"Macarıstanın Ukraynaya münasibəti dostcasına deyil, amma iki qonşu dövlət olduğumuzdan ümumi dil tapmağa çalışacağam..."
Bu həftə Macarıstan baş nazirinin Ukrayna prezidenti ilə görüşə razılıq verdiyi bəlli olub
Ukayna prezidentinin Ofisi Orbanla Zelenski arasında danışıqların əsas mövzularını açıqlayıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə "unian.net" nəşri məlumat yayıb.
Məlum olduğu kimi, bu həftə Macarıstan baş naziri Ukrayna prezidentindən müvafiq təklif alıb. Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva bəyan edib ki, onlar iki dövlət arasında münasibətlər kontekstində geniş məsələlər spektrini müzakirə edəcək.
"Danışıqlar ikitərəfli münasibətlərə həsr olunacaq, bu isə təkcə milli azlıqlar deyil, daha geniş spektri əhatə edəcək", - o, deyib.
Jovkva ayrıca olaraq sonuncu problem üzərində dayanıb və xatırladıb ki, Avropa Komissiyasının tövsiyələrinə uyğun olaraq Ukrayna bununla bağlı çərçivə qanunu imzalayıb və sonradan, demək olar ki, bir tövsiyə istisna edilməklə, onun bütün normaları implementasiya edilib.
Onun sözlərinə görə, Zelenskinin Orbanla görüşündə iqtisadi məsələlər, o cümlədən tranzit məsələsi müzakirə edilə bilər. Jovkva həmçinin qeyd edib ki, hakimiyyət nümayəndələri arasında ən səmərəli danışıqlar "təkbətək" baş verir.
"Şübhəsiz, biz bu səfərə hazırlıq görəcəyik və komandalar işləyəcək", - o, vəd edib.
Zelenski mətbuat konfransında Orban haqqında nə deyib?
Dekabr ayında 2023-cü ilin yekunlarına həsr edilən mətbuat konfransında Zelenski əvvəllər müxtəlif beynəlxalq platformalarda görüş zamanı Orbanla nədən danışdığını deyib.
O, dəqiqləşdirib ki, onlar heç vaxt Ukraynada atəşin dayandırılması və Putinlə "sülh haqqında" müzakirələr aparmayıb.
Eyni zamanda Zelenski etiraf edib ki, Macarıstanın Ukraynaya qarşı münasibəti "dostcasına" deyil.
Lakin prezident vurğulayıb ki, biz iki qonşu dövlətik, ona görə də o, Macarıstanla ümumi dil tapmağa çalışacaq.