Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisinin məsələsi barədə məlumatlıdır.
Shafaqadogru.com xəbər verir ki, bunu APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib ki, BQXK ailələr və müvafiq qurumlarla əlaqədədir: "Məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir.
Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır".
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən aprelin 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb.
Onların Ermənistan ərazisinə keçdiyi və orada saxlandığı məlum olub.
Dünən Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda şiddətli şəkildə döyülməsi, işgəncələrə məruz qalmasını əks etdirən görüntülər yayılıb.