"Son illər Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində vəziyyət kəskin dəyişib".
Shafaqadogru.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, təmizlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda bildirib.
"Təkcə ötən il ölkədə 49 min fərdi ev və 94 min mənzil üzərində mülkiyyət hüququ təsdiq edilib. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanununun qəbulu bu sahədə vəziyyəti xeyli dəyişib. Həmin qanunun icrasına başlanıldıqdan sonra 100 minə qədər ev və mənzil hüquqi aktla təmin edilib", - deyə o qeyd edib.
Bununla yanaşı, sədr deyib ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə düşən mənzillərin sayı digər MDB ölkələrinə nisbətən azdır: "Qazaxıstanda bu rəqəm 62, Belarusda 49 olduğu halda, Azərbaycanda 2018-ci ildə 16,6 olub. Kəskin fərq mənzil və yaşayış fondlarının qeydiyyatının başa çatmaması ilə bağlıdır. Daşınmaz əmlakın qeydiyyat problemi daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. 2011-ci ildə Bakıda keçirilmiş müşavirə və daha sonra verilən sərəncamlar buna sübutdur"
Zahid Oruc deyib ki, Azərbaycanda son 20 ildə mənzil fondunun ümumi sahəsi 1,6 dəfə artıb: "2003-cü 125 milyon m2 təşkil edən bütün mənzil fondu, 2022-ci ildə 200,7 milyon m2-ə bərabər olub. Şəhər ərazi vahidləri üzrə artım 2 dəfə, kənd ərazi vahidləri üzrə 1,5 dəfə artım qeydə alınıb. Əhalinin hər nəfərinə düşən mənzil sayında dinamikaya nəzər keçirəndə artım 1,4 dəfə olub. Son 10 il ərzində isə əhalinin hər nəfərinə düşən sahə mənzil və ev sahəsi 17,6 m2-dən 20 m2-ə çatıb. İqtisadi rayonlardan ən yüksək artım Abşeron-Xızı, ən aşağı artım isə Mil-Muğanda qeydə alınıb.
Dövlət hesabına əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və mənzillərin güzəştlə əldə edilməsi sahəsində görülən tədbirlər nəticəsində dövlət hesabına mənzil alan və yaşayış şəraitini yaxşılaşdıran ailələrin sayı 2000-ci 1 758 olduğu halda, 2021-ci ildə 3 258 olub. Mənzil fondunun qazla təminatı son 20 ildə 82 %-dən 95,8 %-ə, su ilə təminatı 60,7 %-dən 85,1 %-ə, kanalizasiya ilə təminatı 42,1 %-dən 81,9 %-ə çatdırılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, son 10 il ərzində daşınmaz əmlakın təkrar qeydiyyatı 4,5 dəfə, ilkin qeydiyyatı isə 2,9 dəfə artıb"(Report).