Şəfəqə Doğru » Manşet » Rəsmi Bakı `Vaqner` qiyamında susdu: Ruslar buna görə küsüb? - NƏ BAŞ VERİR?

Rəsmi Bakı `Vaqner` qiyamında susdu: Ruslar buna görə küsüb? - NƏ BAŞ VERİR?

Rəsmi Bakı `Vaqner` qiyamında susdu: Ruslar buna görə küsüb? - NƏ BAŞ VERİR?

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Shafaqadogru.com  onunla müsahibəni təqdim edir:

- Zaur bəy, Azərbaycanla Rusiya arasında hazırda gərginlik yaşanır. Həkəri postundakı bayraq olayından sonra hadisələrin bu səviyyəyə qədər inkişafına səbəb nə oldu?

- Cənubi Qafqaz və region ətrafında baş verən proseslərdə bir gərginlik var. Azərbaycanla İran arasında münasibətlərin nizamlanması ilə bağlı müxtəlif mülahizələr olsa da tamamilə sabit və davamlı əlaqələrdən danışmaq hələ mümkün deyil. O cümlədən, Rusiya ilə gərginlik də bu hadisələr fonunda daha açıq görünür. Türkiyə ilə Rusiya arasında bəzi məsələlərə görə gərginlik mövcuddur. Bu da Urkaynanın “Azov” döyüşçülərinin Türkiyə tərəfindən təhvil verilməsi ilə bağlıdır. Türkiyənin bu addımı eyni zamanda İsveçin NATO-ya üzvlüyü ilə bağlı Böyük Millət Məclisində müzakirəsi Moskva və Ankara əlaqələrinə təsir edir. Bu da öz növbəsində Moskva Bakı əlaqələrinə də dolayısı ilə təsir edən amillərdəndir.

- Türkiyə-Rusiya münaisbətlərinin bölgəyə təsirini necə qiymətləndirirsiniz?

- Cənubi Qafqazda tarazlığın qorunması, sabitlik üçün Türkiyə-Rusiya münasibətləri çox vacibdir. Bu kontekstdə Türkiyə-Rusiya və İran münasibətləri birbaşa olaraq Azərbaycanın da həmin ölkələrlə münasibətlərinə təsir edir. Eyni zamanda Azərbaycanın rəsmi Moskva və Tehranla ikitərəfli münasibətləri diqqət mərkəzindədir.

- Azərbaycanla Rusiya arasında bu və ya digər şəkildə həll ediləcək məsələlər nədən ibarətdir?

- Bu gün sülhməramlıların bölgədə qalıb-qalmaması məsələsi də müzakirə edilir. Bununla bağlı rəsmi Bakı qərar verəcək. Amma həmin ərəfədə Ukraynadakı vəziyyətdən asılı olaraq bölgədəki durumu gərginləşdirmək, süni şəkildə ağır şərait yaratmaq müxtəlif ssenarilərə daxil ola bilər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Rusiya arasında bu və ya digər şəkildə həll ediləcək məsələlər var. Bu məsələlərin necə həll ediləcəyi Ukraynadakı müharibədən və Azərbaycan-Rusiya dialoqundan asılıdır.

- Həkəri çayı və keçid məntəqəsi ətrafında Azərbaycanın apardığı işlərə kənar qüvvələrin reaksiyasına səbəb nədir?

- Sülhməramlılarla bağlı, Rusiyanın ayrı-ayrı orqanlarının Cənubi Qafqazda baş verən proseslərə münasibətində bir qədər fərqliliklər var. Amma ümumi baxış fərqlidir. Azərbaycan bayrağına qarşı edilən hərəkət və Həkəri körpüsünün üzərində baş verənlərlə bağlı olaylarda görünən o idi ki, rus sülhməramlılarının burada səlahiyyəti müəyyən məsələlərə çatmadığından orada digər süjetləri də görə bilərik. Hər halda Ermənistan ordusunun orada etdiyi hərəkət, hiyləyə əl atması, bunu da təkbaşına həyata keçirməməsi yadda saxlanıldı. Çünki Azərbaycan Həkəri çayının istənilən yerində öz bayrağını asa bilər.

- Sizcə Azərbaycanın bu məsələlərə səbrlə yanaşması hansı amillərlə bağlı idi?

- Azərbaycan sözsüz ki, özünün təmkinini qorudu. Hətta “Vaqnerin” başçısı Yevgeni Priqojinin öz dəstəsi ilə Moskvaya hücumu zamanı Azərbaycan Qarabağda antiterror əməliyyatları aparmadı. Ölkəmiz sadəcə olaraq bu məsələləri gündəmdə saxladı. Ona görə də, Rusiya tərəfi bu məsələləri əslində qiymətləndirməlidir. Rusiyanın çətin dönəmlərində Azərbaycan bunu özü üçün fürsət saymayıb. Amma Ermənistan Rusiyanın zəiflədiyi dövrlərdə anti-Rusiya kanpaniyası aparıb və ona qarşı bir çox tədbirlərdə iştirak edib.

- Laçındakı sərhət-buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə qanunsuz daşımaların qarşısı alınıb. Sizcə, hümanitar missiya ilə məşğul olan bir təşkilatın davranışı hansı məntiqdən qaynaqlanır?

- Belə görünür ki, BQXK-i və rus sülhməramlıları orada özləri üçün biznes yaradıblar. Çünki hər hansı bir mobil telefonun ölkə ərazisinə daxil olması üçün Azərbaycan qanunvericiliyinə uyğun qaydalar təsbit edilir. Digər keçid məntəqələrindən olan qaydalar Laçındakı posta da şamil edilir. Rusiya, İran, və Gürcüstan sərhəddində hansı qaydalar varsa, Azərbaycan-Ermənistan sərhəddində də bu qaydalar eynidir. Burada da erməni əsilli vətəndaşlar gömrük bəyannaməsinə riayət edərək özlərinə məxsus cihaz və aparatları Azərbaycan ərazisinə keçirə bilər. Fakt isə odur ki, sülhməramlılar və BQXK-i burada özlərinə geniş gəlir şəbəkəsi qurub.

- Azərbaycanın yenidən profilaktik tədbirlər məqsədilə Laçın keçid məntəqəsini bağlamasına reaksiyalar necə olacaq?

- Laçın Azərbaycan ərazisidir və burada olan keçid məntəqəsini ölkəmiz istədiyi vaxt bağlaya və aça bilər. Açıq şəkildə görünən odur ki, Azərbaycan bu keçid məntəqəsinin sülh əməkdaşlıq üçün bir yol olacağını hədəfləyib. Amma təəsüflər olsun ki, erməni tərəfi təxribatlara yol verir. Həmin keçid açıq olduğu halda onun bağlı olması ilə bağlı yalan məlumatlar yayılır. Ona görə də, bu problemləri Azərbaycan və Ermənistan özlərin birbaşa həll etməlidir. Azərbaycan Qarabağda olan yerli ermənilərlə birbaşa dialoqa hazırdır. Çünki burada üçüncü tərəflər öz maraqlarını diqtə edir və bununla da proses uzanır. Amma Qarabağdakı ermənilər Azərbaycan dövləti ilə birbaşa təmas qurub öz məsələlərini tez bir zamanda həll etsələr bu onlar üçün daha yaxşı olacaq.