Şəfəqə Doğru » Manşet » "İrandakı milyonlarla soydaşımız molla rejimi tərəfindən feodal qanunlarla idarə olunur”

"İrandakı milyonlarla soydaşımız molla rejimi tərəfindən feodal qanunlarla idarə olunur”

"İrandakı milyonlarla soydaşımız molla rejimi tərəfindən feodal qanunlarla idarə olunur”

“Fransa türk birliyinin formalaşmasını özü üçün təhdid hesab edir”  

 

“Regionumuzla bağlı bir çox məsələnin taleyi Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq”  

 

Nəsib Məhəməliyev: “Dövlət Təhlükəsizliyi Xidməti terrorizmlə mübarizədə xüsusi peşəkarlıq sərgiləyir”  

 

Millət vəkili Nəsib Məhəməliyev ölkəmizdə və regionda baş verən proseslərlə bağlı Moderator.az-a müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:  

 

-Nəsib bəy, post-müharibə dönəmindən sonra İranın Azərbaycana qarşı ənənəvi düşmənçilik siyasəti açıq müstəviyə keçib. Bilmək istədik ki, İranın ölkəmizə yönəlik düşmənçilik siyasətinin kökündə nə dayanır? Bizi İrana düşmən edən nədir?  

 

-Biz heç vaxt düşmənçilik üçün İrana hansısa bir əsas verməmişik. Müstəqillik əldə etdiyimiz ilk gündən, Ermənistan istisna olmaqla, bütün qonşularımıza münasibətdə sülhpərvər siyasət yürütmüşük. Bu düşmənçilik İranın daxili problemlərindən qaynaqlanır. İran həmişə Azərbaycanı öz ərazisi kimi görmək istəyib.   İranın Azərbaycana düşmənçiliyinin digər səbəbi dövlətimizin tutduğu dünyəvi, sivil, hüquqi dövlət quruculuğu yoludur. Bu gün İranda on milyonlarla soydaşımız yaşayır və onlar molla rejimi tərəfindən orta əsrlərin feodal qanunlarla idarə olunur. Feodal təfəkkürlə idarə olunan dövlət, dünyəvi inkişaf yolunu tutmuş dövləti özü üçün təhlükə olaraq görür. İran görür ki, Azərbaycanda azadlıqdır, ölkəmizdə heç kim başına əmmamə qoymağa, yaxud çadraya bürünməyə məcbur edilmir. Bu, adı İslam olsa da, İslamla heç bir əlaqəsi olmayan rejimi qorxudur və narahat edir. Düşmənçiliyin digər səbəbi də məhz budur.

 

 -Son vaxtlar İran və Rusiya ilə yanaşı, Hindistan və Yunanıstanın da Ermənistanla hərbi əməkdaşlıq əlaqələrini genişləndirdiyinə şahid olmalıyıq. Sizcə ölkəmiz bu əməkdaşlıqdan narahat olmalıdırmı? Yaxın gələcəkdə Azərbaycan bilavasitə və ya dolayısı ilə bu koalisiya ilə qarşıdurmaya cəlb oluna bilərmi?  

 

-Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi mövcuddur. Bu, dərin və hərtərəfli müttəfiqlik müqaviləsidir. Eyni zamanda,  bizim Pakistan və İsrail dövləti ilə də əməkdaşlığımız mövcuddur. Əslində, bu bir blok kimi qəbul edilə bilər.   Hindistanla bizim aramızda bölünməyən nəsə yoxdur. Sadəcə, Hindistan Azərbaycan-Pakistan əməkdaşlığına, Pakistanın 44 günlük Vətən müharibəsində ölkəmizə verdiyi mənəvi-siyasi dəstəyə görə, Ermənistanla eyni mövqedən çıxış edir.   Yunanıstana gəlincə, burada Türkiyə faktoru var. Türkiyə Azərbaycana qardaş dövlətdir. Bizim Türkiyə ilə kədərimiz də, sevincimzi də birdir.   Əslində, tarixən ermənilərlə yunanların çox ciddi düşmənçilikləri olub. Onlar Bizans imperiyasının tərkibində də bir-biriləri ilə düşmənçilik aparıblar. Hər il Yerusəlimdə keçirilən dini mərasimlərdə yunan-erməni keşişlərinin davası, bunun sübutudur. Onları birləşdirən əsas meyar türk düşmənçiliyidir. Eyni zamanda, bu qüvvələrə zəhər verən bəzi Avropa ölkələri, xüsusilə Fransadır.   İranın Ermənistana ciddi dəstəyi var. Fransa da Ermənistana ciddi dəstək verir. Bu iki dövlətin Ermənistanla bağlı, pərdə arxası iş birliyini görürük. Fransanın görə bilmədiyi çirkin işləri İran həyata keçirir.   Biz, ölkəmizin müstəqilliyinə, ərazi bütövlüyünə təhdid təşkil edən istənilən koalisiyaya qarşı mübarizəyə daim hazır olmalıyıq.  Onların atdığı addımlara adekvat addımlar atmalıyıq və Azərbaycan bunun üçün gərəkli gücə malikdir.  

 

 -Vətən müharibəsindən 2 ildən çox vaxt keçsə də, hələ də erməni separatçıları Azərbaycan torpaqlarını tərk etmək istəmir, əksinə, bu torpaqlara əlavə hərbi qüvvələr cəlb edirlər. Sizcə bütün bunlar Azərbaycanı separatizmə qarşı yeni bir müharibəyə sövq edə bilərmi?  

 

-Vətən müharibəsindən sonra Ermənistan kapitulyasiya xarakterli saziş imzalamağa məcbur oldu, hərbi, siyasi və mənəvi baxımdan tam sındı. Lakin elə dünya gücləri var ki, onlar “emrəni məsələsi”nin beynəlxalq gündəlikdən tamamilə çıxmasına imkan vermirlər. Bu, reallıqdır. Bəzi dünya gücləri, o cümlədən Fransa güclü Azərbaycanı, Türkiyəni, xüsusilə də türk birliyinin formalaşmasını özü üçün təhdid hesab edir. Rusiyanın özü də 10 Noyabr Bəyanatının tam olaraq icrasına müxtəlif əngəllər yaradır. İranın təxribatçı rolu da xüsusi qeyd edilməlidir. Bu gün elə situasiya yaranıb ki, bir çox məsələlərin taleyi Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılıdır.   Qarabağda Rusya sülhməramlılarının öz missiyalarına zidd fəaliyyətinə də şahidlik etməkdəyik. 10 Noyabr Bəyanatına görə həmin ərazilərdə bir nəfər də olsun silahlı erməni qalmamalı idi. Lakin bu gün Qarabağda xeyli silahlı erməni mövcuddur və onlar yenidən təşkilatlanmağa çalışır.   Son günlər, Müdafiə nazirliyinin yaydığı videokadrlarda Ermənistandan Qarabağa silah-sursat, mina və hərbçiləri daşıyan maşın karvanları nümayiş olunurdu. Onların qarşısının alınması üçün, bir sıra yollar və strateji yüksəkliklər ordumuz tərəfindən nəzarətə götürüldü. Bu, Azərbaycan tərəfindən atılan zəruri addım idi. Biz imkan verə bilmərik ki, ərazimizdə yenidən terrorçu dəstələr formalaşsın, erməni faşizmi yenidən baş qaldırsın. Biz bu təhlükənin qarşısını addım-addım alırıq.  

 

-Son günlərin ən narahatverici olaylarından biri millət vəkili Fazil Mustafaya sui-qəsdin təşkili oldu. Bu olay Azərbaycana düşmən qüvvələrin hələ də öz məkirli niyyətlərindən əl çəkmədiyinin göstəricisi sayıla bilərmi?  

 

-Millət vəkili Fazil Mustafaya hücum dövlətə hücum deməkdir. Bu, bir terror aktıdır. Azərbaycan daxilində ictimai-siyasi sabitliyin pozulmasına hesablanan bir addımdır. Biz bu hadisədə də cənub qonşumuzun izlərini görürük.   Iranın dövlət siyasətində əsas xətt müxtəlif suveren dövlətlərin ərazisində həmin dövlətlərin əhalisindən gəncləri seçmək, onları maliyyələşdirmək və fars-şiə məzhəbinə bağlı yeni bir din adı altında həmin ölkələrdə bu gənclərdən ibarət terror qruplaşmaları formalaşdırmaqdır. Təəssüflər olsun ki, son illər əsl dindən xəbərsiz xeyli insan İranın təsiri altına düşüb.   Bu hadisə, düşmənlərimizin öz niyyətlərindən əl çəkmədiyini, daim ayıq-sayıq olmağımızın vacibliyini göstərdi.  

 

-Bu terror aktından qısa müddət sonra millət vəkilinə qarşı sui-qəsddə iştirak edən şəxslər ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək həbs edildi. Bu faktın özü güc orqanlarımızın, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlığı kimi qiymətləndirilə bilərmi?  

 

-Son 30 ildə Azərbaycan bütün dünyada ən sabit ölkələr sırasında olub. Ölkəmizdə ictima-siyasi sabitlik uğurla qorunub. Azərbaycanın hüquq-mühafizə orqanları, o cümlədən Dövlət Təhlükəsizliyi Xidməti cinayətkarlıqla, terrorizmlə mübarizədə xüsusi peşəkarlıq sərgiləyiblər. Millət vəkili Fazil Mustafaya sui-qəsd təşkil edənlərin qısa müddətdə həbsi də bu peşəkarlıqdan xəbər verir. Inanıram ki, bu qəsdin sifarişçiləri də gec-tez qanun qarşısında cavab verəcəklər.