. Həbs məsələsi gözlənilmir, çünki mal təhlükəli deyilmiş. Yalnız keyfiyyətsizdir. Təhlükəli mal odur ki, yediyi yerdə zəhərləyir. Qida Təhlükəsizliyi Agentliyi bizi ondan qoruyur. Çox yaxşı haldır ki, AQTA yavaş-yavaş keyfiyyətsiz malların üzərinə də gedir. Mütləq şəkildə keyfiyyət məsələsinə nəzarət edən bir dövlət orqanı olmalıdır. O fəal işləməlidir. Cəld reaksiya mexanizmi olmalıdır”. Ekspertin fikrincə qida təhlükəsizliyi və keyfiyyətinin təmin olunması sahəsində hazırkı bürokratik mexanizm aradan qaldırılmalıdır.
“Saat 18-dən sonra restoranlar, şadlıq evləri daha çoxşaxəli işə başlayır. Məmurlar isə evlərində olurlar. Kim o vaxt gəlib, nəyə müdaxilə edir? Belə bir şəraitdən sui-istifadə edən "biznesmen"lər bazara hər cür mal və yağları çıxarırlar. Ümumiyyətlə bazarlarda açıq şəkildə kərə yağı, nehrə yağı adı altında satılan yağların 90 faizi saxtadır və bitki yağlarının qarışığıdır”-deyən E. Hüseynov bildirir ki, bu məsələnin qarşısının alınması üçün mütləq qanunlar sərtləşdirilməlidir.
İnsanların sağlamlığı önə çəkilməlidir. Dövlət də, biznes qurumları da üzünü istehlakçılara doğru çevirməlidir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun yenilənməlidir.