Şəfəqə Doğru » Manşet » İranın Bakıya qarşı “qisas” əməliyyatı: kimlər iştirak edir?

İranın Bakıya qarşı “qisas” əməliyyatı: kimlər iştirak edir?

İranın Bakıya qarşı “qisas” əməliyyatı: kimlər iştirak edir?

Azərbaycan vətəndaşı olan gənc Fərid Səfərlinin İrana getməsi və orada yoxa çıxması olayı assosiativ olaraq 2012-ci ildə eyniadlı şairin – Fərid Hüseynov və onun həmkarı Şəhriyar del Geraninin (Hacızadə) İranda girov götürülməsi olayını yada salır.

2012-ci il ilə 2023-cü il arasında paralellər aparmağa, əlbəttə ki, 11 il fərqlə yalnız təsadüfən Fərid adlı gənclərin girov götürülməsi səbəb vermir – baxmayaraq ki, təsadüf zərurətdən doğur.
2012-ci ildə Azərbaycanda “Avroviziya” mahnı müsabiqəsi keçirilirdi və bu ərəfədə Tehranın Bakıya qarşı bəhanəsi artmış, dini heysiyyata dayanan ritorikaya keçərək, ən sərt təhdidlərə başlamışdı. Doğrudur, hazırkı ilə o dövrü bəziləri müqayisə etmək istyəməz: 2020-ci ilin 44 günlük savaşından sonra İran siyasi iddialar irəli sürür, Azərbaycanla münasibətlər kəskinləşib, xüsusilə 27 yanvar 2023-cü ildə İrandakı səfirliyimizə terror hücumundan sonra yaranan vəziyyətlə 2012-ci ildəki “Avroviziya” qalmaqalı bənzərlik təşkil etməməlidir.
Ancaq məsələ göründüyü kimi sadə deyil: 2011-ci ilin razılaşması vardı, Ermənistanla işğalda olan torpaqların azad edilməsi üçün proseslər aktiv fazaya keçmişdi, hətta sonradan (2014-cü ildə) Belarus lideri Aleksandr Lukaşenkonun dediyi kimi, sülhlə, qansız-qadasız azad edilən ərazilərə görə Azərbaycanın Ermənistana investisiya yatıracağı və bu dalan ölkəni iqtisadi iflasdan qurtaracağı məsələsi gündəmə gəlmişdi.
Bu prosesə gizli şəkildə İranın mane olması həmin dövrdə bilinən hadisə deyildi. Ancaq 2011-ci ildən başlayaraq, İran agentlərinin Azərbaycandakı fəaliyyətinə qarşı xüsusi addımlar atılırdı və bu, 2012-ci ildə açıq müstəviyə keçmişdi – eynilə indiki kimi, “Salamnyus” və “İnteraz” səviyyəsinə yaxın o vaxt da həbslər vardı.
Məhz bu məqamda – 2012-ci ilin aprelin sonunda həmin dövrdə o qədər də tanınmayan gənc şairlər İranda keçirilən şeir festivalına dəvət alırlar və 2 may 2012-ci ildə, Bakıya qayıdarkən həbs edilirlər.
Onlar İrana necə dəvət almışdı?
Fərid Hüseyn və Şəhriyar Hacızadə sonradan mediaya açıqlamalarında bildirirlər ki, ölkədən kənara özlərini və yaradıcılıqlarını tanıtmaq üçün çıxmaq qərarı veriblər, Rusiya və digər ölkələr gündəmdə olub. Bu zaman onlara Binab şəhərində “İşıq” mətbəəsi olan, Azərbaycan şairlərini Güneydə dərc edən Bəhram Sürgündən dəvət gəlib. Dəvətdə şeir festivalında iştiraka görə yolpulu xaric, bütün xərclərin çəkiləcəyi bildirilib. Fəridlə Şəhriyar bu fürsəti dəyərləndiriblər və Təbrizə yola düşüblər.
Şairlər aprelin 29-da axşam saat 22 radələrində Təbrizə çatıb, sonra onları dəvət edən Bəhram Sürgünlə birgə Binab şəhərinə gediblər, aprelin 30-da Marağada olublar, yenidən Binab şəhərinə qayıdıblar və mayın 1-də Təbrizə gələrək Bakıya bilet alıblar. Mayın 2-də axşam 22.30-da Bakıya yola düşən ərəfədə su almaq üçün mağazaya giriblər və həbs ediliblər.
Onların həbsinə Azərbaycan dövləti dərhal reaksiya verdi, İrandan izahat tələb edildi və şairlər azad edilənə qədər XİN daim bu məsələni nəzarətdə saxladı.
Bəs, Bəhram Sürgün kimdir?
Bəhram Sürgünün Azərbaycan respublikasında təbliğatını Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsinin müdiri Sayman Aruz aparıb. 2012-ci il 6 apreldə - gənclərin İranda həbsindən az öncə - Sayman Aruz “Azadlıq” radiosuna müsahibəsində də Bəhram Sürgünün adını xüsusi çəkmişdi.
Sayman Aruz onun şeirlərinin “Ulduz” da daxil olmaqla, ədəbi jurnallarda və saytlarda dərc edilməsinə nail olub, həmin ərəfədə B.Sürgünün kitabını da çapa hazırladığını bildirirdi.
Bu, hələ hamısı deyil!
2011-ci ildə Sayman Aruzun dəvəti ilə Bəhram Sürgünün rəhbəri olduğu “İşıq” mətbəəsinin əməkdaşı, şair Bəhmən Xaliqi Bakıya gəlib və burda media qurumlarına da müsahibə verib.
30 iyul 2011-ci ildə “525-ci qəzet”in qonağı olan Bəhmən Xaliqi “Dünya Azərbaycanlı Yazarlar Qurumunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney şöbəsinin rəhbəri Sayman Aruzun kitab evinin fəaliyyətindəki əhəmiyyətli rolundan” danışır, bildirir ki, çap olunan kitabların böyük əksəriyyəti S.Aruzun sayəsində əldə olunur.
Beləliklə, Azad Yazarlar Ocağının rəhbəri olan Bəhmən Sürgünün “İşıq” nəşriyyatında Sayman Aruzun hansı rol oynadığı, bu mətbəədə hansı kitabların dərc edildiyi (Elçin Əfəndiyevin, Anarın və sairin kitablarının nəşri bu nüfuzlu, həm də vəzifə tutan yazarların – Elçin Əfəndiyev o vaxt baş nazirin müavini idi - qazanmaq üçündür – red.) üzə çıxır.
Şairlərin həbsindən dərhal sonra Sayman Aruzun açıqlamasına diqqət edək. O, mediaya müsahibəsində deyir: “Bəhram Sürgünün şeirləri “Ulduz” jurnalında və digər mətbu orqanlarda, həmçinin saytlarda dərc olunub. Onun şeirlərində Milli Azadlıq Hərəkatının təsirləri və millətçilik məqamları da var. Məhz buna görə onun İranda təqib olunduğu bildirilir. Amma Fərid və Şəhriyarın həbs olunduğu halda onun sərbəst buraxılması şübhə doğurmaya bilməz”.
Digər tərəfdən, Fərid və Şəhriyar 1 mayda Məhəmməd Hüseyn Şəhriyarın oğlu Hadı Behcət Təbrizi ilə görüşmüşdülər. İddia olunurdu ki, ETTELAAT-a gənc şairləri Behcət “satıb”.
Sayman Aruz şübhələrin Şəhriyarın oğlunun üzərində cəmləşməsinə də “yardım” edir. Sözügedən açıqlamasında deyir: “İranda Şəhriyar haqqında film çəkmişdilər. Orada bəzi yerlərdə Şəhriyar təhqir olunurdu. Biz buna etiraz edəndə, o çıxdı və rejissoru müdafiə elədi. Yəni rejimi müdafiə elədi”.
Beləliklə, Sayman Aruz şairlərin həbsində illərdir Azərbaycanda təbliğ etdiyi və kurasiyasında olan “İşıq” nəşriyyatının rəhbəri, şair Bəhram Sürgünü və Şəhriyarın oğlu Behcəti anında ittihamlayır.
Bəhram Sürgünün gənc şairlərin əleyhinə xüsusi xidmət orqanlarında ifadə verdiyi, daha sonra isə efirə çıxaraq, bu gəncləri tanımadığı, “oyuna düşdüyünü” bildirdiyi də xüsusi məqamdır. Press TV-də bu gənclərə qarşı açıq şəkildə çıxış etmidi.
Ancaq həbsdən çox sonra – avqust ayında başlayan məhkəmə prosesində artıq Bəhram Sürgün şairləri müdafiə edəsi olur və onların heç bir günahı olmadığını hətta ağlayaraq deyir. Cəmi 3 ay müddətində Bəhram Sürgünün necə və niyə dəyişdiyi maraqlıdır.
Daha maraqlı olan isə Sayman Aruzun Behcət və Bəhram Sürgünü ittiham etməsinə qarşı elə Fərid və Şəhriyarın çıxmasıdır. Gənc şairlər inadla onları heç kimin “satmadığını” bildirir, nə Bəhramı, nə də Behcəti günahkar görürdülər.
Növbəti sual: Bu “satmaq” məsələsi niyə gündəmə gəlməlidir? Hansı “satmaqdan” söhbət gedir? Şairlər nə ediblər ki, onları “satan” da olsun?
Şairlərin həbsi əməliyyat idi
Gənc şairlərin İranda həbsindən öncə Bakıda iranyönlü KİV-də çalışan Anar Bayramlı və Ramin Bayramov həbs edilmişdi. A.Bayramlı “Səhər” telekanalının, Ramin Bayramov isə “İslamazeri.az” saytının əməkdaşı idi.
“Amerikanın səsi” 22 may 2012-ci ildə tirajladığı məqalədə Şəhriyar və Fəridin həbsinin A.Bayramlı və R.Bayramovun həbsinə cavab olduğuna işarə etmişdi.
Kələfin ucu açılır…
Beləliklə, aydın olur ki, İran xüsusi xidmət orqanları Bakıda həbs edilən jurnalistlərin əvəzinə girov götürməyə qərar verir. Bunun üçün isə “jurnalistlərin əvəzinə şairlər” əməliyyatını həyata keçirir.
Bu əməliyyat da uğurlu olur – çünki həmin vaxt MTN təhlükəsizlikdən başqa hər şeylə məşğul idi. İndi isə belə bir əməliyyatı keçirmək qəti asan deyil!
Fərid Hüseynovun İrana dəvət edilərkən, heç bir narahatlıq keçirməməsi də başadüşüləndir. O özü də bildirir ki, ilk dəfə 9 yaşında İrana səfərə gedib, ziyarətə, üst-üstə 7 dəfə İranda olub. Yalnız 8-ci dəfə həbs edilib.
Maraqlıdır, 7 səfərdə Fəridi həbs etmək İran xüsusi xidmət orqanlarının ağlına gəlməmişdi?
Girovlar bu cür azad edilir
Avqustdan artıq “açıq məhkəmələri” keçirilən Fərid və Şəhriyar bir il həbs cəzası almışdılar, İran qanunlarına görə, onlar ən yaxşı halda 6 aydan sonra əfv edilə bilərdilər – özləri mediaya açıqlamalarında belə deyirlər. Ancaq 4 sentyabrda tələsik azad edilirlər və Bakıya yola salınırlar. Onlar Bakıya çatmamış, 5 sentyabr 2012-ci ildə Bakıda həbs edilən Anar Bayramlı və Ramin Bayramov yuxarı instansiya məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılırlar.
Aydın olur ki, Fərid və Şəhriyar Bakıda həbs edilən İran təbliğatçılarının azad olunması üçün girov qismində istifadə edilib. Bəs, bu “mühüm” girovu İran xüsusi xidmət orqanlarına kim təklif etmişdi?
Bəhram Sürgün “müxalif” düşüncəli olduğuna görə hakimiyyətin təqib etdiyi şəxsdirsə, ona şeir festivalı keçirmək imkanını ETTELAAT necə yaradıb? Onun Azərbaycandan şair dəvət etməsi, onların bütün xərclərini çəkməsi nəyinə lazım idi? Bu imkanları B.Sürgün hardan əldə edib və ümumiyyətlə, Azad Yazarlar Ocağı ondan əvvəl və ondan sonra belə bir təşəbbüsdə, irimiqyaslı xərcdə bulunubmu?
B.Sürgün niyə TV müsahibələrində Fərid və Şəhriyara qarşı açıq çıxış edir, ancaq 3 aydan sonra, 7 avqustda başlayan açıq məhkəmədə gənc şairləri müdafiə edəsi olur?
Niyə Bəhram Sürgünün bu əməliyyatından sonra onun nəşriyyatı ilə əməkdaşlıq davam edir? Necə olur ki, “İşıq” yenə Azərbaycan yazarlarını dərc etməyə davam edir?
Oyun qurulur, ifadələr alınır, açıq çıxış edilir, daha sonra isə danışıqlar nəticəsində Bakıda və Təbrizdə həbs edilənlərin qarşılıqlı azad olunması razılaşdırılır və məhz bundan sonra B.Sürgün gənclərin müdafiəsinə başlayır, onları məhkəmədə göz yaşı tökərək sovunur.
B.Sürgünü azərbaycanlı yazarlara tanıdan, bu prosesi təşkil edənin kim olduğunu artıq yəqin edə bilərsiniz.
Yada salaq ki, Sayman Aruzun Dünya Azərbaycanlıları Konqresinin icraçı direktoru olan həyat yoldaşı Elza İsmayılovanı 2010-cu il 10 sentyabrda Tehrana “müalicəyə” göndərməsi və 22 sentyabr 2010-cu ildə Təbrizdə “pasport şəklinə görə polisə dəvət edilməsi” ssenarisi üzərində oyun qurmasını ötən yazımızda bildirmişdik.
Gerisi artıq xüsusi xidmət orqanlarının işidir…