Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yerli şöbələrində, layihə institutlarında kütləvi ixtisarlar başlanır
Bu barədə Politika.Az-a verilən məlumata görə, qurumun bütün şöbələrinin və institutlarının ləğvi nəzərdə tutulub.
Məlumatda qeyd olunur ki, Səhmdar Cəmiyyətinin nəzdində iki, Masallı rayonunda Viləşçay, Şəki rayonunda Əyriçay su anbarının istismarı idarələri, Ağstafa rayonunda Ağstafaçay, Lənkəranda Xanbulançay, Tərtərdə Tərtərçay, Füzulidə Mil-Muğan, İmişlidə Bəhrəmtəpə hidroqovşaqlarının istismarı idarələri ləğv edilə bilər.
Səhmdar Cəmiyyətinin nəzdində beş, Yevlax rayonunda Yuxarı Qarabağ və Yuxarı Şirvan, Biləsuvar rayonunda Əzizbəyov, Şəmikir rayonunda Şəmkir, Abşeron rayonunda Samur-Abşeron magistral kanalların istismarı idarələri
Əldə etdiyimiz xəbərdə deyilir ki, "Azdövsutəslayihə” institutu, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu, Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihənin Həyata Keçirilməsi üzrə İşçi Qrup, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti və digər idarələr demontaj ediləcək.
Mənbə qeyd edib ki, rayonlar üzrə suvarma sistemləri idarələri, meşə meliorasiya idarələri, kolektorların istismar idarələrinin də ləğvi plandadır. Bundan başqa, mexaniki suvarma idarələri, melioservis idarələri və s. qurumların struktur islahatları nəticəsində ləğvi gözlənilir.
Politika.Az xatırladır ki, Meliorasiya və Su Təsərrüfatı Agentliyinin KTN-nin tabeçiliyindən çıxarılaraq müstəqil quruma, Açıq Səhmdar Cəmiyyətə çevrilməsi dövlətin maraqlarına deyil, təqaüd yaşına çatmış bir məmurun maraqlarına xidmət edir.
Ekspert hesab edir ki, ən qısa müddətdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin yenidən KTN-nin tabeçiliyinə qaytarılmalıdır ki, vahid aqrar siyasət həyata keçirmək mümkün olsun.
Bu struktur islahat həm də Meliorasiya və Su Təsərrüfatı ASC-nin kadr siyasətinin köhnəlmiş prinsiplərilə aparılmasına son qoya bilər.
Məlumatlara görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli idarələrinə rəhbərləri ASC-nin sədri Əhməd Əhmədzadə məhz bu prinsiplə təyin edir.
Hakimiyyət postneft dövrünü struktur islahatları ilə keçməkdədir. Dövlətin israfçılıq yaradan qurumları ləğv edilir ya da birləşdirilir. Neftin dünya bazarında ucuzlaşması artıq qənaət rejiminə keçməyə vadar edib.
Prezidentin verdiyi fərmanlar və struktur islahatları onların "kürkünə birə salıb”. İlham Əliyevin qərarları məhz ölkənin iqtisadi vəziyyətinə adekvat addımlardır. Bu islahatlar büdcə vəsaitlərinə qənaət etməyə hesablanıb.
Amma yırtıcı və talançı məmurlar mənimsəməyə vərdiş ediblər. Onların idarəçilik sistemi illərdi ki, korrupsiya üzərində köklənib. İndi yeni bir iqtisadi idarəçiliyin başlanması hakimiyyətin yuxarı dairələrinə etiraz etməklə müşayiət olunur.
Bəzi məmurlar giley-güzarını çatdırır, əvvəlki gəlirlərin olmadığını yaxın çevrəsində şikayətlənir. Yaxın günlərdə Azərbaycanda bir neçə dövlət komitəsinin ləğvi də gözlənilir.