Şəfəqə Doğru » Manşet » Bakıda həbs edilən Fransa casusu bu işlə məşğul olurmuş - ŞOK DETALLAR

Bakıda həbs edilən Fransa casusu bu işlə məşğul olurmuş - ŞOK DETALLAR

Bakıda həbs edilən Fransa casusu bu işlə məşğul olurmuş - ŞOK DETALLAR
Bir neçə gündür Bakıda həbs edilən Fransa casusu barədə xəbərlər mətbuatın əsas diqqət mərkəzindədir. Martin Ryan adlı şəxs Fransanın Xarici Kəşfiyyat Baş İdarəsinin (DSGE) Bakıdan qovulan iki agenti tərəfindən istifadə edilib.

Shafaqadogru.com -un  məlumatına görə, Martin Ryanın atası Riçard da bu məlumatı təsdiq edib.

"Oğlum bir dəfə mənə ondan istifadə etdikləri barədə danışıb. Bununla oğlum onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş iki diplomata işarə edib", - Riçard Rayan "Agence France-Presse" (AFP) agentliyinə müsahibəsində deyib.

Fransa vətəndaşı 2023-cü il dekabrın 4-də həbs edilib. Məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb. Ryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinir.

Martin Ryan Bakıda qeydiyyatdan keçən "Merkorama MMC"nin baş direktoru olub. Məlumata görə, sözügedən şirkət 2020-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 20 manatdır. MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 13, M8, m. 5-də yerləşir. Şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınıb.

Casusluqda ittiham edilən Martin Ryanın rəhbərlik etdiyi şirkət Azərbaycanda qida məhsullarının topdan satışı ilə məşğul olub. Şirkətin rəsmi hesabında bildirilir ki, əsas hotel, restoran, iaşə obyektlərinə ərzaq məhsulları və xammal idxal edirdi.

Şirkət Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2021-ci ildə qeydiyyata alınıb. Qurum şirkətin qeydiyyatını 2023-cü ilin may ayında ləğv edib.

Martin Ryanın atası Riçard bildirib ki, ailə artıq onunla danışıb: “Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”.

Qeyd edək ki, daha əvvəl qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi ifşa olunub. Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb.

Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələ ki rəsmi açıqlama verməyib. Azərbaycan Fransanın iki diplomatını "persona non grata" elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb. Rəsmi Paris Martin Ryanın əsassız ittihamlarla tutulduğunu iddia edib. Azərbaycan Xarici İşlər Nazirliyi ittihamlara cavab verib.

Bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib.