Şəfəqə Doğru » Manşet » Pensiyaçılar niyə “yoxa çıxırlar”? – SƏBƏB

Pensiyaçılar niyə “yoxa çıxırlar”? – SƏBƏB

Pensiyaçılar niyə “yoxa çıxırlar”? – SƏBƏB

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunda 1 114,2 min pensiyaçı qeydiyyatda olub. Ölkə əhalisinin 11 faizini təşkil edən pensiyaçıların 62,5 faizi yaşa, 24,5 faizi əlilliyə, 13,0 faizi isə ailə başçısını itirməyə görə təqaüd alır.


Əvvəlki illərlə müqayisədə pensiyaçıların sayında azalma müşahidə edilir. Statistika Komitəsinin məlumatlarına əsasən, illər üzrə Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı aşağıdakı kimi olub:

İllər 2019 2020 2021 2022
Pensiyaçıların sayı 1270600 1228000 1200500 1114200
Cədvəldən göründüyü kimi, ötən il pensiyaçıların sayı 2021-ci illə müqayisədə 86 mindən çox, 2019-cu illə müqayisədə isə 156 mindən çox azalıb.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artaraq 372,1 manat təşkil edib və orta aylıq əməkhaqqının 44,3 faizinə bərabər olub. Əmək pensiyasının minimum məbləği 16,6 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.

Pensiya alan şəxslərin sayında azalma müşahidə olunması mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, bu məsələ bir çox amillə əlaqədardır:

“Ümumiyyətlə, pensiya ilə əlaqədar hələ keçən il azalma olmuşdu. Əvvəl pensiya yaşı 63 idi, daha sonra 65-ə qalxıb. Ona görə də müəyyən insanlar gözləməli olurlar. Üstəlik, əvvəllər haqqı olmadan pensiyaya düşənlər olub. İndi nazirlik tərəfindən onlarla bağlı yoxlamalar aparılır”.

Deputat qeyd edib ki, pensiya kəsilsə belə, onun əvəzində tədbir görülməlidir:

“Mən bir neçə dəfə demişəm ki, əgər hansısa şəxsin pensiyasını ləğv edirsinizsə, onu bir başqa işlə təmin edin, yaxud müəyyən yardım ayırın. Bununla da onlar dolana bilsinlər. İnsanların buna ehtiyacı var”.

Bəs pensiya yaşı yenidən azaldıla bilərmi?

Vahid Əhmədov suala cavabında deyib:

“Mən hesab edirəm ki, yenidən bu məsələyə baxılmalıdır. Müzakirə olunmalıdır. Biz beynəlxalq mətbuata, statistikaya baxırıq. Bu mübahisəli məsələdir. Ona görə də pensiya yaşının azaldılması məsələsini müzakirə etmək lazımdır”.  (Modern.az)