Son günlər məktəblilər üçün dəftər ləvazimatları bazarında günəbaxan tumlarının reklamlarına rast gəlinir. Belə ki, "Bozbash Pictures" layihəsinin tanınmış aktyoru Elşən Orucovun ("Fəlakət" obrazı ilə tanınan) dəftərlər üzərində "Əla tum" günəbaxan tumlarını reklam etməsi diqqət çəkib. Amma ləvazimarın üzərində hansı nəşriyyatlar tərəfindən çap edildiyi qeyd olunmayıb.
Maraqlıdır, azyaşlılar üçün nəzərdə tutulan ləvazimatlardan reklam məqsədilə istifadə etmək nə qədər doğrudur?
Ələsgər Məmmədli: "Bu, ümumiyyətlə, təhsilə xidmət etmir"
Hüquqşünas Ələsgər Məmmədli məktəblilər üçün hazırlanan ləvazimatların üzərində reklamların yerləşdirilməsi ilə bağlı məsələni Toplumtv.com-a şərh edərkən bildirib ki, bu mövzuya həssas yanaşmaq lazımdır: "Təhsil elə bir sahədir ki, təhsilə yönəlik bütün addımlar diqqətlə ölçülüb-biçilməlidir. Xüsusən də, təhsildə konkret olaraq, azyaşlıların bilavasitə istifadə etdiyi dəftər və kitab ləvazimatlarına həssas yanaşmaq lazımdır. Yəni bu vəsaitlərin üzərinə reklam yerləşdirən zaman və yaxud da onları çap edən zaman mümkün qədər əsas hədəf təhsildən yayınmamağa yönəldilməlidir”.
Ekspert qeyd edib ki, bu məsələ hüquqi baxımdan doğru deyil: "Məsələyə hüquqi aspektdən yanaşdıqda "Reklam haqqında qanun”un 12-ci maddəsində biləvasitə azyaşlılara və yetkinlik yaşına çatmayan şəxslərə yönəlik reklamlarda zərərli reklamlar qadağan edilir”.
Onun fikrincə, Təhsil Nazirliyi və digər qurumlar bununla bağlı tənzimləyici normalar müəyyən etməli və bu məsələyə məsuliyyətlə yanaşmalıdırlar: "Təhsil Nazirliyi təhsil prosesində keyfiyyətlə bağlı müəyyən qaydalar müəyyən edir, normalar gətirir. Bu dəftərlər Azərbaycan bazarında satışa çıxarılırsa, bunun məqsədi uşaqların istifadəsi üçün nəzərdə tutulub. Bununla bağlı standart müəyyən edə bilər, maarifləndirici və düşündürücü aspektləri olmayan bütün reklamlar qadağan olunar. Məsələn, hansısa maraqlı kitabın və ya uşaq ədəbiyyatının reklamının olması başa düşüləndir. Tum və ya digər məhsulların dəftər üzərində reklamı, ümumiyyətlə, təhsilin məqsədinə xidmət etmir. Bu baxımdan da Təhsil Nazirliyi, xüsusilə, xaricdən gətirilən material və avadanlıqlarla bağlı Gömrük Komitəsi, daxili istehsal ilə bağlı Vergilər Nazirliyi və ya İqtisadi İnkişaf Nazirliyi kimi əlaqəli nazirliklərlə birgə tədbir görərək nəzarət edilə bilər. Bunlar vasitəsi ilə ortaq standartlar müəyyən edilməlidir ki, hədəf kütləsi öyrənən təbəqə - gənclər və məktəblilər olduğu üçün artıq onların inkişafına yönəlik reklamlar olsun və ya olmasın".
Nabatəli Qulamoğlu: "Bu, uşaqların hüquqlarının qorunmasına müdaxilədir"
Təhsil eksperti Nabatəli Qulamoğlu da mövzu ilə bağlı açıqlamasında bu cür reklamlara qarşı aidiyyatı orqanların reaksiya verməli olduğunu qeyd edib: "Bu, uşaqların hüquqlarının qorunmasına müdaxilədir. Bunun təhsil tərəfi bir o qədər də geniş olmadığına görə hesab edirəm ki, Təhsil Nazirliyi mütləq buna reaksiya verməli, aidiyyati orqanlara məktub yazılmalı və həmin şirkətlərə cərimə kəsilməlidir. Cəzasızlıq olduğu üçün bu cür hallar da baş verir. Nəinki Təhsil Nazirliyi, saysız-hesabsız uşaq təşkilatları var ki, bu, onların da məsuliyyətindədir. İlk növbədə bununla məşğul olan QHT-lər iş görməlidir”.
Təhsil Nazirliyinin ictimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehov isə bu məsələni şərh etmək istəməyib.
O, "Axı bu ləvazimatlar məktəblərdə istifadə olunur, məktəblilərə satılır" sorğumuza cavab olaraq, bu məsələnin Təhsil Nazirliyinin nəzarətində olmadığını deyib: "Dəftər ləvazimatlarında reklamların olması və kitab bazarı kimi məsələlərə Təhsil Nazirliyi baxmır. Ona görə də bu məsələni şərh etmək istəmirik".