NATO sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsini nəzərdən keçirmir
Bunu NATO-nun siyasi məsələlər və təhlükəsizlik üzrə beynəlxalq heyətinin üzvü Ştefan Elqersman deyib.
Həmçinin o əlavə edib ki, NATO sülhməramlılarının Qarabağda yerləşdirilməsi siyasi qərarlardan asılıdır. Ştefan bu barədə yeni regional vəziyyət, Türkiyə-Rusiya arasında münasibətlərin gərginləşməsindən sonra "NATO ərazidə balansı saxlamaq üçün sülhməramlı qoşunlarını Qarabağa yerləşdirə bilərmi?” sualını cavablandırarkən danışıb.
"Mən sülhməramlıların Qarabağda yerləşdirilməsi ilə bağlı hər hansı bir təklifin olduğunu eşitməmişəm. Burada əsas məsələ münaqişənin həlli yoludur. Əgər bu məsələ siyasi yolla həll edilməzsə, siyasi qərar qəbul edilməzsə, bu zaman sülməramlıların Qarabağda yerləşdirilməsindən söhbət gedə bilməz”, – deyə NATO nümayəndəsi əlavə edib.
Münaqişənin, hələ ki, öz siyasi həllini tapmadığını söyləyən Ştefan Elqersman "Biz siyasi həll yolunu dəstəkləyirik, lakin qoşunların yerləşdirilməsi barədə müzakirələr aparmamışıq” deyə diqqətə çatdırıb.
NATO sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin alyansıdır.
Azərbaycanın xarici siyasətində də əsas vəzifələrdən biri Avroatlantik məkana inteqrasiyadır. Ölkə 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə "Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub, 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində iştirak edir.