Azərbaycanda yeni virus təhlükəsi: Həkim xəbərdarlıq etdi
Bəzi ölkələrdə COVID 19-un “Omicron” ştammının başqa bir variantı “Eris” meydana gəlib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, artıq dünyanın 51 ölkəsində yeni virus növü aşkarlanıb. Qonşu Rusiyada da yoluxmalar qeydə alınıb.
Mərdan Əliyev Demokrat.az-a açıqlamasında qeyd edib ki, yeni virusun ölkəmizdə də yayılma ehtimalı var.
“Yəqin ki, payızda bu virus dünyada dominant olacaq. Azərbaycanda da yayıla bilər. Lakin hansı formada olacağını demək hələ tezdir. Düşünürəm ki, ciddi ağırlaşmalara səbəb olmayacaq. Yaponiya, Çin kimi ölkələrdə vəziyyət daha ciddi ola bilər”.
M.Əliyev bildirib ki, risk qrupuna aid olan insanlar daha ehtiyatlı olmalıdır:
“Payızda kəskin respirator virus infeksiyaları, həmçinin koronavirusa yoluxma halları arta bilər. Bizdə artıq koronavirusa qarşı kollektiv immunitet formalaşıb. Demək olar ki, hər kəs bu xəstəliyə yoluxub. Yeni varianta yoluxanlar xəstəliyi daha yüngül keçirəcək. Risk qrupuna daxil olan şəxslər – xroniki xəstəlikləri, ağ ciyər xəstəliyi, qara ciyər serrozu olanlar, revmatoid artriti olanlar, hansı ki, immun sistemini zəiflədən dərmanlar qəbul edirlər və yaşı 65-dən yuxarı olanlar üçün yeni virus təhlükəli ola bilər”.