Nazirlər Kabineti (NK) xaricdən Azərbaycana gətirilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib.
Bəzi ekspertlər bu qərardan sonra Azərbaycanda bir çox yerli məhsulların bahalaşacağını proqnozlaşdırır.
Artıq bir neçə gündür ki, "Hövsan toyuqlar” adı ilə açıq şəkildə mağazalarda satılan məhsulların qiyməti artırılıb. Belə ki, bu qərar qədər 1 kiloqramı 2 manat 80 qəpiyə satılan toyuqlar, artıq 3 manat 30 qəpiyə təklif edilir. Yumurtanın qiymətində də cüzi də olsa isə artım var. Marketlərdə 15 qəpiyə satılan orta ölçülü yumurtalar artıq 16 qəpiyə satılır.
Azərbaycanda quş əti və yumurta istehsalında böyük payı olan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev açıqlamasında heç bir qiymət artımına gedilmədiyini bildirib:
"Hövsanda fərdi şəkildə toyuq saxlayan adamlar var. Onlar öz məhsullarını mağaza və marketlərə paylayırlar. Onlarla bağlı dəfələrlə Vergilər Nazirliyinə şikayət etmişik, amma xeyri olmayıb. Onların bizimlə heç bir bağlılığı yoxdur.
Bizim balansımızda olan quş əti məhsullarında heç bir qiymət artımı yoxdur və gözlənilmir.
Rüsum tətbiqi o demək deyil ki, biz qiymətləri artıracağıq. Bu bizə də sərf etməz. Qiymət bahalaşanda biz də məhsulu satmaqda çətinlik çəkirik”.
A.Vəliyev idxal rüsumlarının artırılmasının yerli istehsal şirkətləri üçün əlverişli olduğunu deyib.
"Devalvasiyadan sonra bəzi firmalar bazardan çıxmağa başlayırdı. Çünki onlara belə fəaliyyət sərf etmirdi. İdxal rüsumlarının artırılmasından sonra bazarımız daha da genişlənəcək.
Biz hər zaman yerli tələbatı ödəmişik. İdxal məhsulları isə bizə maneçilik törədirdi. Onlar bazara gətirilmədiyi şəraitdə tərəfimizdən tələbat yüz faiz ödəniləcək. Onsuz da biz tələbatı ödəyirdik, sadəcə xarici mallar bizə imkan vermirdi”.