Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğvBakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə prosesi sona çatmaq üzrədir.
Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə məhkəmə zalına gətirilən müttəhimlərin qoluna qandal vurulmur. Artıq proses yekunlaşmaq üzrədir. İş üzrə zərərçəkənlər yekun çıxışlar edirlər.
Azpost.info xəbər verir ki, sonuncu prosesdə zərərçəkən Namil Rzayev çıxış edib. O, Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus olan və ibtidai istintaq dövründə üzərinə həbs qoyulan, Bakı Hərbi Məhkəməsində həbsdən çıxarılan bütün mülklərin müsadirə edilməsini xahiş edib. Əlavə olaraq Mövlam Şıxəliyev və digərilərinin barəsində ağır cəza təyin olunmasını istəyib.
Bundan sonra zərərçəkən Zaur Əliyev çıxış edib. 25 il prokurorluq orqanında çalışdığını deyən zərərçəkən qeyd edib ki, Mövlam Şıxəliyev və digər müttəhimlər mütəşəkkil cinayətkar quldur dəstə üzvləri olublar: “10 il ərzində qeyd olunan mütəşəkkil cinayətkar quldur dəstə Azərbaycan vətəndaşlarına qarşı cinayət törədib. Məqsəd də pul qazanmaq, varlanmaq olub. Bundan ötrü Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanası zindan kimi istifadə olunub. Vətəndaşları girov götürüb zindanda saxlayıblar. Ailə üzvlərinə hədə-qorxu gəlməklə pul alıblar. Mövlam Şıxəliyev bu cinayəti təkbaşına törədə bilməzdi. O, ifadələrində deyir ki, kargüzar olub. Lakin fikirini tamamlamır. Demir ki, vətəndaşları gətirib ora çıxaran, işin bünövrəsini özü olub. Baş prokuror Zakir Qaralov, onun birinci müavini Rüstəm Usubov bu cinayətlərin gerçəkləşməsində əlbir olublar.
Fikir verin, bütün zərərçəkənlər demək olar ki, eyni ssenari üzrə həbs olunub, yaxınları ilə danışıqlar başlayıb və razılıq əldə ediləndən sonra xəstə adı ilə azadlığa buraxılıblar. Mənim özümü də qanunsuz həbs edərək zindanda saxlayıblar. Ailəmdəm 100 min dollar alandan sonra ekspertə mənim guya ürək xəstəliyimin olması diaqnozu qoydurmaqla azad ediblər. Mənim nə o zaman, nə bu gün, şükürlər olsun ki, ürək xəstəliyim yoxdur. Bunlar Zakir Qaralovun, Rüstəm Usubovun əli ilə cinayətlərinə qanuni don geydirirdilər. Məni azad edəndən sonra müstəntiq Elşən Murtuzova vəsatətlər verərək açıq-aydın göstərmişəm ki, mənim əməlimdə cinayət yoxdur, olmayıb. 260 manatlıq bir suvenirə görə qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanmasının özü cinayət idi. Bu gün də həmin cinayətlər tam araşdırılmayıb. Bizim barəmizdəki saxta ekspert rəylərinə hüquqi qiymət verilməyib, barəmizdəki saxta hökmlər ləğv olunmayıb. Bu şəkildə istintaqın aparılması Mövlam Şıxəliyev və digərilərinə gələcəkdə barələrindəki qanuni hökmləri mübahisələndirmək imkanları açır. Mənim epizodum üzrə bunlara rüşvət maddəsi ilə ittiham verilib. Mən heç kimə rüşvət verməmişəm. Bu adamlar mən həbsdə olduğum müddətdə ailəmə hədə-qorxu gəlməklə külli miqdarda pul alıblar. Bunlar MTN-də “Əlibaba və 40 quldur” olublar. Səhərlər cinayətləri araşdırma görüntüsü yaradıblar, axşamlar isə cinayət törətməklə məşğul olublar”.
Zərərçəkənin bu sözlərinə Mövlam Şıxəliyev əsəbi şəkildə reaksiya verib:
-Quldur özünsən! Az danış!
Hakim:
-Zaur Əliyev, əmələ biz qiymət veririk, fikirinizi deyin, toxunmayın.
Zaur Əliyev:
-Oldu, toxunmuram. Burada Mövlam Şıxəliyev Avropa Məhkəməsindəki dostlarından danışdı. Dedi ki, istəmirəm ki, Avropa Məhkəməsindəki dostlarıma bu iş gedib çıxsın. O, faktiki olaraq Azərbaycan dövlətini Avropa Məhkəməsi ilə hədələyir. Mövlam Şıxəliyev 2010-cu ildə…
Mövlam Şıxəliyev:
-Hörmətli sədr, bu adam mənim üzümü görməyib. Burada ağzına gələni danışır.
Zaur Əliyev:
-Mən 2010-cu ildə qanunsuz həbs ediləndən sonra Avropa Məhkəməsinə müraciət etmişəm. Bu günə qədər Avropa Məhkəməsindən xəbər yoxdur. Mövlam Şıxəliyev Avropa Məhkəməsindəki dostlarından danışır. İnanıram ki, mənim qovluğum Avropa Məhkəməsindən oğurlanıb.
Zərərçəkən çıxışında üzərinə ibtidai istintaq zamanı həbs qoyulan bütün əmlakların müsadirə edilməsini məhkəmədən xahiş edib. O, əlavə olaraq Xudatda yerləşən, 50 faizi Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Knyaz qızının adına olan “Çobanbulaq” İstirahət Mərkəzinin də üzərinə həbs qoyularaq müsadirə olunmasını istəyib:
-Mənim ailəmdəm pulu alandan sonra Mövlam Şıxəliyev sanatoriyaya istirahətə gedib. Haram xoşu olsun.
Hakim:
-Kənara çıxmayın.
Zaur Əliyev:
Xahiş edirəm ki, bunların barəsində ağır cəza verilsin.
Bundan sonra zərərçəkən Akif Qurbanovun vəkili çıxış etdi. O, müvəkkilinin həbslə hədələnərək ondan 3 milyon dollar tələb edildiyini deyib. Bildirib ki, həmin məbləği Akif Qurbanovdan Vüsal Ələkbərov vasitəsi ilə Mövlam Şıxəliyev tələb edib. 4 ay ölkədən didərgin salınan Akif Qurbanov son nəticədə tələb olunan məbləğin 2 milyonunu verməyə razılaşıb. Pulu Vüsal Ələkbərova verəndən sonra barəsindəki “stop” qərarı ləğv olunub və o, ölkəyə gəlib.
Vəkil vurulmuş ziyanın ödənilməsini, Akif Qurbanovun apelyasiya şikayətinin təmin olunmasını xahiş edib.
Deyib ki, müvəkkili təqsirləndirilən şəxslərin hər birinə elan olunmuş maddələrin sanksiyasının son yuxarı həddində daha ağır cəza təyin olunmasını istəyir.
Vəkilin tələbi müttəhim Yasin Məmmədovu özündən çıxarıb:
-Sən bizi tanıyırsan? Bizi tanıyırsan ki, barəmizdə ağır cəza çıxarılmasını istəyirsən?
Hakim:
-Yasin Məmmədov, əyləşin.
Mövlam Şıxəliyev:
-Yalan danışırlar axı.
Sahib Ələkbərov:
-Ötən məhkəmədə Akif Qurbanov şəxsən mənə dedi ki, apelyasiya şikayətini özü yazmayıb, imza da onun deyil. Adamın mənə, mənim də ona heç bir aidiyyatım yoxdur. Mənim cəzamın niyə ağırlaşmasını istəyir?
Hüseyn Səfərov:
-Otur aşağı, sən deyildin Akifdən də, məndən də 200 min pul istəyən ki, ziyanı qaytarır Mövlam?
Hakim:
-Hüseyn Səfərov, sakit olun. Zərərçəkən Elşən Mədətov, buyurun, çıxış edin.
Elşən Mədətov çıxşında xahiş edib ki, Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyevin ailəsinə qaytarılan əmlakların üzərinə həbs qoyulsun və müsadirə edilsin. Həmin əmlaklar satılaraq ona və digər zərərçəkənlərə vurulan ziyan ödənilsin. Zərərçəkən cəza ilə bağlı hissədə qərar qəbul etməyi məhkəmənin öhdəsinə buraxıb.
Bundan sonra zərərçəkən Ceyhun Seyidovun vəkili çıxış edib. Deyib ki, iş materlaları ilə də, Bakı Hərbi Məhkəməsində də müəyyən olunur ki, müttəhimlər mütəşəkkil cinayətkar quldur dəstənin üzvləridirlər.
Vəkil Ceyhun Seyidovun mülki iddiasının tam şəkildə təmin olunmasını, iddia üzrə məbləğin müştərək qaydada hər 4 müttəhimdən tutularaq ödənməsini xahiş edib.
Daha sonra zərərçəkən Nizami Kazımov çıxış edib. Bildirib ki, onu qanunsuz olaraq həbs edəndən dərhal sonra Vüsal Ələkbrov ondan azad edilməsi üçün 3 milyon dollar tələb edib:
-Həmin məbləği vermək istəmirdim. Məni qanunsuz olaraq həbsdə saxlayırdılar. Yaxınlarıma təzyiq göstərirdilər. Axırda məcbur olub 2 milyona razılaşdım. 1 milyonu aldılar, məni ev dustaqlığına buraxdılar. Sonradan da 1 milyon alıb barəmdəki qondarma cinayət işinə xitam verdilər. Mənə vurulan ziyanın ödənilməsini istəyirəm, verdiyim apelyasiya şikayətini müdafiə edirəm.
Buundan sonra zərərçəkənlərdən bir neçəsinin vəkili olan Osman Kazımov yekun çıxış edib.
Bildirib ki, ittihamda mütəşəkkil cinayətkar dəstədən söhbət gedir:
-Bu gün məhkəmə qarşısında olanlar mütəşəkkil dəstə üzvləri deyil, cinayətkar təşkilat üzvlədirlər. Onlar məhkəmədə çıxışlarında belə fikir formalaşdırmağa çalışdılar ki, guya bütün zərərçəkənlər yalan danışır, bunlar isə həqiqəti deyirlər. Bu məsələyə adi cinayət kimi baxmaq lazım deyil. Burada mütəşəkkil dəstə ittihamı hesab edirəm ki, yüngülləşdirici hal kimi nəzərdən keçirilməlidir. Burada söhbət cinayətkar təşkilatdan söhbət gedir. Mütəşəkkil dəstə bir və ya bir neçə cinayətin törədilməsi üçün bir və ya bir qrup şəxslərin yaratdıqları dəstədir. Burada dəstə başçısı, vasitəçiləri, icraçılar və s olur. Cinayətkar təşkilat isə çoxsaylı cinayətlərin törədilməsi üçün yaradılır. Tək bu iş üzrə 36 nəfər Azərbaycan vətəndaşının hüquqlarına qəsd olunub.
İlk olaraq əməliyyatçılar işə düşür. Adətən gələcək qurbanlarını 6-cı gün həbs ediblər. 6-cı günü seçməkləri təsadüfi deyil. Çünki həmin gün qısa iş günüdür. Tutulan şəxs həmin gün vəkillə müqavilə bağlaya bilmir. Sonra da bazar günü də həbsdə qalır. Danışıq aparıb sıxırlar lazımi qaydada, pul məsələsini həll edirlər. Alınmadısa, işi istintaqa götürürlər. Yenə də söhbətlər aparılır, pul tələb olunur.
İttihama görə bu qrupun başında Mövlam Şıxəliyev dayanıb. Pul ala bilmədiklərini Səbayel Məhkəməsinə ötürüb barəsində həbs qərarı alıblar. Bundan sonra da pul tələbi davam edib. Ailə üzvlərinin həbsi məsələsi qoyulub. Özlərinə də deyilib ki, pul məsələsi həll olunmasa, işi məhkəməyə göndərib ağır cəza təyin etdirəcəklər, cəzaçəkmə yerində də ağır şərtlərdə saxlanılacaqsız. Istintaq, məhkəmə, məhkəmə tibb ekspertizası, cəzaçəkmə orqanı, digər məhkəmə bir-biri ilə əlaqədə çalışıblar. Eyni təşkilat olublar. Zaur Əliyev burada çıxış edib dedi ki, onda heç zaman ürək xəstəliyi olmayıb. Amma onu həbsdən ekspertin verdiyi saxta rəy əsasında ürək xəstəsi kimi azad ediblər. Sərdar İsmayılov barəsində də, Əfsəl Həsənəliyev barəsində də saxta ekspert rəyləri verdirməklə pulları alınandan sonra onları azad ediblər. Əfsəl Həsənəliyev həbsdən çıxandan sonra baş prokuror Zakir Qaralova şikayət edib. O da saxta rəyi araşdırmaq əvəzinə Əfsəl Həsənəliyevin barəsində təkrar ekspertiza təyin etdirib və eyni rəyi aldırıb.
Müttəhim Yasin Məmmədov vəkilin Sərdar İsmayılovun adını çəkməsinə etiraz edib:
-Onun adını niyə çəkir? Sərdar ismayılovun vəkili deyil axı.
Zərərçəkən Sərdar İsmayılov:
-Bakı Hərbi Məhkəməsində vəkilim olub, yaxşı eləyir adımı çəkir. Sən mənə qarşı cinayət eləmisən. Düz deyir, həqiqəti deyir.
Vəkil çıxışını davam etdirib:
-Bu adamlar Əfsəl Həsənəliyevi qanunsuz həbs edəndən sonra evini banka girov qoyublar və pulunu götürüblər. Bu sübut deyil? Necə olur ki, Əfsəl Həsənəliyev həbsə alınır, bundan sonra evini banka girov qoyub pul götürürlər? Nizami Kazımov həbsə alınandan sonra maşınlarını, mülklərini satırlar?
Əfsəl Həsənəliyevlə bərabər Elman Məsimov, Sərdar İsmayılov, Orxan Abdullayev və Məcid Anqubazov həbs olunublar. Saxta ittihama görə cinayətin təşkilatçısı Sərdar İsmayılov olub. Bu adamları həbs edəndən sonra Əfsəl Həsənəliyevdən, Elman Məsimovdan, Sərdar İsmayılovdan, Orxan Abdullayevdən pulları alınıb. Sürücü olan Məcid Anqubazovun isə tələb olunan pulu vermək imkanı olmayıb. Ona görə də onu 1 ildən çox həbsdə saxlayıblar və iş məhkəməyə göndəriləndən sonra məhkəmə zalından azad ediblər.
İşdə Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayevin məktubu var. Həmin məktubu o, Mövlam Şıxəliyevə yazıb. Yazır ki, Sərdar ismayılova məxsus olan mal gömrük nəzarəti altında tranzit olaraq Azərbaycan ərazisindən keçməklə İrana gedir. Bu məktub işin içində də var. Malı qaçaqmal kimi saxlamanız qanunsuzdur. Yəni gömrük nəzarəti altında Azərbaycan ərazisindən keçən malı zorla gömrükçülərin əlindən alıblar.
Zərərçəkən Əhməd Mirzəyevi qanunsuz həbs edərək 400 min dollar pul alıblar. Burada onun qardaşı da, digər şahidlər də dindirildi. Onun həbsdən azad edəndən sonra da əl çəkməyiblər. Obyektindən tikinti-təsərrüfat təyinatlı mallar götürüblər. Ondan uzun müddət əl çəkməyiblər. Mövlam Şıxəliyevin sürücüsü deyir ki, mən gedib özüm üçün götürmüşəm. Amma sürücü barədə heç bir tədbir görülməyib. Mövlam Şıxəliyevə kostyum, saat, telefonlar, silah, gödəkçə aldırıblar.
Mövlam Şıxəliyev:
-Səviyyəsiz söhbətlər eləmə.
Vəkil:
-Səviyyəsiz başqasına gödəkçə aldırandır. Başqasına saat, silah aldırandır. İşdə Vüsal Əliyevin qardaşının ifadəsi var. Deyir ki, bəli, silahı Vüsala veriblər. Halbuki, o, qardaşının əleyhinə ifadə verməyə bilərdi. Vəkil bildirib ki, Mövlam Şıxəliyev hazırki iş üzrə zərərçəkənlərə vurulan ziyanı ödəmək əvəzinə vəkil Elçin Qəmbərova 500 min manat rüşvət verməklə məhkəmə dövründə azadlıqda qalmağa çalışıb.
Halbuki həmin məbləği ödəməklə azı 5 zərərçəkənə vurulan ziyanı ödəmək olardı. Bu adamlar istintaq, məhkəmə dövründə cinayətlərini etiraf etmədilər, üstəlik zərərçəkənləri hədələməkdən də çəkinmirlər. Belə olan halda, səmimi etiraf yoxdursa, barışığa cəhd olunmursa, məhkəmə nəyi əsas götürüb bu adamlara aşağı həddə cəza təyin edib? Biz bunu bilmək istəyirik. Cəza ədalətli olmalıdır. Bu adamlar zərər vurduqları şəxslərlə barışmaq niyyətləri belə yoxdur. Üstəlik 500 min manat aparıb rüşvət verir ki, məhkəmə dövründə azadlıqda qalsın.
Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov müdaxilə edir:
-Bunun nə aidiyyatı var?
Osman Kazımov:
-Xahiş edərəm ki, siz sakit oturun, siz bu işdə şahid qismində dindirilmisiz. Mövlam Şıxəliyev oğlu vasitəsi ilə bu iş üzrə barəsində qəti imkan tədbirini dəyirmək üçün vəkil Elçin Qəmbərova 500 min rüşvət ötürüb. Siz isə onun oğlunu Elçin Qəmbərovla tanış etmisiz. İşdə şahidsiniz. Üstəlik həmin pulu Elçin Qəmbərov dələduzluqla ələ keçirib. İndi də məhkəməsi gedir, pulu qaytarıb. Üstəlik dövlətə də 250 min pul qayatırlıb. Bu pullar haradan qazanılıb? Aydındır ki, orada 250 mini Elçin Qəmbərov ödəməyib, onu vəziyyətdən çıxarmaq üçün verdirblər. O pulların da üzərinə həbs qoyulmalıdır. Çünki həmin pullarla Zaur Əliyevin, Əfsəl Həsənəliyevin, Sərdar İsmayılovun, Qulam Bağırovun və digər bir zərərçəkənin zərərini ödəmək olardı. Bunun əvəzinə prokurorluğa 500 min rüşvət vermək istəyirlər. Nəticə də göz qabağındadır.
Vəkilin sözləri Mövlam Şıxəliyevi özündən çıxarıb:
-Osman Kazımov, orada yazılıb ki, mən kiməsə pul vermişəm?
Zaur Əliyev:
-Bəli, yazılıb ki, sənin barəndə həbs qəti imkan tədbirinin dəyişdirilməsi üçün 500 min rüşvəti oğlun aparıb Elçin Qəmbərova verib. Al, bu da həmin hökm.
-Sox gözünə, mənə lazım deyil.
-Danışığına fikir ver.
-Qələtini elə. Aç oxu!
-Sox bəbəyinə.
-Sənin bəbəyinə soxacağam.
-Sənin başın bədəninə ağırlıq edir deyəsən.
Hakim:
-Sakit olun!
Osman Kazımov çıxışını davam etdirib:
-Bu adamlar islah olunmayıblar və olunmaq istəmirlər. Bu adamların etdikləri cinayət Azərbaycan dövlətinə qarşı yönəlmiş cinayətlər olub. Ona görə də dövlət başçısı MTN-i ləğv edib. Sizdən xahiş edərəm ki, Baş Prokurorluğun müsadirə ilə bağlı protestini təmin edəsiz. Zərərçəkənlərin təqdim etdikləri apelyasiya şikayətlərini də təmin etməklə mülki iddialar üzrə zərərin tam şəkildə ödənməsi qərarı çıxarısınız.
Bundan sonra dövlət ittihamçısı çıxış edib. O, ibtidai istintaqda üzərinə həbs qoyulan əmlakların müsadirə edilməsini xahiş edib. Həmçinin Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlakların da müsadirə olunmasını istəyib. Dövlət ittihamçısı zərərçəkənlərin apelyasiya şikayətlərinin əsaslı olduğunu və bu səbəbdən də təmin edilməlisini xahiş edib.
Məhkəmə müşavirəyə yollanıb. Qərar aprelin 4-də elan ediləcək.