Şəfəqə Doğru » Manşet » “İranın Bakıdakı səfirliyinin fəaliyyəti dayansa, casus yuvaları dağılar” – Politoloqdan gündəmi silkələyən açıqlamalar

“İranın Bakıdakı səfirliyinin fəaliyyəti dayansa, casus yuvaları dağılar” – Politoloqdan gündəmi silkələyən açıqlamalar

“İranın Bakıdakı səfirliyinin fəaliyyəti dayansa, casus yuvaları dağılar” – Politoloqdan gündəmi silkələyən açıqlamalar

“Səfirlik əməkdaşlarının geri çağırılması təcrübəsi dövlətlərarası münasibətlərdə tez-tez rast gəlinən hadisədir. Müharibə gedən ölkələrdə səfirlik əməkdaşlarının və ya onların ailə üzvlərinin həyatı üçün təhlükə mövcud olarsa, istənilən ölkə öz vətəndaşlarını geri, vətənə çağırır. Məsələn, bu gün Rusiya ilə Ukrayna arasında gedən döyüşlərin yaratdığı təhlükə Kiyevdə yerləşən diplomatik nümayəndəliklərin ya bağlanması, ya da qonşu təhlükəsiz ölkələrə köçürülməsi ilə nəticələnib”.

Bu fikirləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov bildirib.

Onun sözlərinə görə, İrandakı Azərbaycan səfirliyinin əməkdaşlarının geri çağırılması da diplomatlarımızın təhlükəsizliyini təmin etmək zərurətindən doğub.

“Lakin Ukraynadan fərqli olaraq İranda hələ müharibə yoxdur. Ancaq İran dövləti bizim səfirliyin əməkdaşları və onların ailə üzvlərinin təhlükəsizliyini nəinki təmin etmir, hətta xüsusi xidmət orqanından istifadə edərək diplomatlarımıza qarşı terror hərəkəti törədir.
Məhz diplomatik nümayəndəliyimizə silahlı hücum və bu zaman insan tələfatının olması diplomatlarımızın həyatı üçün təhlükənin olduğunu ortaya çıxarıb. İran tərəfi səfirliyin bundan sonrakı fəaliyyəti üçün zəmanət verməkdən də imtina edir və üstəlik, təşkil etdikləri terrorla bağlı geniş məlumat yayılarsa belə hadisələrin təkrarlanacağı barədə bizi şantaj edir”.
Ə.İbrahimov qeyd edib ki, yaranmış vəziyyətdə diplomatlarımızın geri gətirilməsi zəruri idi və Azərbaycan dövləti yeganə düzgün variantı seçdi:
“Artıq hamıya məlumdur ki, terror təhlükəsi mövcud olduğu müddətdə Azərbaycan diplomatları Tehrana qaytarılmayacaq. Bunun nə zaman baş verəcəyi isə məlum deyil. Bu 1 il, 3 il, 10 il çəkə bilər, yaxud Azərbaycan ümumiyyətlə öz səfirliyinin Tehran şəhərində işinə son verə bilər. İranın Bakıdakı səfirliyinin bağlanmasını da rəsmi Tehrandan tələb edə bilər. Heç şübhəsiz, indiki halda vəziyyət ona doğru gedir. Düşünürəm ki, hələlik Azərbaycan səfirlik əməkdaşlarının Tehrana göndərilməsi məsələsini orada baş verən terrorla bağlı istintaq prosesinin başa çatmasından sonraya saxlayacaq. Əgər İran hakimiyyət orqanları terror hadisəsinin ədalətli istintaqına şərait yaradıb motivləri və hücumu təşkil edənləri ortaya qoyarsa və gələcəkdə belə hadisələrin baş verməməsi üçün zəmanət verərsə, o zaman diplomatik korpus Tehranda fəaliyyətini davam etdirəcək”.

Əlimusa İbrahimov 
Ekspert qeyd edib ki, əks halda, Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini qeyri-müəyyən müddətə – İranda normal hakimiyyət qurulana qədər dayandıra bilər:
“Belə olan halda, səfirliyin işi qonşu ölkələrdən birindəki, indiki halda Türkiyədəki diplomatlarımıza həvalə oluna bilər. Təbii ki, bu variant İran üçün çox ciddi diplomatik zərbə olardı. İranın onsuz da ən aşağı səviyyədə olan beynəlxalq nüfuzu yerlə bir olardı. Çünki diplomatik korpusun fəaliyyətinin dayandırılması bu və ya digər dövlətə qarşı edilən ən ciddi xəbərdarlıqdır. Bütün ölkələr İranın diplomatik korpus əməkdaşlarını qorumaq gücündə olmadığını biləcək və onlar da öz nümayəndəliklərini oradan çıxarmağa çalışacaqlar.
Azərbaycan tərəfi isə Təbrizdəki konsulluq vasitəsilə və Türkiyədəki səfirliyimizin yardımı ilə İranla artıq ən aşağı səviyyəyə qədər enən münasibətləri davam etdirəcək. Təbii ki, bu münasibətlər səfirliyin mövcud olduğu zamandakı qədər fəal olmayacaq. Amma indi İranla münasibətlərin heç də yüksək səviyyədə olmasına çalışmaq lazım deyil və Ermənistanla Rusiyadan başqa heç bir dövlət buna cəhd etmir. Orada yaşayan soydaşlarımızın yarana biləcək problemlərini həll etmək üçün digər imkanlar tapıla bilər”.
Ə.İbrahimov əlavə edib ki, belə olan halda Azərbaycan İranın Bakıdakı səfirliyinin əməkdaşlarının respublikamızdan çıxarılmasını və səfirliyin fəaliyyətini dayandırmasını Tehrandan tələb edəcək:
“Bu da Azərbaycan üçün İran casuslarına qarşı mübarizə apardığı indiki şəraitdə çox əhəmiyyətli ola bilər. İranın Bakıdakı səfirliyinin fəaliyyətinin bir neçə il dayandırılması onun casus yuvalarının Azərbaycandan tamamilə təmizlənməsi ilə nəticələnəcək. Bu da xüsusi xidmət orqanlarımızın işini xeyli asanlaşdıra bilər”.