Şəfəqə Doğru » Manşet » Putinə qaldı dünya...

Putinə qaldı dünya...

Putinə qaldı dünya...

ABŞ-da Putini özünün kumiri elan edən və hər addımda ona tərif yağdıran Donald Trampın prezident seçilməsindən sonra daha iki ölkədə "Putinin adamı” seçkiləri udub

 


 Moldovada keçirilən prezident seçkilərinin ikinci tutunda rusiyapərəst namizəd İqor Dodon qalib gəlib. 

Səslərin 99,9 faizinin hesablanması onun 52,9, qərиpərəst namizəd Maya Sandunun isə 47,71 faiz səs topladığını göstərir. Bu barədə noyabrın 14-də MSK məlumat yayıb.

İqor Dodon prezident seçiləcəyi halda Rusiya ilə strateji tərəfdaşlığı bərpa edəcəyini vəd edib. O, Avropa İttifaqına deyil, "Putin ittifaqına”, yəni Avrasiya İttifaqına inteqrasiyanın tərəfindədir. Maya Sandu isə Rumınya, Ukrayna və Qərblə əlaqələrin möhkəmləndirilməsinin tərəfdarıdır.15 il ərzində Moldovada prezidenti ilk dəfədir ki, xalq seçir. Bu vaxtadək prezidenti parlament seçirdi.

Moldovada rusiyapərəst sosialistlərin liderinin seçkiləri udması elektoratın qərbmeylli siyasətçilərdən və onları əhatə edən korrupsiya qalmaqallarından bezməsi ilə bağlıdır. 2014-ci ildə Moldovanın üç kommersiya bankından Beynəlxalq Valyuta Fondunun ölkəyə ayırdığı 1 milyard dolların offşor şirkətlərə köçürülərək mənimsənilməsi, nəticədə xəzinənin pulsuz qalması hakimiyyətdə olan qərbmeylli qüvvələrin imicinə ciddi zərbə vurub. Həmin vaxt Qərb mətbuatı bu 1 milyardlıq oğurluq əməliyyatını Rusiya kəşfiyyatının təşkil etdiyini yazmışdı.

Bolqarıstanda da Moldovadakı ikinci tur seçkiləri ilə eyni gündə keçirilən prezident seçkilərində  rusiyapərəst namizəd, aviasiya generalı, sosialist Rumen Radev qalib gəlib. Hakim partiyanın namizədi seçkiləri uduzub. Radevin qalib gəldiyi məlum olan kimi baş nazir Boyko Borisov istefa verdiyini elan edib. İndi bu kasıb Avropa İttifaqı ölkəsində qərbmeylli namizədin prezident seçkilərini uduzmasından sonra növbədənkənar parlament seçkilərinin təyin olunacağı gözlənilir. Hərçənd ki, Bolqarıstanda prezident simvolik səlahiyyətlərə malikdir. Bununla belə səsvermənin nəticələri hakim "Gerb” partiyasına etimadsızlıq kimi qiymətləndirilir.

Vaşinqtondakı strateji və beynəlxalq araşdırmalar Mərkəzinin və Sofiyadakı demokratiyanın tədrisi Mərkəzinin oktyabr ayında dərc edilmiş hesabatına görə NATO üzvü olan Bolqarıstanda Moskvanın iqtisadi iştirakı və nüfuzu o qədər güclüdür ki, ölkədə dövlətin Rusiyanın nəzarətinə keçməsi riski var. Belə ki, Rusiya Bolqarıstanda korrupsiyalaşmış biznesmenlər və yerli oliqarxlarla güclü əlaqələr qurub, onlar isə siyasətçilərə təsir göstərir.

Moldovada və Bolqarıstanda "Putinin adamları” seçki yoluyla prezident seçilsələr kiçik Balkan ölkəsi Monteneqroda rus diversantlar qərbmeylli baş nazir Milo Cukanoviçi güllələyib hakimiyyətə moskvayönümlü siyasi qüvvəni gətirmək istəyirdi. Və bu planın qarşısının son anda alındığı haqda artıq yazmışıq.

Monteneqro baş naziri ölkəsinin NATO-ya (həmin NATO-ya ki, "El Pais” qəzetinin ABŞ-dakı seçkilərdən bir gün əvvəl hazırladığı sarkastik "dialoq”da deyildiyi kimi Donald Tramp səlahiyyətlərinin icrasına başlayan kimi onu ləğv edə bilər) və Avropa İtifaqına üzvlüyünə çalışır. Rusiya isə bunu istəmir. Moskva bu ölkəni öz orbitinə daxil olmaq üçün ora böyük investisiyalar yatırıb.

Digər Balkan ölkəsi Serbiyada isə Rusiyanın təsir imkanları o qədər güclüdür ki, Monteneqrodakı baş tutmayan çevriliş planı həmin ölkədə hazırlanmışdı.

Hansı ki, Monteneqrodakı baş tutmayan çevriliş cəhdinin ardınca Serbiyada, baş nazirin evinin yaxınlığında silah arsenalı tapıldı. Baş nazir Aleksandr Vuçiç bunu özünə və ailəsinə qarşı sui-qəsd planı kimi interpretasiya etdi. "Daily Beast” nəşrinin yazdığına görə Vuçiçi öldürmək planının arxasında ruslar dayana bilər, hərçənd ki, bunu sübut edəcək hansısa dəlil yoxdur.

Bir çox digər Avropa ölkələrində də arxasında "Rusiya barmağı” olduğunu deməyə əsas verən hadisələr baş verir. Estoniyada üç partiyadan ibarət hakim koalisiya istefasını elan edib. Çünki koalisiyanın ortaqlarından biri NATO-ya oriyentasiyalı baş nazir Taavi Rıyvasla işləməkdən imtina edir.  Taavi Rıyvas və onun "İslahatlar partiyası” parlamentdə etimad səsverməsini uduzub, nəticədə baş nazir istefa verib. Hökumətin istefaya getməsini üzvlərinin çoxu etnik ruslar olan "Mərkəz partiyası” alqışlayır. Hesab edilir ki, baş nazirin istefası bu Baltik ölkəsinin xarici siyasətində dəyişikliklərə gətirib çıxaracaq. Çünki rusların partiyası yeni koalision hökumətə daxil olmağa hazırlaşır.

Yaxud bu günlərdə Macarıstanda 76 yaşlı ultrasağçı İştvan Gerkos onun evində axtarışa gələn polislərə atəş açıb, birini öldürüb, ikincini yaralayıb. Baş nazir Viktor Orbanın xüsusi xidmət orqanı bu ultrasağçı təşkilatın QRU tərəfindən dəstəkləndiyini iddia edir. Bundan əvvəl isə "Jobik” adlı partiya Rusiya kəşfiyyatı ilə bağlılıqda ittiham olunurdu.

Qeyd edir ki, ABŞ-da Trampın qələbəsindən sonra bir çox Qərbi Avropa ölkələrində də ultrasağçılar fəallaşıb. Məsələn, İtaliyada rusiyapərəst "Şimal Liqası” seçkilərdə qalib gəlmək planlarını elan edib. Fransada ultrasağçıların lideri, Rusiyadan kredit alıb siyasi fəaliyyətini maliyyələşdirən Marin Le Pen də qələbə anonsu verib. Hollandiyada gələn il keçiriləcək parlament seçkilərində isə

 Geert Vildersin qalib gəlmək şansı böyükdür...

Bütün bunlar ABŞ-dakı prezident seçkilərinə Rusiyanın təsirləri barədə müzakirələrin hələ də davam etdiyi bir vaxtda baş verir. Rusiya kəşfiyyatının demokratların seçki qərargahının kompüterlərinə müdaxilə etməsi və Hillari Klintonun əleyhinə kompromatların Rusiya kəşfiyyatı tərəfindən yayılması barədə seçki ərəfəsində Vaşinqtondan verilən rəsmi bəyanat qüvvəsini itirməyib. Hansı ki, seçkilərdə Trampın qalib gəlməsi məlum olanda Rusiyada hamıdan çox sevindilər, hətta Dövlət Dumasında bu xəbəri alqışlarla qarşılayıb yeyib-içmək də verdilər (Jirinovskinin qonaqlığı). Yaxud "The Guardian” yazır ki, Kremlin əsas təbliğat ruporu olan "Rossiya 24”ün redaktoru Marqarita Simonyan Trampın qalib gəldiyini eşidəndə Moskvada Amerika bayrağı ilə bayram yürüşünə çıxmağa çağırmışdı. (Facebook səhifəsindən).

MDB-yə üzv keçmiş sovet respublikalarının çoxdan Rusiyanın orbitinə daxil olduğu nəzərə alınsa baş verən son proseslər Qərbin sözün əsl mənasında çökməsinə, dünyanın yenidən birqütblü olmasına (əlbətdə ki, Putinin liderliyində) gətirib çıxaracaq. Bir halda ki, Putin ABŞ-dakı seçkilərin nəticələrinə bu və ya başqa yolla təsir edə bilib, deməli ondan nə desən gözləmək olar...