Şəfəqə Doğru » Manşet » Respublika Klinik Xəstəxanasında özəl qaydalar - İTTİHAM VAR

Respublika Klinik Xəstəxanasında özəl qaydalar - İTTİHAM VAR

Respublika Klinik Xəstəxanasında özəl qaydalar - İTTİHAM VAR
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının fəaliyyətində yer almış ən müxtəlif qanun pozuntuları barədə redaksiyamıza daxil olan məlumatların ardı-arası kəsilmək bilmir. Qəzetimizin ötən saylarında ölkənin ən böyük səhiyyə müəssisələrindən biri olan bu xəstəxanada baş verənlərə dair artıq bir neçə dəfə tənqidi materiallarla çıxış etməyimizə rəğmən, daxil olan məlumatlarda vətəndaşlar yenə də bu və ya digər faktların tərəfimizdən ictimailəşdirilməsini tələb edirlər. Ən azından redaksiyamıza təqdim olunan açıqlamalardan bu qənaətə gəlmək olur ki, bu gün baş həkim Telman İbadovun rəhbərlik etdiyi bu səhiyyə müəssisəsində göstərilən tibbi xidmətlərdən razı qalan vətəndaşların sayı olduqca azdır. Məhz bu məqam da, Respublika Klinik Xəstəxanasında müalicə aldığı müddətdə həm sağlamlığını, həm də pulunu itirən xəstələrin təkrar müalicə üşün xarici klinikalara üz tutması hallarını stimullaşdırır.

Yeni aldığımız məlumatlardan birində Respublika Klinik Xəstəxanasında həyata keçirilən stasionar müalicə prosedurlarının gedişi barədə maraqlı açıqlamalar təqdim olunur. Məlumatda deyilir: "İlk növbədə bu xəstəxanaya gələn hər bir xəstə daxili qaydalara ciddi şəkildə əməl etməlidir. Deyəcəksiniz ki, burda təəccüblü nə var ki? Onsuz da istənilən xəstəxanada daxili qaydalara riayət olunması vacib şərtdir. Amma burda söhbət heç də müəyyən rejimin gözlənilməsindən, xəstə ziyarəti üçün ayrılmış vaxt tələblərinə ciddi əməl olunmasından və ya xəstənin müayinə-müalicə prosedurlarını vaxtlı-vaxtında keçməsindən getmir. Əksinə, məhz elə bu məqamlarla bağlı boşluqlar kifayət qədərdir və onlar nə həkimləri, nə də xəstəxananın rəhbərliyini qətiyyən narahat etmir. Yəni pulunu verdinsə, istədiyin vaxt xəstə ziyarətinə də gəl, xəstənin yanında da qal və ümumiyyətlə nə istəyirsən onu da elə. Ciddi riayət olunması tələb edilən məsələlər isə, məhz elə pul ödənişləri ilə bağlıdır. Bax bu məsələdə xəstəxananın bütün həkimləri və tibbi personalı da, baş həkim Telman İbadov da heç bir boşluğa qətiyyən yol vermirlər. Burda xəstənin müalicə xərcləri ilkin olaraq "hesablanıb” onun yaxınlarına bildirilir. Əlbəttə, Respublika Klinik Xəstəxanasının hər halda dövlət müəssisəsini nəzərə alsaq, xəstənin yaxınları hay-küy salıb, pul verməkdən boyun qaçıra da bilərlər. Amma bunu etmək heç məsləhət deyi. Yəni, qətiyyən məsləhət deyi! Təbii ki, əgər qohumları xəstədən, xəstə də öz canından bezməyibsə. Lakin xəstənin (və ya qohumlarının) ilkin qiymətlə razılaşması və hətta əvvəlcədən ödəniş etməsi də, hələ bütün problemin həlli demək deyil. Məsələ bundadır ki, adətən əvvəlcədən hesablanıb deyilən məbləğ konkret bir neçə prosedura görə, bilavasitə həkimlərə çatacaq pulu nəzərdə tutur. Elə ki, xəstə buraya yerləşdirildi, "xırda-para” xərclərin axını başlayır. Məlum olur ki, palatanın seçilməsi, yataq dəstənin verilməsi, xadimənin işi, xəstəyə sanitar tərəfindən qulluq göstərilməsi, inyeksiyalar və sistem qoyulmaları, qan analizlərində tutmuş, USM, rentgen və bir çox digər müayinələr üçün edilməli olan ödənişlər ilkin məbləğdə nəzərdə tutulmayıb. Axı necə də olmasa, bura dövlət müəssisəsidir, xidmətlər "pulsuzdur” və buna görə də hər kəs öz işinə görə rüşvəti xəstədən bilavasitə özü və digərlərindən "gizlin” alır. Xəstə bir də onda ayılır ki, (hələ ayılmağına görə şükür etsin) ilkin danışılan məbləğ iki-üç dəfə "şişib”. Amma bütün bu gizlinlərə baxmayaraq, son nəticədə yığılan bütün bu məbləğlərdən xəstəxananın baş həkimi də öz "rüsumunu” da alır. Bax, Respublika Klinik Xəstəxanasında əməl olunması mütləq şəkildə tələb olunan daxili qaydalar bunlardır...”

Hesab edirik ki, bütün bu deyilənlərin bizim tərəfimizdən şərh olunmasına heç bir ehtiyac yoxdur. Amma Respublika Klinik Xəstəxanasının rəhbərliyi fərqli düşünürsə, buyurub öz şərhlərini təqdim edə bilərlər. 
Shafqadogru.com Dia.Az-a istinadən bildirir.