Yaxın tarixdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə suriyalı həmkarı Bəşər Əsədlə görüşü gözlənilir. Hətta Rusiya prezidenti Vladimir Putin ötən il Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı rəsmi Ankaranı Suriya hökuməti ilə əlaqələri bərpa etməyə dəvət etmişdi. Belə bir yaxınlaşmanı labüd edən amillər də mövcuddur.
Bu amillərdən başlıcası, Türkiyə prezidenti Ərdoğanın Ukraynadakı müharibədə əsas fiqurlardan biri olma imkanlarını nümayiş etdirməsi ilə bağlıdır. Ukraynanın ixrac yollarının açılmasında müstəsna rol oynayan Türkiyənin beynəlxalq arenada artan nüfuzu və onun NATO daxilində müstəqil xətt yürütməsi bu arqumenti gücləndirir.
İkincisi, Türkiyənin Əsəd rejimi ilə münasibətlərinin normallaşmasında Rusiyanın siyasi müstəvidə oynadığı roldur. Təsadüfi deyil ki, tərəflər Ankara və ya Dəməşqdə deyil, Moskvada görüşə bilərlər. Demək ki, Ankaradan Dəməşqə gedən yollar əvvəlcə Moskvaya aparır. Unutmaq olmaz ki, Türkiyənin Suriyanın şimalında həyata keçirmək istədiyi quru əməliyyatı baxımından Rusiya əsas mövqedədir. Üstəlik, Türkiyənin Rusiya ilə münasibətlərində köklü maraqları var. Türkiyə Qərb institutlarına daxil olsa da, hər zaman şimal qonşusu ilə münasibətlərinin balanslı şəkildə inkişafına xüsusi önəm verib. Bu ritorikanın əsas hərəkətverici faktorlarından biri Suriya məsələsidir. Çünki, “Ərəb baharı” ilə Yaxın Şərqdəki qarşıdurmalar və ölkələrdəki qeyri-sabitlik çox qısa zamanda Türkiyə sərhədinə qədər gəlib çatdı. Beləcə, Suriyada başlayan daxili problemlər Türkiyənin daxili və xarici siyasətində ən önəmli məsələyə çevrildi.
Üçüncü, daha önəmli səbəb isə Ərdoğanın ölkəsində 3,5 milyon suriyalı qaçqını ölkələrarası münasibətlər normallaşarsa Suriyaya göndərmək istəməsi ilə bağlı ola bilər. Mümkündür ki, Türkiyə prezidenti tərəfindən qaçqınların öz ölkələrinə qaytarılması, onların təhlükəsizliklə bağlı problemlərinin həll olunması üçün Rusiya tərəfinə vasitəçilik təklifi irəli sürülüb. Türkiyənin son illər əsas sosial-iqtisadi problemlərinin təkanvericisi qismində çıxış edən qaçqın probleminin həlli seçkilər öncəsi AK Partiya üçün dividientlər qazandıra bilər.
O cümlədən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əsəd ilə imzalanacaq sülh sazişinə uyğun olaraq, ABŞ-ın dəstəklədiyi “PKK” yönümlü silahlı birləşmələrin hazırda Suriya hökumətinin nəzarətində olan şimal bölgələrində muxtariyyat yaratma ehtimalını sıfıra endirə bilər. Türkiyə lideri Bəşər Əsəddən, PKK ilə iş birliyində olan partiyaları zərərsizləşdirməyi tələb edə bilər. Ən önəmlisi, Türkiyə hərbi əməliyyat aparmadan Suriyada kürd silahlı birləşmələrini təmizləyə bilər.
Suriyanın üzərində maraq toqquşmasını, ABŞ, Türkiyə, Rusiya, İran və İsrail kimi güclü dövlətlərin milli təhlükəsizliklə və ya dominantlıq istəkləri ilə bağlı maraqlarının toqquşduğunu nəzərə alsaq, Ankara ilə Dəməşq arasında yaxın zamanda belə bir ciddi sənədin qəbul edilməsinin gözlənilmədiyini deyə bilərik. Hüquqi çərçivə hazır olsa belə, bu, Suriya ərazisində münaqişənin sona çatması anlamına gəlmir.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi