Şəfəqə Doğru » Manşet » Dünya “su müharibələri”nin astanasında

Dünya “su müharibələri”nin astanasında

Dünya “su müharibələri”nin astanasında

Azərbaycanda su qıtlığı yaranması riski varmı?
Gün ərzində nə qədər su istifadə etdiyinizi heç düşünmüsünüz? Həm içmək, həm də suvarma
üçün istifadə etdiyimiz suyun həcmini hesablasaq, gündə 1 nəfərin payına təxminən 165 litr su
düşür. Hələ istifadə etdiyimizdən başqa, israf etdiyimiz suyun həcmini saymadıq. Elə insanlar
var ki, gün içində israf etdiyi suyun miqdarı istehlak etdiyi sudan daha çoxdur. Məhz bu cür
insanlar üçün müxtəlif kampaniyalar, təbliğat proqramları keçirilir. Hətta demək olar, hər gün
istifadə etdiyimiz ictimai yerlərdə, metro stansiyalarında böyük plakatlarda “Suya qənaət edək!”
yazılarının önündən keçir, amma heç görmürük. Görsək də, fikir vermirik. Sadəcə, görüb, keçirik.
Təəssüf ki, hələ də məsələnin ciddiyyətini tam olaraq anlamırıq. Evində suyun kəsilmə ehtimalını
düşünüb ehtiyatda su yığıb saxlayanlar o ehtiyat bitdikdən sonra qonşulara müraciət etməyə
başlayır. Amma dünyada su mənbələri tükənsə, nəinki insanlar, heç ölkələr də bir-birinə müraciət
edə bilməyəcək. Onu da nəzərə alaq ki, Azərbaycanın su ehtiyatının 70 faizi xarici ölkələrin
ərazisində formalaşır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir konfransda çıxışı zamanı deyib ki, dünyada su
mənbələri sürətlə azalır: “Əlbəttə, əhalinin artması su qıtlığına təsir göstərir. Yağıntının
miqdarında isə heç bir dəyişiklik olmur. İqlim dəyişikliyi ilə bağlı olaraq dünyada təbii
fəlakətlərin də sayı artır. Fikir verirsinizsə, son vaxtlar yanğınların, zəlzələlərin, daşqınların
sayı artıb”.

Cənab Ərdoğan deyir ki, hərəkətə keçməsək, daha ağır nəticələrlə üzləşə bilərik: “Sudan
qənaətlə istifadə etmək lazımdır. Bu, seçim deyil, məcburiyyətdir”.
Suyun təminatı, istehlakı və s. məqsədlərlə Azərbaycanda müxtəlif tədbirlər görülür. Hətta 2020-
ci il tarixli 2178 nömrəli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə
tədbirlər haqqında” Prezident İlham Əliyevin sərəncamı da var. Sərəncam ölkə ərazisində su
çatışmazlığı və su anbarlarında yaranmış vəziyyəti nəzərə almaq, su ehtiyatlarını artırmaq,
istehlakçıların içməli su və suvarma suyu ilə təchizatını yaxşılaşdırmaq, həmçinin ekosistemin
inkişafı ilə uyğunluğunu təmin etmək məqsədi ilə imzalanıb. Eyni zamanda sərəncamda 10
ədəd yeni su anbarı, 20 ədəd suvarma kanalı, 1 ədəd korrektor dirəmə şəbəkəsi, 1 ədəd də
hidroqovşağın yenidən qurulması nəzərdə tutulub.
Xəzər Universitetinin Ekoloji Tədqiqat Mərkəzinin direktoru, ekoloq, su mütəxəssisi Rövşən
Abbasov Pressklub.az saytına açıqlamasında bildirib ki, son 10 ildə Azərbaycana xarici
ölkələrdən gələn suyun miqdarı 2 dəfəyə yaxın azalıb.
“İnsanların artımı suya olan tələbatı da artırır. Bütün ölkələrdə suya tələbat artıb. Bunun səbəbi
insan artımı ilə yanaşı, ərzaq istehsalının artması və insanların yaşayış tərzinin dəyişməsidir”.
Ekoloq deyir ki, hazırda dünyada urbanizasiya prosesi gedir. İnsanlar kənd yerlərini tərk edib,
kütləvi halda şəhər yerlərinə köçürlər. Şəhərlərdə isə su istehlakı kənd yerlərinə nisbətən çox
yüksək olur. İnsanların yaşayış səviyyəsi nə qədər yüksəlirsə, yaşayış mühiti dəyişirsə, onların
suya tələbatı da artır.
Rövşən Abbasovun sözlərinə görə, Azərbaycan, eləcə də Türkiyə bu qəbildən olan ölkələrdir.
Bizim su ehtiyatının 70 faizi xarici ölkələrin ərazisində formalaşır. Son 10 ildə Azərbaycana
xarici ölkələrdən gələn suyun miqdarı 2 dəfəyə yaxın azalıb.
Abbasov deyir ki, su üstündə bir çox ölkələr arasında gərginlik var. Türkiyə, Gürcüstan,
Ermənistan, İranda suya olan tələbat getdikcə artır. Bu isə əlbəttə, ölkələr arasında müəyyən
gərginliklərə gətirib çıxarır. Məsələn, Türkiyə ilə Suriya və İraq, Tacikistanla Özbəkistan, Efiopiya
ilə Misir arasında suya görə gərginlik var.
Müsahibimiz deyir ki, su getdikcə daha qiymətli resursa çevrilir və elə həddə çata bilər ki, su
üstündə daha böyük münaqişələr yaransın: “Su qıtlığının qarşısını almaq üçün əsas yol suya
qənaətdir. Quraqlığa uyğunlaşmış kənd təsərrüfatı qurulmalı, ölkələrarası müqavilələr
imzalanmalıdır. Bizdə su itkisi çoxdur. Bunların qarşısı tədricən yox, tam formada alınmalıdır”.
Deməli, suvarma suyu ilə bağlı dünya həyəcan təbili çalır. Azərbaycanda da bu risk gözlənilir.
Görəsən, içməli suyun vəziyyəti nə yerdədir?
Yeri gəlmişkən, içməli su təminatı ilə Azərsu Açıq Səhmdar Cəmiyyəti (ASC) məşğul olur.

Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Pressklub.az-a açıqlamasında bildirdi ki, hazırda
ölkənin şirin su ehtiyatlarının cəmi 2-2,2 faizi içməli suya yönəldilir: “Bu baxımdan, içməli su ilə
bağlı sıxıntı yoxdur”.
Azərbaycanda suvarma suyuna isə yeni yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
nəzarət edir və suyun təminatı prosesini həyata keçirir. Azərsu ASC bildirdi ki, içməli su ilə bağlı
problem yoxdur. Görəsən, suvarma su təminatında vəziyyət nə yerdədir?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Riad Axundzadə mövzuya aydınlıq gətirib.
O, Pressklub.az-a açıqlamasında deyib ki, nə su mənbələri, nə də su ehtiyatları tükənir.
“Qlobal iqlim dəyişikliklərinin təsirləri, bütün dünyada olduğu kimi, Azərbaycanda da müşahidə
olunur. Azərbaycan bu baxımdan riskli ölkələr qrupunda yerləşir. Ölkənin su ehtiyatlarının
təxminən 70 faizi ölkə xaricində formalaşır”.
Müsahibimiz deyir ki, Kür, Araz, Samux çayları başda olmaqla, ümumilikdə 21 transsərhəd
çayları vasitəsilə ölkəmizə daxil olan su ehtiyatları yerüstü su ehtiyatlarımızın 70 faizini təşkil
edir. Qalan su ehtiyatları ölkə sərhədləri daxilində yerli çaylardan formalaşır: “Amma
transsərhəd çayların yolboyu keçdiyi bütün qonşu ölkələrdə də, Azərbaycanda olduğu kimi,
qlobal iqlim dəyişikliklərinin təsirləri müşahidə olunur. Nəticədə buxarlanma, sudan istifadənin
artımı və s. səbəblərdən bu çayların axını istiqamətində sonuncu ölkə – Azərbaycana daxil
olan su ehtiyatlarında son illərdə müəyyən azalmalar müşahidə olunur”.
Onun sözlərinə görə, təxminən son 30 ildir ki, Qarabağ və Şərqi Zəngəzur vilayətlərinin su
potensialından istifadə edə bilmirdik. Yaxın gələcəkdə isə ondan yararlana biləcəyik: “Qarabağın
ümumi su ehtiyatları 2.1 milyard kub metr həcmində dəyərləndirilir. Bu ehtiyatlardan səmərəli
istifadənin təmin edilməsi məqsədilə ümumilikdə 9 ədəd su anbarı və onlardan qidalanan
kanalların əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulmuşdur. Artıq bu istiqamətdə 5 ədəd
– Xaçınçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının
yenidən qurulması işlərinin son mərhələsindəyik. Anbarlar təmir ediləndən sonra bu suların
anbarlarda toplanması və qənaətlə istifadə edilməsi əsas hədəflərimizdən biridir”.
Axundzadə deyir ki, su təminatında problem yaranması proqnozlaşdırılmır. Çünki Dövlət Su
Komissiyası və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu istiqamətdə anbarların iş rejiminin
nizamlanması, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə istiqamətində bir sıra tədbirlər
həyata keçirir. Bununla yanaşı, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, o cümlədən su
ehtiyatlarından səmərəli istifadə məqsədilə önümüzdəki illərdə 10 ədəd yeni su anbarının
tikilməsi, o cümlədən 18 ədəd suvarma kanalı, 1 ədəd hidroqovşaq və 1 ədəd kollektor-drenaj
şəbəkəsinin yenidən qurulması nəzərdə tutulmuşdur.
Su hər bir xalqın əvəzedilməz sərvətidir. Təsadüfi deyil ki, 1993-cü ildən bu günədək hər il martın
22-si Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən, Ümumdünya Su Günü kimi qeyd edilir.
Araşdırmalara görə, dünyada orta hesabla 1,6 milyard insan təhlükəsiz və təmiz su ehtiyatlarına
çıxışda problem yaşayır. Təxminən 4 milyard insan ildə ən azı bir ay su qıtlığından əziyyət çəkir.
Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində 2030-cu ilə qədər hamı
üçün su çağırışı ediləcək. Məlumatlar göstərir ki, yer səthində su qıtlığı artmaqdadır və 2050-ci
ilə qədər dünya əhalisinin yarıdan çoxu su qıtlığı yüksək olan regionlarda yaşayacaq.
Bu qıtlığın qarşısını almaq üçün hər kəs səfərbər olmalıdır. Lazımsız yerə su israfına yol
verməməliyik.
Günay Elşən